Bakıda keçirilən Qara Qarayev IV Beynəlxalq müasir musiqi festivalı bir sıra ölkələrdən gəlmiş maraqlı, istedadlı iştirakçıları ilə diqqəti cəlb edir. Festivalda Avstriyada yaşayan yaponiyalı vokalçı xanım Kaoko Amano da iştirak edir. O, 2006-cı ildə Avstriyanın paytaxtı Vyanadakı «Kameropera» teatrının səhnəsində tamaşaya qoyulan «Arşın mal alan» musiqili komediyasında Telli rolunda çıxış edib.
   Dahi Üzeyir bəyin bu ölməz əsərini Avstriya tamaşaçıları böyük rəğbətlə qarşılamışdılar. Bu layihə Azərbaycanın Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin böyük köməkliyi və «AtaHolding»in maddi dəstəyi nəticəsində həyata keçib. Layihənin rəhbəri Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, quruluşçu rejissor və dirijoru Maykl Şnak, ikinci dirijor isə Şövkət Məmmədova adına Opera Studiyasının bədii rəhbəri və direktoru, professor Azad Əliyev olub. Tamaşada rolları Amerika, Avstriya, Almaniya, İran və s. ölkələrdən aktyor və aktrisalar ifa ediblər.
   Beynəlxalq Festivalda iştirak etmək məqsədi ilə şəhərimizə gələn Kaoko Amano fürsətdən istifadə edib Üzeyir Hacıbəylinin ev-muzeyinin qonağı oldu. Yaponiyalı sənətçi ilə bərabər festivalın digər iştirakçılarından ukraynalı dirijor Vladimir Runçak, bəstəkar Viktor Yekimovski, alman musiqişünası və jurnalisti Kristen Folen, həmçinin professorlar Fərhad Bədəlbəyli, Azad Əliyev, Musiqili Komediya və Opera və Balet teatrının solistləri, «Arşın mal alan» operettasında Gülçöhrə rolunun ifaçısı İnarə Babayeva, Əsgər və Vəli rollarının ifaçıları Fərid Əliyev və Ələkbər Əliyev də muzeyin qonaqları idilər.
   Muzeyin direktoru, bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov qonaqları salamlayaraq, onları Üzeyir bəy ocağında, millətindən asılı olmayaraq bütün musiqiçilərin qeyri-adi doğmalıqla yanaşdığı bu evdə görməyinə çox şad olduğunu söylədi. Professor F.Bədəlbəyli 2006-cı ildə Avstriyada tamaşaya qoyulan «Arşın mal alan»dan, Üzeyir bəy musiqisinin gözəlliyindən söhbət açdı. Daha sonra qonaqlar professor Azad Əliyevin pianoda müşayiəti ilə İnarə Babayeva və Fərid Əliyevin ifasında Gülçöhrə və Əsgərin ariyalarını dinlədilər. Ən maraqlısı məqam isə Musiqili Komediya teatrının aktyoru Ələkbər Əliyevin Kaoko Amano ilə birlikdə Vəli və Tellinin duetini ifa etmələri oldu.
   Muzeylə tanışlıq xarici qonaqlarda xoş təəssürat yaratdı.
   
   Aytən Heydərova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin baş mühafizi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar