Azərbaycan bəstəkarlıq məktəbi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkar öz yaradıcılığı ilə milli bəstəkarlığın yolunu, istiqamətini təyin etmiş, özündən sonra ardıcıllar yetişdirərək onlara örnək olmuşdur. 
      
   Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildə yaranmasına baxmayaraq onun əsas inkişaf mərhələləri 1937-ci ildən sonrakı dövrlə, Üzeyir bəyin bu təşkilata rəhbərliyi ilə bağlıdır. Bəstəkarlar İttifaqı milli və professional musiqimizin inkişafında mühüm xidmətləri rolu olan ictimai təşkilatdır. Təbii ki, bu xidmətlərin əsas qayəsini də Üzeyir bəyin ənənələri təşkil edir. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilə söhbətimiz də bu qurumun fəaliyyəti, Üzeyir bəy ənənələrinin necə davam etməsi barədədir.
   Bəstəkarlar İttifaqı bir yaradıcılıq təşkilatı olaraq ölkəmizin mədəni həyatında, bir çox beynəlxalq səviyyəli tədbir və layihələrin həyata keçirilməsində fəal iştirak edir. Firəngiz xanım da söhbətə də bu yaxınlarda gerçəkləşən «Muğam aləmi» II Beynəlxalq muğam festivalından başladı:
   - Çox sevindirici haldır ki, respublikamızda mütəmadi olaraq beynəlxalq, festivallar, simpoziumlar keçirilir. Bu, musiqimizin dünya miqyasında təbliğinə müsbət təsir göstərir. Bu işdə də möhtərəm Prezidentimizin sərəncamları və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın layihələri mühüm əhəmiyyət kəsb edir.
   Bildiyiniz kimi, 2009-cu ildə keçirilən I Beynəlxalq muğam festivalı böyük əks-səda doğurmuşdu. İki il sonra biz yenidən o fərəhli anları yaşadıq. II Beynəlxalq muğam festivalının çox zəngin proqramı hazırlanmışdı. Festival çərçivəsində elmi simpozium, ifaçıların müsabiqəsi, bizim və xarici musiqiçilərin birgə konsertləri - ümumilikdə 35 tədbir keçirildi. Böyük fərəh hissi ilə demək istəyirəm ki, bu tədbirlərdə Bəstəkarlar İttifaqı yaxından iştirak etdi. Festival çərçivəsində elmi simpoziumun əsas iclasları Bəstəkarlar İttifaqında keçirildi. Onu da qeyd edim ki, simpozium UNESCO səviyyəsində keçirilirdi. Burada dünyanın müxtəlif ölkələrindən gələn alimlər əsasən bizim muğam sənəti barədə çıxış etdilər, elmi araşdırmalar təqdim olundu. Bu da bizim muğamlarımızın unikal bir janr kimi daha təkmil olmasını təsdiq etdi.
   Festival çərçivəsində keçirilən konsert proqramlarına da bir çox unikal əsərlər daxil edilmişdi. Tar, kamança ilə orkestr üçün konsertlər, operalar və digər simfonik əsərlərlə yanaşı builki festivalda biz xalq mahnılarına da böyük üstünlük verdik. Filarmoniyada keçirilən konsertlərdən birini məhz xalq mahnılarına həsr etmişdik. Burada qədim xalq mahnılarımız həm orijinal, həm də bəstəkarların işləmələri formasında səsləndi. Ötən festivalda olduğu kimi, bu dəfə də Beynəlxalq Muğam Mərkəzində 7 muğam əsasında konsertlər oldu. Bizim xanəndələr və qonaqlar səhnəni paylaşdılar. Bütün bu tədbirlərin mayası məhz muğamdır. Onu da qeyd etmək istəyirəm ki, muğamla nə qədər təmasda olsaq, onu hər dəfə yeni çalarlarla kəşf edirik. Və aydın olur ki, belə bir sənət növü heç yerdə yoxdur. Bu elə unikal bir janrdır ki, burada xüsusi bir dramaturji xətt var. Belə dramaturji xətt sonata, simfoniya kimi janrlara xasdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, muğam özündə musiqinin bütün peşəkar cəhətlərini cəmləşdirib. Belə bir möhtəşəm janrı dərindən duyub, ona istinadən bizim bəstəkarlıq məktəbini yaratmaq da, təbii ki, Üzeyir Hacıbəylinin dahiliyinin təzahürüdür. İstedadlı insanlar yeni ideyaları tez mənimsəyir. Odur ki, Üzeyir bəyin ənənələrini davam etdirən bəstəkarlarımız dünənlə bu gün arasında körpü yaratmağı bacarıblar. Buna görə də zəngin musiqi xəzinəmiz var.
   
   Firəngiz xanımın qeyd etdiyi zəngin musiqi xəzinəmizi zənginləşdirən bəstəkarlarımızdan biri də o özüdür. Milli köklər zəminində dəyərli sənət əsərləri yaradan Firəngiz Əlizadənin musiqisi yalnız respublikamızda deyil, dünyanın müxtəlif ölkələrində səslənərək həm müəllifə, həm də Azərbaycan bəstəkarlıq məktəbinə uğur gətirib. Bu mənada Firəngiz xanımın II Beynəlxalq Muğam Festivalının açılışı və solo konserti üçün hazırladığı proqram da çox maraqlı idi. Bəstəkarın 7 muğam əsasında hazırladığı kompozisiya festival iştirakçıları tərəfindən çox maraqla qarşılandı.
   Bəstəkar bu yaxınlarda uğurlu bir xarici səfərdə olub, Kiyevdə keçmiş sovet respublikalarının bəstəkarlar ittifaqlarının toplantısında iştirak edib. Kiyev musiqiçiləri Firəngiz xanımın violonçel üçün yazdığı və «Şüştər» muğamının səs sırasına əsaslanan «Metamorfoz» əsərini ifa ediblər.
   
   Firəngiz xanımın dediklərindən:
   - Kiyev maraqlı musiqi həyatı olan, beynəlxalq mədəni tədbirlərin keçirildiyi şəhərdir. Ötən il orada mənim müəllif konsertimdə 6 əsərim ifa edilmişdi. Builki görüşümüzün isə bir əhəmiyyətli cəhəti o idi ki, keçmiş SSRİ-yə daxil olmuş respublikaların bəstəkarlar ittifaqlarının sədrləri və ya katibləri bir araya gələrək bəzi məsələləri müzakirə etdik. Mən orada bizim Bəstəkarlar İttifaqının 75 illik tarixindən və bu zaman çərçivəsində təşkilatın işində böyük xidmətləri olan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və bu kimi unudulmaz sənətkarlarımızın xidmətlərindən danışdım. Açığını deyim, toplantıda iştirak edənlər bizim iş prinsipimizi çox yüksək qiymətləndirdilər. Kiyevdə keçirilən tədbirdə hamının gəldiyi nəticə belə oldu: bəstəkarlar ittifaqları öz təbliğat işini daha da möhkəmləndirməli, milli və professional musiqinin təbliğində, bəstəkarların yeni əsərlərinin işıq üzü görməsində - bir sözlə, musiqi sənəti və elminin inkişafında göstərdikləri xidmətləri davam etdirməlidirlər. Bütün bunlar bizim Bəstəkarlar İttifaqının əsas iş prinsipidir.
   - Firəngiz xanım, sevindirici haldır ki, bizim Bəstəkarlar İttifaqının fəaliyyəti başqa ölkələrin musiqiçiləri tərəfindən də yüksək qiymətləndirilir. Bu da təbii ki, Bəstəkarlar İttifaqına olan dövlətin qayğısından və təşkilatın daim fəal çalışmasından irəli gəlir. Bəs qarşıda hansı planlarınız var?
   - Siz çox düzgün qeyd etdiniz, bəli, Azərbaycan Bəstəkarlar İttifaqına dövlətimiz çox yüksək qayğı ilə yanaşır. Məsələn, 2007-ci ildə bizim VIII qurultayımız böyük təntənə ilə qeyd edildi. Orada qarşıya belə bir məqsəd qoyuldu ki, biz elə işləməliyik ki, İttifaqımız bəstəkarların və musiqişünasların sanki ikinci evi olsun. 2009-cu il sentyabrın 1-də möhtərəm Prezident İlham Əliyev Bəstəkarlar İttifaqının yeni binasının açılışında iştirak etdi. Təbii ki, biz də bu qayğı müqabilində daha səylə çalışırıq, öz fəaliyyətimizi korifeylərimizin ənənələrinə uyğun davam etdiririk. Bəstəkarların, musiqişünasların yaradıcılıq və xatirə günləri, yeni musiqi əsərlərinin, yeni kitabların təqdimatı, «Müasirlərlə dialoq» silsiləsindən görüşlər, konsert proqramları və s. bu kimi tədbirlər keçiririk. Bu da həm sənətkarlarımıza ruh verir, həm də yeni nəsil üçün bir örnəkdir. Bir də onu xüsusi vurğulamaq istəyirəm ki, bizim binanın girişində dahi Üzeyir bəyin büstü var. Hər birimiz binaya daxil olarkən dahi Üzeyir bəyə baş əyib keçirik. Odur ki, bəstəkarlarımız, musiqişünaslarımız daim Üzeyir bəyin ruhuna minnətdardır və ondan ilham alırlar. Bu dahi şəxsiyyətin ruhu Azərbaycan musiqi sənəti üzərində daim pərvaz edir. Bu o deməkdir ki, biz daha da məsuliyyətli olmalı və səmərəli işləməliyik.
   
   Səadət Təhmiraz qızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar