Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov Belçika və Hollandiyaya səfər edəcək. Xalq artisti bildirib ki, səfər aprelin 1-dən 5-ə kimi davam edəcək. M.İbrahimov qeyd edib ki, konsertlərdə “Qarabağ triosu” adı altında çıxış edəcəklər. Konsertdə onu əməkdar artistlər - tarzən Elçin Həmidov, kaman ifaçısı Elnur Əhmədov, balabanda Nizami Allahverdiyev, nağarada Kamran Kərimov müşayiət edəcək.
“Qarabağ” triosu əvvəl Belçikada, sonra Hollandiyada konsert proqramları ilə çıxış edəcək. İlk konserti aprelin 1-də Belçikanın Antverpen şəhərində olacaq. Növbəti üç konsert isə Hollandiyada - aprelin 2-də Utrext, 3 və 4-də isə Amsterdam şəhərində olacaq. Konsertlərin təşkilatçısı Hollandiyanın məşhur Troppen Teatrıdır.