Xəbər verdiyimiz kimi, martın 14-dən 21-dək Bakıda “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçirildi. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festival milli musiqi irsimizin dünyaya tanıdılmasında tarixi hadisə, mədəniyyətimizin növbəti təntənəsi oldu.
Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərini bir daha Azərbaycana yönəltmişdi. Dünyanın 20-dən cox ölkəsinin muğam biliciləri və ifaçıları beynəlxalq festivalda bir araya gəlmişdilər. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqalan etdi.
Festival çərçivəsində martın 15-17-də “Azərbaycan muğamı və Orta Şərq musiqisi” adlı beynəlxalq elmi simpozium, martın 18-20-də isə beynəlxalq muğam müsabiqəsi keçirildi. Martın 20-də Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında müsabiqənin mükafatlandırma mərasimi oldu. Mərasimdə çıxış edən müsabiqənin münsiflər heyətinin üzvü, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi bildirdi ki, artıq ənənəvi olaraq Bakıda keçirilən bu müsabiqə Azərbaycan muğamının inkişafına öz töhfəsini verməkdədir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə reallaşdırılan bu möhtəşəm müsabiqə mədəniyyət sahəsində inkişafın yeni mərhələsinin başlandığından xəbər verir.
Qeyd olundu ki, beynəlxalq müsabiqənin münsiflər heyətinin tanınmış üzvləri - xalq artistləri Arif Babayev, Ramiz Zöhrabov, UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas, bəstəkar Ozan Yarman, amerikalı alim Uilyam Samits və iranlı bəstəkar, musiqişünas Ehsan Xezrlou olduqca gərgin keçən yarışmanı ədalətli qiymətləndiriblər. Diqqətə çatdırıldı ki, “Qran-pri” mükafatına layiqli namizəd olmadığından 1-ci yerin iki ifaçıya təqdim edilməsi qərara alınıb.
Azərbaycanlı xanəndə Ehtiram Hüseynov və İranın-Tehran “Sepehr” ansamblı birinci yerə layiq görülüblər. Onlara fəxri fərman, 15 min avro pul mükafatı və festivalın emblemi təqdim edildi. Müsabiqənin ikincisi olan Çin Xalq Respublikasının Urumçi şəhərinin musiqi qrupu fəxri fərman, 10 min avro və müsabiqənin emblemi ilə mükafatlandırıldı. Üçüncü yerə isə Mərakeşin “Makam” və İordaniyanın “Şərq-bənd” ansamblları layiq görüldülər. Onlara da fəxri fərman, müvafiq olaraq 5 min avro pul mükafatı və müsabiqənin emblemi təqdim olundu.
Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş musiqiçilər də mükafatlandırıldılar. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin “Qarabağ şikəstəsi”nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatı türkiyəli müğənni Yeşim Köksala, Milli Konservatoriyanın xüsusi mükafatı isə özbəkistanlı Camaləddin Avazovun ailə qrupuna təqdim edildi. Xatırladaq ki, müsabiqəyə Azərbaycan, Türkiyə, Özbəkistan, Çin, Hindistan, İordaniya, İran, Küveyt və Mərakeşdən olan ifaçılar qatılmışdı.
“Muğam aləmi” II Beynəlxalq muğam festivalına martın 21-də Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə yekun vuruldu.