Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə tədbiri açaraq Ə.Hüseynzadənin həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan musiqisinin inkişafında əvəzolunmaz xidmətlərindən danışıb: “Ədilə xanım musiqi həyatına dahi bəstəkarımız Üzeyir bəyin xeyir-duası ilə başlayıb, onun tələbəsi olub. O, müxtəlif janrlarda çoxsaylı əsərlər yaradıb. Amma onların arasında ən məşhurları romanslardır və bu gözəl əsərlər dönə-dönə ifaçılarımız tərəfindən ifa olunur”. F.Əlizadə bəstəkarla bağlı uşaqlıq xatirələrini də tədbir iştirakçıları ilə bölüşüb: «Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi olarkən onun tələbəsi olmaq xoşbəxtliyi mənə nəsib oldu. O, mənə çox faydalı məsləhətlər verirdi. Deyirdi ki, qadın üçün bəstəkarlıq çətin sənətdir, əgər bu yolu seçirsənsə, əvvəlcədən yaxşı-yaxşı düşün”.
   Sonra söz musiqiyə verilib. Azərbaycan Dövlət Simli Kvartetinin (Xalq artisti Uran Seyidov, Vaxtanq İmanov, Vadim Sandler, Aleksey Mitlıx) ifasında Ə.Hüseynzadənin “Simli kvarteti” səslənib. Beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova və Ramil Qasımov Ə.Hüseynzadənin «Günəşdən gənclik istədim», «Bül-bül», «Qarayazı meşəsində», «Vəslin həvəsi», «Yadigar» romanslarını ifa ediblər. Tanınmış bəstəkar Elnarə Dadaşova isə onun «Fuqa»sını fortepianoda səsləndirib.   

  Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar