Bu il böyük macar bəstəkarı və pianoçusu Ferens Listin (1811-1886) anadan olmasının 200 ili tamam olur. Dünya şöhrətli bəstəkarın yubileyi münasibətilə Azərbaycanda tədbirlər keçirilir.
   Bu günlərdə Macarıstanın ölkəmizdəki səfirliyinin, AMEA-nın, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə “Ferens List - dünya mədəniyyəti və sivilizasiyasının fenomeni” mövzusunda konfrans keçirildi. Tədbirdə çıxış edən “Simurq”un prezidenti, professor Fuad Məmmədov bu qeyri-adi istedada malik bəstəkarın dünya mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu nəzərə çatdırdı. Macarıstan səfiri Jolt Çutora isə çıxışında bildirdi ki, Ferens Listin 200 illiyi bütün dünyada qeyd olunur. O, XIX əsrdə yaşasa da, yaratdığı əsərlər indi də dəyərini saxlamaqdadır. Öz virtuozluğuna görə “pianonun akademiki” sayılan bəstəkar bir çox ölkələrdə konsertlər keçirərək Avropa, eləcə də dünya mədəniyyətinə böyük töhfələrini verib.
   Bakı Musiqi Akademiyasının müəllimi Yelena Boqayevskaya “Ferens List imperiyası” mövzusunda maraqlı məruzə ilə çıxış edərək bəstəkarın zəngin yaradıcılığından, böyük vətənpərvərliyindən, gördüyü xeyriyyəçilik işlərindən ətraflı danışdı. Qeyd olundu ki, onun əsərləri indi də möcüzə olaraq qalmaqdadır. Sonra tədbir iştirakçılarına Y.Boqayevskayanın ssenarisi, Macarıstan səfirliyinin dəstəyi ilə çəkilmiş List haqqındakı sənədli film nümayiş olundu, bəstəkarın əsərlərindən parçalar səsləndi. Bakı Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abasquliyev və başqaları konfrans iştirakçılarına məşhur bəstəkar haqqında geniş məlumat verdilər.
   Sonda AMEA-nın vitse-prezidenti Maqsud Əlizadə bir neçə beynəlxalq müsabiqənin qalibi, o cümlədən F.Listin əsərlərinin mahir ifaçısı 12 yaşlı həmyerlimiz, İncəsənət Gimnaziyasının 8-ci sinif şagirdi Minirə Nəcəfzadəni toplantı iştirakçılarına təqdim edib onun uğurlarından danışdı.

   İradə