Bakıda böyük bəstəkarın xatirəsinə həsr olunmuş IV Beynəlxalq müasir musiqi festivalı keçirilir
   
   Aprelin 2-də Bakıda Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı işə başladı. Bir həftə davam edəcək festivalda dünyanın bir sıra tanınmış musiqiçiləri iştirak edir.
   
   Beynəlxalq musiqi forumu ilə bağlı aprelin 1-də Milli Kitabxanada keçirilən mətbuat konfransında festivalın bədii rəhbəri, bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc Qarayev, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva tədbirin miqyası, iştirakçıları barədə məlumat verdilər.
   F.Əliyeva festivalın musiqisevərlərin böyük marağına səbəb olacağını bildirdi: “Festivala dünyanın 10 ölkəsindən tanınmış musiqiçilər gəliblər. Konsert proqramları olduqca maraqlıdır. Bu festival indiyədək adət etdiyimiz ənənələrdən kənara çıxaraq bir sıra maraqlı tədbirlərlə yadda qalacaq. Məsələn, Gənc Tamaşaçılar Teatrında XX əsrin əvvəllərində filmlərə yazılan musiqi təqdim olunacaq. Bu musiqi hər zaman solo pianinonun müşayiətində ifa olunub. Ancaq bu dəfə musiqini Almaniyadan gələn ansambl xüsusi olaraq yenidən hazırlayıb və onunla bir sıra Avropa ölkələrində uğurla çıxış ediblər. İndi Azərbaycan musiqisevərləri də bunu dinləmək imkanı qazanacaqlar”.
   Qeyd edək ki, festivalın işini işıqlandırmaq üçün Polşa, Ukrayna və Almaniyadan jurnalistlər gəliblər.
   * * *
   Aprelin 2-də Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalının açılış mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva Qara Qarayevin adını daşıyan müasir musiqi festivalının ilk dəfə Bakıda, 1986-ci ildə dirijor Rauf Adullayev, bəstəkarlar Qleq Felzer və Fərəc Qarayevin təşəbbüsü ilə təşkil edildiyini bildirdi. Daha sonra festival 1988-ci və 1990-cı illərdə keçirilib. İndi 20 illik fasilədən sonra festival yenidən bərpa edilir.
   Qeyd olundu ki, festivalın zəngin proqramına elmi konfransın keçirilməsi, dünyanın tanınmış musiqiçilərinin konsertlərinin təşkili daxil edilib. Festivalın əsas məqsədi isə müasir musiqinin səsləndirilməsinə geniş yer ayırmaqdır.
   Sonra gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti oldu. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti, professor Rauf Abdullayevdir. Solistləri Nino Jvania (Gürcüstan) və Aleksandr İvaşkin (Böyük Britaniya) olan konsertdə Anton Vebernin, Arif Məlikovun, Olivier Messiaenin, Vladimir Tarnopolskinin və Vitold Lutoslavskinin əsərləri səsləndirildi.
   * * *
   Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı işini aprelin 3-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində konsert proqramı ilə davam etdirib. Konsertdə gənc gürcü pianoçu Nino Jvania böyük alman bəstəkarı Karlhayns Ştokhauzenin əsərlərindən parçalar ifa edib.
   Beynəlxalq müasir musiqi festivalı çərçivəsində daha bir konsert Dövlət Kamera və Orqan Musiqisi zalında oldu. Orkestrin dirijoru Roland Frayzitser, solistləri Fəridə Məmmədova, saksafonda Tomas Şön, violində Bojidara Kouzmanovadır.
   Aprelin 4-də Almaniyanın “Ensemble Ascolta” ansamblı Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında konsert proqramı ilə çıxış edib.
   * * *
   Festival çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, Ensemble Reconsil Wien (Avstriya), Freiburg Percussion Ensemble (Almaniya), Con tempo (Azərbaycan) solo proqramla - gürcü pianoçusu Nino Jvania və alman fleyta ifaçısı Beatrix Vaqnerin çıxışları nəzərdə tutulub.
   Qara Qarayev adına IV Beynəlxalq musiqi festivalında musiqisevərlər XX əsr klassiklərindən Avstriya Yeni Vyana Məktəbi nümayəndələrinin - A.Schönberq, A.Webern, A.Berqin əsərlərini yenidən eşitmək, ötən əsr avanqard cərəyanının görkəmli nümayəndəsi K.Stockhausen, fransız bəstəkarlarından müasir Avropa musiqisinin yaranmasına təkan verən E.Satie və La Jeune France hərəkatının lideri, yaradıcılıq istiqaməti baxımından bu gün də unikallığını saxlayan O.Messiaenin musiqisi ilə tanış olmaq imkanı qazanacaqlar.
   Avropa musiqisində keçən əsrin sonunun aparıcı bəstəkarları olan macar G.Ligeti və polyak V.Lutoslavskinin əsərləri də konsert proqramına daxil edilib. Bakıda ilk dəfə olaraq “spektral” məktəbin nümayəndəsi G.Grisey, Avropa konsert səhnələrində layiqincə təmsil olunan iki rus bəstəkarı V.Tarnopolski və A.Raskatov, eləcə də yaradıcılığı ilə yeni və müasir musiqi anlamı daşıyan bir çox bəstəkarların əsərlərinin səslənməsi nəzərdə tutulub. Festival proqramında müasir Azərbaycan musiqisinə də yer ayrılıb.
   Ümumilikdə konsert proqramlarına Azərbaycanla yanaşı Almaniya, Fransa, Rusiya və digər ölkələrdən 50-dək bəstəkarın əsəri daxil edilib. Bu bəstəkarların sırasında sənətdə ilk addımlarını atan gənclər də var.
   Festival aprelin 8-dək davam edəcək.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar