“Elə bir muğam yoxdur ki, onun qapısını döyməyim. Amma “Segah” mənə anam qədər, balam qədər yaxındır”. Xalq arasında “Segah Vaqif” kimi tanınan, Səxavət Məmmədov adına “Qarabağ” instrumental ansamblının üzvü, məşhur qarmon ifaçısı Vaqif Əliyev belə deyir.
O, sənətə səhnədən gəlmədi, heç böyük müəllimlərdən də dərs almadı. Fitri istedadı ilə sənətin qapısını döydü, xalqın xeyir-duasını qazandı, milli musiqilərimizi təbii rəngləri, duru səsləri, bütün gözəllikləri ilə xalqa çatdırdı. Odur ki, ifası daima sevilir, alqışlanır. Bu gün Vaqif Əliyevin 50 yaşı tamam olur. Onun ömür yoluna birlikdə nəzər salaq.
“Mənim vuran ürəyim Qarabağdır”
Vaqif Məhərrəm oğlu Əliyev 1961-ci il aprelin 1-də Bakıda anadan olub. Ancaq valideynləri Ağdamın sənətkarlar beşiyi olan - Abdal Gülablı kəndindəndir. Vaqif müəllim deyir ki, o kənddən çox sənətkarlar çıxıb, Aşıq Valehdən Sara Qədimovaya, Səxavətə, Rəmişə və neçə-neçə sənətkarlara qədər. Özünü də bu torpağın övladı sayır, “mənim vuran ürəyim Qarabağdır” deyir. Sənətə gəlişini isə belə xatırlayır:
“Bu gün çox sənətkarlar deyir ki, müəllimim olmayıb, şübhə eləmirəm, mən də onlardan biriyəm. Mənim müəllimim olmayıb. Amma atam balaban ifaçısı, rəhmətlik dayım qarmon ifaçısı idi. Yadımdadır, atamgil məşq edəndə o səsləri, o musiqiləri yaddaşıma köçürürdüm. 6-7 yaşım olanda valideynlərimdən xahiş etdim ki, mənə qarmon alsınlar. Sözümü yerə salmadılar, mənə balaca qarmon aldılar”.
Əslində “Segah Vaqif”in sənətə ilk addımı o gündən başlayır. Vur-tut 7-8 dili olan qarmonu çox keçmir ki, dil açıb danışır. İlk ifası dünyaca məşhur “Cücələrim” mahnısı olur. Özü çalğısından nə qədər zövq alsa da, eyni musiqini dinləmək axır ki, evdəkiləri bezdirir.
“Bir gün dayım bizə gəldi, anam ona mənim barəmdə danışdı. Dayım ifama qulaq asandan sonra dedi ki, görürəm, bu uşağın istedadı var, barmaqları yaxşıdır, mümkünsə, ona böyük qarmon alın. Qarmon qucaqda oturmalıdır, görürsünüz ki, sinəsində çalır”.
Valideynləri cəmi üç notu səsləndirən qarmonun əvəzinə ona böyük “Kazan” qarmonu alırlar. Vaqif yeni qarmonda yeni mahnılar ifa edir.
Günü-gündən sənətə sevgisinin artığını görən Vaqif sənətin sirlərini mükəmməl öyrənmək üçün müəllimə ehtiyacı olduğunu hiss edir. Xalası onu Bakıxanov qəsəbəsindəki musiqi məktəbinə aparır. Vaqifin ifasını eşidən müəllimlər onu birbaşa ikinci sinfə qəbul edirlər. Musiqi məktəbinin III-IV sinfində oxuyanda müəllimi heç bir tərəddüd etmədən dərsi Vaqifə tapşırır, o da öz yaşıdlarını böyük həvəslə öyrədir.
Beşinci sinfi bitirərkən Vaqifin imtahanda çaldığı “Zabul segah” münsifləri heyrətləndirir. Vaqifin gələcəkdə böyük sənətkar olacağına onların heç bir şübhəsi olmur. İllər keçir, müəllimlərinin uzaqgörənliyi özünü doğruldur. Vaqif sənətinin vaqifi kimi şöhrət tapır...
Bu, Vaqifin ifasıdır
Sənətinə olan sonsuz sevgisi ilə yanaşı Vaqif Əliyev illər sonra təhsilini davam etdirir. M.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunu bitirir.
Bir müddət böyük sənətkarımız Əlibaba Məmmədovun “Hümayun” ansamblında çalışır. Sonra məşhur xanəndə, nadir səs sahiblərindən biri Səxavət Məmmədovla uzun illər çiyin-çiyinə “Qarabağ” instrumental ansamblında ən çox sevilən qarmon ifaçısı kimi məşhurlaşır. İldən ilə püxtələşən sənətkar sonralar 7 ilə yaxın Ağadadaş Ağayevlə, mərhum sənətkarımız Məmmədbağır Bağırzadə ilə çalışır. “Niyə sizin ifanıza qulaq asan hər kəs, “bu, Vaqifdir” - deyir. Bunun sirri nədədir?” sualına Vaqif müəllim özünəməxsus tərzdə cavab verir: “Çünki mənim öz yolum var. Sənətə gələn hər kəs öz yolunu tapmalıdır. Belə olmasa o sıradan bir ifaçı olar, sənətdə iz qoya bilməz. Çox arzu edirəm ki, sənətdə hərənin öz yolu olsun”.
Vaqif müəllim deyir ki, gənc olanda böyük qarmon ifaçılarına həsrətlə, arzu ilə baxarmış. “O vaxtlar Zakir Mirzəyevin, Aftandil İsrafilovun ifasına çox qulaq asmışam. Amma sənət baxımından onları təkrarlamaq yox, onların səviyyəsinə ucalmaq istəmişəm. Ürəyimdən keçirmişəm ki, kaş mən də onlar kimi bu sənətdə püxtələşmiş olaydım”.
Vaqif müəllimin ifasını dinləyicilər həm də özünəməxsus ifasına, hər musiqinin ilkin, orijinal üslubunu qoruyub saxlamasına görə sevirlər. “Musiqini, muğamı xalq necə eşidibsə, o cür də xalqa çatdırmaq lazımdır. Xalqın musiqisi əmanətdir, əgər əmanəti sənə tapşırıblarsa, olduğu kimi saxlayıb sahibinə çatdırmalısan. Musiqi xalqın sərvətidir. Mən bu milliliyi qoruyub saxlamağa çalışıram”.
Vaqif müəllim deyir ki, sənət elə qəribə bir aləmdir ki, o aləmə daxil olmusansa bir an da olsun dayanmamalısan, axtarışda olmalısan, sənətini püxtələşdirməlisən, insanların zövqünü oxşamağa çalışmalısan. Çalışdığım qədər istəmirəm əlimdəki bayrağı endirim.
Gün ərzində 3-4 saat məşq edən sənətkar “Məşq eləməsəm barmaqlar da ölər, alət də. Sənətkar alətə canlı kimi yanaşmalıdır. Elə havalar olub ki, qarmonum lap insan kimi susub danışmayıb. Başqaları yox, mən onu hiss etmişəm. Məşq mütləq olmalıdır, fasiləsiz olmalıdır”- deyir.
Ömrünü-gününü sənətə bağlayan Vaqif müəllim 35 il ərzində onun əlindən tutan, yol yoldaşı olan qarmonlarından da danışır:
- İnsan yaşa dolduqca daha çox duyumlu olur. Əvvəllər satdığım, dəyişdiyim qarmonların heç birinin ardınca heyifsilənməmişəm, amma iki-üç qarmonum olub ki, məcbur olub satmışam, birinin də səsi tamam ölüb məcbur olub dəyişmişəm, sonra da çox peşman olmuşam. Allah şahiddir ki, sevdiyim qarmonlardan ayrılanda neçə günlər ağlamışam da...
Vaqif müəllimin ifası ürəyəyatımlı olduğu kimi, özü də həyatda xeyirxah, kövrək, nəcib insandır. Bəzən bir adamla dil tapa bilməyənlər, qarmonun 60 dilini tapan ifaçının səbrinə, hövsələsinə qibtə edirlər. Vaqif müəllim isə buna fitri istedadı sayəsində nail olduğunu deyir. Deyir ki, sənət adamı ifa etdiyi aləti özünə ram eləməlidir, əgər qorxsa, çəkinsə, sən ondan qorxacaqsan, ifa edə bilməyəcəksən.
Bəs, görəsən, qarmon ifaçısına niyə “Segah Vaqif” deyirlər? Bu suala Vaqif müəllim belə aydınlıq gətirdi:
- “Segah” mənim qanımdadır, içimdədir. Onu heç çür içimdən çıxara bilmərəm. Bütün muğamlar mənə doğmadır, elə bir muğam yoxdur ki, onun qapısını döyməyim. Amma “Segah” mənə anam qədər, balam qədər yaxındır. İnsan hara gedirsə getsin, sonda evinə qayıtdığı kimi mənim evim-eşiyim “Segah”dır. “Segah”ın vətəni Qarabağdır. Mən Qarabağ dərdimizi, kədərimizi, qəhərimizi “Segah”la dilləndirirəmsə, əgər mənim ifam kiminsə ürəyinin Qarabağ adlı sarı siminə toxunursa, demək sənətdə nəyə isə nail olmuşam. Qarabağ arzularımızın ünvanıdır.
Bu gün Vaqif Əliyevin 50 yaşı tamam olur. Amma sənətkar ömrü illərə sığmır. Bəzən sənətin bir anı əsrə sığmır. “Segah Vaqif”ə əsrə sığmayan ömür arzulayırıq, bir də Qarabağ torpağında, doğma kəndində, Şuşada onun ifasında “Segah”ı dinləmək istəyirik. Bu arzuya qoşulmayan kimsə varmı?
Təranə Vahid