Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin ifaları dinlənilib. Gecəni Əməkdar artist Təyyar Bayramov “Şur” muğam dəsgahı ilə açıb. Gənc xanəndəni Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Qalib Həşimov (ud), Xədicə Həsənova (qanun), Nizami Allahverdiyev (balaban) və Kamran Kərimov (nağara) müşayiət ediblər. Azərbaycan xalq musiqisində əsas muğamlardan biri olan “Şur”u özünəməxsus tərzdə dinləyiciyə çatdıran Təyyar Bayramovun ifası alqışlarla qarşılanıb.
Özbəkistanlı musiqiçi Yulduz Turdıyevanın ifasında səslənən “Şaşmakom” da tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Qeyd edək ki, Təyyar Bayramov 2009-cu ildə Bakıda keçirilmiş I Beynəlxalq muğam müsabiqəsində Qran-pri qazanıb, Yulduz Turdıyeva isə həmin müsabiqədə birinci yeri tutub.