Sənətşünas və ifaçı Ruzə İbişovanın kitabı haqqında
Şakərim belədir, yolum doğulub boya-başa çatdığım Masallıya düşəndə imkan daxilində ziyalılarla görüşür, hal-əhval tutur, keçmişdən, gələcəkdən söhbətlər edirik...
Ayıq müəllimin mütaliəsi, mükalimə məharəti sənət və sənətkarlıq barədə, xüsusilə musiqi mədəniyyəti və onun tarixi sahəsində geniş biliyə malik olması qibtə olunasıdır. İş stolunun üstü hər zaman kitablarla dolu olar: filosofların əsərlərindən sənət adamları haqqında nəşrlərədək. Ayıq müəllim nəfəsimi dərməyə imkan vermədi:
- Mirzə, (mənə belə müraciət edir) keçən söhbətimiz yadından çıxmayıb ki... Sən muğamatı musiqi janrı kimi qəbul etmədin. Bax, bu kitabı Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi yazıb. O deyir ki, muğamat pillə-pillə dolğunlaşmış, bitkin bir musiqi janrıdır.
Kitabın üz qabığına nəzər saldım: Ruzə İbişova. “Əbədiyyət notları”.
Təqdir olunası bir işdir ki, son vaxtlar ölkə mətbuatında; televiziya və radio dalğalarında klassik musiqi janrı kimi qəbul olunan muğamlarımız haqqında söhbətlər aparılır, məqalələr yazılır. Mənəvi-mədəniyyət abidəsi sayılan muğamatın təbliği ilə bağlı ölkədə və ölkədən xaricdə nəzərə çarpacaq dərəcədə xeyirli işlər görülür. Muğamımızın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyəti tarixində qürurverici faktdır.
Dövlətin muğam irsinə göstərdiyi diqqət və qayğı bir sıra sahələrdə özünü büruzə verir: müsabiqələr keçirilir, filmlər çəkilir, muğam irsi ilə bağlı kitablar, nəfis albomlar nəşr edilir və s.
Ruzə İbişovanın “Əbədiyyət notları” kitabını vərəqlədikcə ilk növbədə nəzərimi cəlb edən dövrümüzün canlı klassiki, muğam ustadı Əlibaba Məmmədovun bu nəşrin məsləhətçisi olması idi. Bu məqam kitaba marağımı daha da artırdı. Müəllif kitabda klassiklərin muğam haqqında dedikləri fikirlərə tez-tez istinad edərək, bu sənətin müasir vəziyyətinin təhlilinə çalışır, özünün orijinal fikirlərini irəli sürür. Onun muğam haqqında irəli sürdüyü fəlsəfi fikirlər oxucunu düşünməyə vadar edir.
Üzeyir bəy Hacıbəyli - “Muğamat keçmiş dövrlərdən bəri Şərqin, xüsusilə Azərbaycanın klassik musiqi yaradıcılıq nümunəsi kimi tanınır”.
Mirzə İbrahimov - “Muğamat Azərbaycan xalqının əsrlər boyu yaratdığı kamil bitkin musiqidir. Dərin fəlsəfi məzmuna malikdir. Emosionaldır, ehtiraslıdır.
Bülbül - “Muğamat Azərbaycan musiqi dilinin lüğətidir”.
Fikrət Əmirov - “Muğamat yalnız təsnif və mahnıların, oyun havalarının deyil, eyni zamanda opera və baletlərin, hətta simfonik əsərlərin tükənməz çeşməsidir”...
Klassiklərin bu fikirlərini qeyd etdikdən sonra müəllif özünün orijinal fəlsəfi düşüncələrini irəli sürür. Bu məqamlara keçməzdən öncə müəllif haqqında qısa məlumat vermək istərdim.
Ruzə Məhərrəm qızı İbişova Ağdaşın Ləki qəsəbəsində doğulub. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini və Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasını bitirib. İfasında “Mirzə Hüseyn segahı” “Bayatı- Şiraz”, “Bayatı- Kürd”, “Şur”, “Mahur- Hindi”, “Cahargah”, “Xaric segah”, “Kəsmə şikəstə”, “Heyratı” muğamları, bir çox bəstəkar və xalq mahnıları lentə alınıb. Jurnalistlər Birliyinin üzvüdür. Musiqi yaradıcılığına həsr olunmuş yazılarla mətbuatda müntəzəm çıxış edir. Kitabın nəfis tərtibatı, ona muğam ustadı Əlbaba Məmmədovun rəy verməsi, redaktoru - qələm dostum, istedadlı şair Arif Fərzəlinin olması oxucu marağımı daha da artırdı. Bu maraq məni “Əbədiyyət notları” haqqında düşüncələrimi bölüşməyə vadar etdi.
Bəri başdan deyim ki, tanınmış yazarların ünvanına söylənilən yerli-yersiz təriflərdən heç xoşum gəlməz. Odur ki, oxucuların kitab haqqında deyiləcək fikirlərimin səmimiliyinə tərəddüd etmədən inanacağına əminəm.
Öncə kitabın məziyyətləri barədə bir neçə söz.
Birinci, son illər musiqi, xüsusilə muğam haqqında yazılan kitablardan fərqli olaraq, “Əbədiyyət notların”da Ruzə xanımın yazı dili çox aydın, zəngin, səlis və rəvandır. Fikrimcə, muğam haqqında məhz təhkiyə üslubunda yazmaq müəllifin jurnalistlik bacarığına, peşəkarlığına, mövzunu dərindən bilməsinə və onun yazıçılıq məharətinə dəlalət edir.
“Əbədiyyət notları” kitabı müəllifi oxucuya tədqiqatçı-alim, bacarıqlı pedaqoq kimi təqdim edir. Ruzə xanım muğamların qədimliyini, tarixiliyini, ictimai-siyasi təsirini, onun dövrləşməsini, mütəxəssislər arasında bu gün də mübahisəli olan bəzi məqamlarını elmi surətdə izah etməyə çalışır. Müəllimi Nəriman Əliyevin fikrini dönə-dönə təsdiq edərək yazır: “Muğamatın tarixini tapa bilmirəm, bəlkə belə bir tarix də yoxdur. Anlamaq olmur, onu Allah yaradıb, yoxsa bəndə...
Müəllifin təqdimatında muğam insanlığın, bəşəriyyətin ömrüdür. Orada səs, avaz bəmlə zil arasında insan ömrünün mərhələlərini yaşayır. Muğamat çətin bir riyazi misaldır. Əməllərini səhv salsan cavabı düz alınmayacaq”.
Muğamlar arasında çox incə, toxunulmaz sərhədlər var. Muğam dəstgahını dinləyərkən, hər xırdalığın bətnində qərar tutan ilahi istəkdə xalqın milli ağrısını duymalısan. Muğam rişələri ilə soy kökümüzə bağlı olan mədəni irsdir. Bunu anlamaq üçün yaranışdan bəri mənsub olduğun xalqın tarixini bilməlisən. Onun kulturoloji kimliyini tanımalısan. Həyat tərzindən, dini-etik və estetik baxışlarından xəbərdar olmalısan. Öz quruluşuna, ifa tərzinə, təlqin etdiyi hissin mahiyyətinə, dinləyiciyə göstərdiyi bədii-estetik və ruhi təsir cəhətdən “Rast” -mərdlik və gümrahlıq hissi, “Şur” - şən, lirik əhval, “Segah” - məhəbbət hissi, “Şüştər” - dərin kədər, “Cahargah” - həyəcan və ehtiras, “Bayatı-Şiraz” - qəmginlik, “Humayın” - bəşəri kədərin ecazıdır. Müəllif tariximizin aynası olan muğama elə tarixin özüdür deyir. Bu əsrarəngiz mədəniyyət abidəsinin tarixinə vardıqca daxilən böyüyürsən, bütövləşirsən, zamanın gərdişini daha dərindən anlayırsan, insan ömrünün mənasını duyursan, durulursan, saflaşırsan. Belə yanaşmada “Əbədiyyət notlarını” muğam dünyamızın müntəxəbatı kimi adlandırmaq heç də mübaliğəli səslənməzdi.
Ruzə İbişova “Əbədiyyət notları” kitabında Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yer alan musiqi məclislərindən, muğamatın Üzeyir bəy mərhələsindən, muğam sənətini bu günümüzə qədər təbərrük kimi qoruyub zənginləşdirən ustad xanəndələrin həyatını, onların yaradıcılığını dərin məhəbbətlə, böyük ehtiramla qələmə alır.
Lakin “Əbədiyyət notları”nın müəllifinin muğamdakı fəlsəfi düşüncələrınə gəldikdə, bəzi məqamlarla razılaşa bilmirəm. Bu məqamlar barədə fikirlərimi oxucularla bölüşmək istərdim.
Bir daha təkrar edirəm, ictimai-fəlsəfi xüsusiyyətinə görə muğamatı yalnız musiqi janrı kimi qəbul etmək onun mahiyyətini kiçiltmək deməkdir. Muğamat -insanlığın tarixindən, onun ruhi düşüncəsindən doğulan kamil fəlsəfi cərəyandır.
Muğam şəxsən mənə nəyi anladır? Muğam mənə anladır ki, heç də həmişə haqq nahaqqa qalib gəlmir. Dünya zəifləri sevmir. Heç də həmişə həyatını sevgi, məhəbbət, ədalət və haqq yolunda fəda edənlərin haqqını dünya tanımır. Bu dünya verdiyini alan, aldığını qaytarmayandır. Muğam bizə insanlığın kamilləşməsi üçün gör nələri vacib sayır və öyrədir.
“Heyratı”nın, “Mənsuriyyə”nin dili ilə deyir ki, dünyada ədalətli və ədalətsiz haqlar olmur. Bu dünyada alınan və verilən haqların davası gedir. Muğam öyrədir ki, xeyirxahlığı yalnız xeyirxahlar başa düşər. Fərd halında kamil insan olmaq mümkündür, lakin kamil cəmiyyətin formalaşması çox müşkül məsələdir. Ona görə ki, bəşəriyyət hələ muğamın təlqin etdiyi ilahi qanunlarla yaşamağa hazır deyil.
Millətlər içində millətin başını ucaldan onun yaratdığı mədəniyyətdir, bəşəriyyətə göstərdiyi kamillik yoludur. Bu yolun əzəli də sonu da xalqımızın yaratdığı MUĞAM adlı fəlsəfi cərəyandan keçir. İnanıram ki, “Əbədiyyət notları”nın müəllifi gələcəkdə muğamın daha ecazkar-fəlsəfi qüdrətindən yazacaq. Bu yolda ona uğurlar arzulayaq.
Zakir Abbas,
Əməkdar jurnalist