II Beynəlxalq muğam festivalının doğurduğu rezonans Azərbaycan mədəniyyətinin dünyadakı nüfuzundan xəbər verir
   
   Tarixin, zamanın sərhədləri yarıb keçən muğam sənəti dünənlə bu günü, bu günlə gələcəyi birləşdirən misilsiz sənət nümunəsidir. Çünki o, ruhun sənətidir. İllərin sınağından çıxaraq, dildən-dilə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatan muğamlarımız əsrlər və nəsillər arasında sanki bir mənəvi körpü rolunu oynayır. Bu yerdə fəlsəfi fikirləri ilə yaddaşlarda qalan Asif Atanın «Muğama qayıdış» şeirindən misraları xatırlayıram:
   
   Ömür sona yetən zaman tapşırırıq körpələrə
   Əsilliyi, məğrurluğu, həssaslığı, kamilliyi,
   Biz muğama qayıdırıq.
   
   Bəli, muğam ən nəcib, ən yaxşı cəhətləri ifadə edir. Ondan bəhrələnənlər də mənən və ruhən zəngin olanlardır. Ulu və müqəddəs sənətimiz olan muğamla bağlı layihələrin həyata keçirilməsi də bu sənəti nəsillərə sevdirərək onun əbədiyaşarlığını təmin edir. Son illər Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam layihələri bunun bariz nümunəsidir. Bu yaxınlarda ikinci dəfə keçirilən «Muğam aləmi» Beynəlxalq muğam festivalının doğurduğu beynəlxalq əks-səda Azərbaycan musiqisinin, mədəni irsinin dünyada təbliğinə böyük töhfə idi.
   Festivala dünyanın müxtəlif ölkələrindən musiqiçilər, alimlər gəlmişdi. Müxtəlif dilə, dinə və mədəniyyətə malik olan bu insanları bir amal birləşdirirdi. Bu da Yaxın və Orta Şərq mədəniyyətinin incisi, Azərbaycanın milli sərvəti olan muğam idi. Muğamın yayıldığı ölkələrdə hər xalq bu sənəti öz dilində adlandırır: mokam, mugam, makom, raqa, dəstgah və nəhayət, muğam və s. Amma, bu sahədə müxtəlif tədqiqatları olan alimlər bir araya gələrək Azərbaycan muğamının daha təkmil olmasını vurğuladılar. Bu onların festival çərçivəsində keçirilən elmi-simpoziumdakı çıxışlarında və müxtəlif müsahibələrində öz əksini tapır. Onlardan bir neçəsinin fikirlərini diqqətə çatdıraq:
   Jan Düring, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru, UNESCO-nun nümayəndəsi: “Bu simpozium diqqəti qədim tarixə malik Azərbaycan muğamı üzərində cəmləşdirmişdir. Simpoziumun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bu, sadəcə alimlərin görüşü və ya iclası deyil, məhz muğamın zəngin tarixi keçmişini və müasir inkişafını öyrənməyə yaxından kömək edən nüfuzlu elmi məclisdir. Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımının onun inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir”.
   Daha bir maraqlı fikri isə Çinin Uyğur muxtar regionundan gəlmiş professor Muxpul Yasin söylədi. Onun çıxışının ən maraqlı tərəfi dahi Üzeyir bəyin «Arşın mal alan» operettası ilə bağlı oldu. Qonağın dediklərindən: «Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixinin şahidi olmuş Azərbaycan muğamı bizə yaxşı tanışdır. Keçən əsrin 60-cı illərinin əvvəlində «Arşın mal alan» musiqili komediyası Hacı Turan tərəfindən Xinjianqda tamaşaya qoyulmuş və uzun illər boyu uyğurlar bu tamaşada çıxış etmişlər. Bu əsərin baş qəhrəmanları Əsgər və Gülçöhrənin ariyaları uyğurlar arasında çox populyar idi».
   Amerikalı alim Uilyam Samitsin dediklərindən: «Əminəm ki, beynəlxalq festival xalqlar arasında yeni mədəni əlaqələrin qurulmasına böyük töhfə verəcək.
   Azərbaycan, türk, tacik, fars dillərini yaxşı bilməyim mənə muğamı dərindən anlamağa, onun fəlsəfəsini dərk etməyə kömək edir. Azərbaycan muğamları digər xalqlara məxsus muğamlardan çox fərqlənir. Sizin muğam ifaçılarınızı dinləyəndə mənən rahatlıq tapıram. Ona görə ki, Azərbaycan muğamları daha çox ürəyəyatımlıdır».
