Cəmilə Qarayusifli: “Ümid edirəm ki, bu hələ uğurlarımın başlanğıcıdır”
   
   11 ildir skripkada ifa etməyi pillə-pillə öyrənən Cəmilə Qarayusifli Bülbül adına orta ixtisas məktəbində təhsil alır. 11-ci sinifdə oxuyur. Xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında “Uşaq Kamera Orkestri”ndə çıxış edib. 
      
   2006-cı ildə isə yeni yaradılmış Dövlət Gənclər Simfonik Orkestrinə (Teymur Göyçayevin rəhbərliyi ilə) daxil olmaq üçün müsabiqədən uğurla keçib. Həmin orkestrlə dünyanın bir çox ölkələrində qastrol səfərlərində, o cümlədən, Parisdə UNESCO-nun səhnəsində çıxış edib. 2008-ci ildə Yeni Filarmoniya Birləşmiş Gənclər Simfonik Orkestrinin tərkibində (dirijor Fuad İbrahimov) Berlində “Young Euro Classic 2008” (Gənc Avro Klassik 2008) festivalının iştirakçısı olub. Hazırda solo ifaçı olaraq festivallara, müsabiqələrə qatılır. Prezident təqaüdçüsüdür.
   Uşaqlıqdan konsert salonlarına, səhnələrə, böyük tədbirlərə alışan bu gənc qız Azərbaycan musiqisinin yüksək peşəkarlıq səviyyəsini bu yaxınlarda iştirak etdiyi beynəlxalq müsabiqədə bir daha sübuta yetirib. Cəmilə Qarayusifli martın 1-12-də Portuqaliyada keçirilən “Gənc ifaçıların beynəlxalq müsabiqəsi”ndə birinci yerə layiq görülüb. Gənc istedad müsabiqə təəssüratlarını bizimlə bölüşdü:
   
   - Müsabiqə Portuqaliyanın Madeyra adasında, Funşal şəhərində keçirilirdi. Bu barədə informasiyanı təsadüfən internetdən tapmışdım. Həm özümü təsdiqləmək, həm də daha çox təcrübə qazanmaq üçün beynəlxalq müsabiqəyə qatılmaq arzusunda idim. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva müsabiqəyə hazırlıq və iştirakım üçün çox köməklik etdi. Bu yarışmada bir çox ölkələr - Fransa, Böyük Britaniya, Sloveniya, Rusiya, Ukrayna, Qazaxıstan və s. iştirak edirdi. Azərbaycan ilk dəfə bu yarışmada təmsil olunurdu.
   Müsabiqəyə böyük maraq vardı. İştirakçılar hər gün Madeyra konservatoriyasında məşq edirdilər. İlk gün yaş qrupumda olan ifaçıları dinləyəndə məyus oldum. Rusiyadan, Böyük Britaniyadan çox güclü rəqiblərim var idi. Bir anlıq mənə elə gəldi ki, müsabiqədə iştirakım mənasızdır. Lakin mənə göstərilən etimadı, müəllimlərimin gözləntisini doğrultmaq üçün layiqli çıxış etməyi qarşıma məqsəd qoydum. Musiqi sənətimizi yüksək səviyyədə nümayiş etdirmək əzmində idim.
   - Müsabiqədə hansı kompozisiyalarla çıxış etdin?
   - Müsabiqədə dəqiq proqram var idi. Hər bir iştirakçı yarım saatlıq proqramla çıxış edərək konsert, virtuoz pyes və sərbəst seçilmiş pyes ifa etməli idi. Mən F.Mendelsonun skripka üçün konsertini, N.Milşteynin “Paqaniniana” əsərini və sərbəst seçimdə Avropa ölkələrinə milli klassik musiqimizi nümayiş etdirmək məqsədilə Qara Qarayevin “Adajio” əsərini ifa etdim. Qara Qarayevin bu əsəri münsiflərdən tutmuş iştirakçılara kimi hər kəs tərəfindən çox bəyənildi, hətta musiqinin notunu məndən istədilər. Bu fakt Qara Qarayevin böyük bəstəkar olduğunun daha bir sübutu idi. İfa etdiyim əsərin “Yeddi gözəl” baletindən parça olduğunu söylədikdə belə dedilər: “Əgər əsərin parçası bu qədər gözəldirsə, balet yəqin ki, möhtəşəmdir”.
   - Münsiflər heyətində kimlər var idi?
   - 13 münsif var idi. Portuqaliya, Danimarka, Rusiya, Yunanıstan, Avstriya və s. ölkələrin məşhur musiqiçiləri idilər. İştirakçılara texnikaya, intonasiyaya, artistizmə və əsərin bütovlüyünə görə bal verilirdi. Bu kateqoriyada, yəni 18 yaşadək ifaçılara “Qran-pri” verilmir. Ona görə də bizim yaş kateqoriyasında “birinci yer” əsas mükafat sayılırdı. Çıxışımdan sonra münsiflərin rəhbəri Eleonora Tkaç (Ukrayna) bu qrupda ən yaxşı proqramın məndə olduğunu dedi. Müsabiqənin bir müsbət cəhəti də o idi ki, ustad dərsləri keçirilirdi. M. Kugel (Belçika) bizə skripka, ifaçılıq sənəti haqda dəyərli məsləhətlər verirdi. Bu cür ifaçılarla canlı ünsiyyətdə olmaq, onlardan ustad dərsləri almaq mənim üçün böyük təcrübə idi.
   - Müsabiqə çərçivəsində bölgü var idimi?
   - Bəli, nəfəs, simli alətlər və piano bölməsi, həmçinin yaş kateqoriyası bölgüsü var idi. 1993-1995-ci il təvəllüdlü gənclər bölməsində Azərbaycan nümayəndəsi olaraq birinci yeri tutdum.
   - Qalib kimi adın çəkiləndə nə hisslər keçirdin?
   - Mən sadəcə şokda idim. Elə güclü ifaçılar arasında birinci olmaq mənim üçün böyük uğur idi. Anladım ki, bu qədər həyəcan, əziyyət öz bəhrəsini verdi.
   - Gələcək planların haqqında danış. Harada təhsil almağı düşünürsən?
   - Bu il orta məktəbi bitirib, Bakı Musiqi Akademiyasına daxil olmaq üçün səylə çalışıram. Xaricdə təhsil haqda da düşünürəm. Dəvətlər də var. Ancaq ilk ali təhsilimi burada almaq istəyirəm. Həmçinin festivallara, müsabiqələrə hazırlaşıram. Ümid edirəm ki, bu hələ uğurun başlanğıcıdır.
   
   Reyhan İsayeva