G.Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbinin müəllimi, gənc bəstəkar-pianoçu Pikə Axundova İstanbulda solo konsert verib.
Məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyevdən aldığımız məlumata görə, konsert Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasının rəhbərliyinin dəvəti ilə baş tutub. İlk konsertdən sonra P.Axundova daha iki konsertə dəvət alıb və Adıgözəl Gözəl Sənətlər və Memar Sinan Gözəl Sənətlər Liseyində çıxış edib.
Konsertlərdə P.Axundova özünün fortepiano əsərlərini, eləcə də rus və Avropa bəstəkarlarının əsərlərini ifa edib. Musiqi nömrələri dinləyicilərin böyük marağına səbəb olub. P.Axundova diplom və mükafatlarla təltif edilib.
Adıçəkilən musiqi məktəbinin V sinif şagirdi Nəriman Əmiraslanov isə martın sonlarında Estoniyanın Rakvere şəhərində keçirilən İ.S.Bax adına gənc pianoçuların Beynəlxalq müsabiqəsində iştirak edib. Tədbirə Rusiya, Belarus, Latviya, Azərbaycan, Türkiyə, Estoniya, İtaliya, Almaniya və ABŞ-dan gəlmiş gənc pianoçular qatılıblar. Müsabiqənin nəticəsinə görə, 11 yaşlı N. Əmiraslanov birinci dərəcəli diploma layiq görülərək laureat adını qazanıb. Rakvere şəhərində keçirilən təqdimat mərasimində Azərbaycanın Estoniyadakı nümayəndəsi Ruslan Nəsibov və Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Mərasimdə yeniyetmə musiqiçiyə diplom və hədiyyələr təqdim olunub, Azərbaycan Bayrağı qaldırılıb, Dövlət himnimiz səsləndirilib. Martın 27-də Tallinn şəhərində Estoniya Musiqi Akademiyasının konsert salonunda keçirilən qala-konsertdə Nəriman Əmiraslanov İ.S.Baxın “Fa-minor konserti“nin birinci hissəsini ifa edib.