   «Azərbaycan musiqi sənətinin inkişafına görə təkcə regionda deyil, bütün dünyada məşhurdur. Ölkəniz muğam sahəsində dünyada çox böyük nailiyyətlər əldə etmişdir. İnanıram ki, belə möhtəşəm, beynəlxalq tədbirlərə ev sahibliyi edən qardaş Azərbaycan mədəniyyətlərarası dialoqların inkişafına töhfə verən ölkə kimi dünyada daha böyük hörmət və nüfuza sahib olacaqdır» - bu sözləri isə «Muğam aləmi» II Beynəlxalq muğam festivalında iştirak etmək üçün Bakıya gəlmiş Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ankara Dövlət Türk Xalq Musiqisi Xorunda çalışan musiqişünas Salih Turhan demişdir.
   Növbəti fikirlər kanadalı qonaq professor Atis Bankasa aiddir: «Bakıda keçirilən «Muğam aləmi» II Beynəlxalq muğam festivalı ilə bağlı təəssüratlarım çox gözəldir. Bəlkə də bu barədə günlərlə danışa bilərəm. Bu, əslində musiqinin təntənəsidir, bayramıdır. Festival bizə muğam sənətini araşdıran, tədqiq edən alimlərlə görüşmək, fikir mübadiləsi aparmaq imkanı verir. Belə görüşlər təkcə alimlər deyil, həm də xalqlar arasında qarşılıqlı mədəni əməkdaşlığa çox yüksək imkanlar yaradır. Bu işi təşkil edənlərə minnətdarlığımı bildirirəm».
   Etiraf etməliyik ki, muğam sənətinin əsrlər boyu yaşaması və xalq tərəfindən sevilməsində ifaçıların mühüm rolu olub. Elə Azərbaycan muğamının təkmilləşməsi də ifaçılıq məktəblərinin inkişafı ilə bağlıdır. Bu cəhət festivalda iştirak edən alimlərin diqqətindən yayınmamışdır. «Muğam aləmi» II Beynəlxalq festivalın iştirakçısı olan türkiyəli musiqişünas, bəstəkar Ozan Yarmanın dediklərindən: «Azərbaycanda keçirilən Beynəlxalq muğam festivalı xalqlar arasında mədəni körpü rolunu oynayır. Ortaq islam mədəniyyətinin keçmişini əks etdirən bu sənət növünün qardaş Azərbaycanda yüksək səviyyədə təbliği məni olduqca məmnun etdi. Bu musiqi növü geniş əraziyə yayılmışdır. Hər bir xalq muğamı özünəməxsus şəkildə ifa edir. Amma açığını deyim ki, Azərbaycan xanəndələrinin ifaları adamın ürəyini riqqətə gətirir. İnsanı duyğulandırır və mənən zənginləşdirir.
   Biz Bakıda müxtəlif millətlərin mədəniyyətləri ilə tanış oluruq. Dünyada sevilən və inkişaf edən musiqi janrları haqqında, onların tədqiqi sahəsində tanınmış alimlərin gördüyü işlər barədə geniş məlumat əldə edirik. Bu, olduqca əhəmiyyətli bir işdir. Xalqlar bir-birinin mədəniyyətini öyrənir və ona hörmətlə yanaşır.
   Azərbaycan musiqisinin, xüsusilə də muğamların bənzəri yoxdur. Bu əvəzsiz xəzinə hamı tərəfindən qorunmalıdır. Ona görə ki, bu sənət nümunəsində türk xalqlarının vəhdəti, bütövlüyü əks olunur».
   Əlbəttə, bu deyilənlər musiqi mədəniyyəti tariximizin silinməz səhifələridir. Bu fikirlər həm də muğam sənətinin əbədiyaşarlığının ifadəsidir. Bir qisim alimlərin fikirlərindən bəlli olur ki, onlar uzun illər bu müqəddəs sənətin sehrinə düşüb, ondan mənəvi qida alıblar. Bu yerdə professor Yürgen Elsnerin fikirlərinə üz tutaq:
   «Azərbaycan musiqisinin dünyada bənzəri yoxdur. Bu diyar qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Bu region ölkələri arasında daimi əlaqələr, onların mədəniyyətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər qorunub saxlanmışdır. Bu mənada qədim ənənələrə malik Azərbaycan xalqının mədəniyyəti və incəsənəti olduqca səciyyəvidir».
   Şimali Afrika, Yaxın və Orta Şərq ölkələrinin musiqi mədəniyyətindən bəhs edən çoxlu sayda məqalə və kitabların müəllifi olan almaniyalı professor Yürgen Elsner Azərbaycanla yaxın əlaqələrinin hələ ötən əsrin 70-ci illərindən başladığını bildirmiş, görkəmli Azərbaycan tarzəni Bəhram Mənsurovla yaxın dostluq əlaqələrini xatırlayaraq Azərbaycan muğamının sirli bir aləm olduğunu diqqətə çatdırmışdır.
   «Muğam aləmi» II Beynəlxalq muğam festivalının bütün iştirakçıları xalqımız, mədəniyyətimiz, adət-ənənələrimiz və muğam sənətimiz barədə belə yüksək fikirlər söyləyiblər. Bunlar tarixin yaddaşına köçüb gələcək nəsillərə də yadigar qalacaq. Çünki mədəniyyət xalqın güzgüsüdür. Bu güzgünün saf, təmiz qalması və çatlayıb sınmaması üçün hər birimiz məsuliyyət daşıyırıq.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas
 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar