Qaboyçalan Kamil Cəlilovu ilk dəfə 1983-cü ildə (radio-televiziya verilişləri istisna olmaqla) Məmməd Arazın 50 illik yubileyində görmüşdüm. O, məclisdə şairə ithaf elədiyi «Sarı gəlin»i çaldı. Bu qədim el nəğməsinin ahəngindəki eşqin, sevginin daşa toxunan istəkləri Kamilin nəfəsində yeni məzmunda doğulurdu. Şikayətdən çox məhəbbətin kövrəkliyi dil açırdı. «Sarı gəlin»lə Məmməd Araz şeirlərinin lirikası sanki qoşalaşaraq məğrur, əyilməz bir qüdrətə dönürdü.
       
   Sonralar isə… 90-cı ilin Qanlı Yanvarında, o ağır günlərdə - ölüb-dirildiyimiz məqamlarda Kamil Cəlilovun qaboyu şahə qalxan dərdimizin, kədərimizin fövqündə şəhidlərimizin azadlıq uğrunda çırpınan ürəklərinin, nakam ömürlərinin, külə dönmüş istəklərinin, söndürülmüş tale ulduzlarının fəryadını haraylayırdı. Od püskürən o ahlardan, amanlardan qaboy özü külə necə dönmürdü, hələ də heyrətdəyəm.
   Beləcə ruhumuzu tərpədən, bizi qəmdən alıb qəmə salan, hər kəsi göz yaşları ilə paklığa, ilkinliyə apara bilən bu sirli-sehirli qaboyun min bir avazını, qüdrətini öz nəfəsində bizlərə ərməğan edən Xalq artisti Kamil Cəlilov barəsində yazmaq çoxdankı arzum idi. Amma bu günlərdə baş verən bir təsadüf olmasaydı, kim bilir, mən bu yazını haçan qələmə alacaqdım. Köhnə tanışlarımdan biri söylədi ki, atası ağır xəstədir. Kamil Cəlilovu yanında görmək, onu bir dəfə dinləmək arzusundadır. Atanın son istəyini yerinə yetirmə niyyətində olan Reyhan xanıma kömək məqsədilə ustad sənətkarımızı aradım. Baş verənləri ona danışdım. Kədərlə köksünü ötürərək «birinci dəfə deyildir» söylədi və biz birlikdə köçünü bu dünyadan yır-yığışa hazırlaşan ixtiyar qocanın yanına yollandıq. Kamil müəllim nə danışdı, xəstəyə necə təskinlik verdi, bu öz yerində. Gözləri həyat işığından mərhum olmuş Qulam kişinin nurani çöhrəsinə qəribə bir şəfəq gəlmişdi. Nə söhbətdən doyurdu, nə xatirələrdən... Nəhayət, qaboy dilə gəldi...
   Elə bu görüşdəcə duydum ki, Kamil Cəlilov təkcə böyük sənətçi yox, həm də geniş qəlbə malik xeyirxah insan, həssas ürəkli bir həmdərddir. Bu səbəbdən də onun nəfəsindən qopan hər bir melodiya tamaşaçını ovsunlayır, düşündürür və rəğbətini qazanır. Əlbəttə, bunun da bir neçə səbəbi var. Qaboyda doğulan bütün əsərlər ilk növbədə mayasını xalqımızın ruhundan alsa da öz gücünü, öz gözəlliyini məhz onu yenidən həyata gətirən Kamil Cəlilovun ürəyində tapır. Bəlkə də elə bu gücün qüdrəti idi ki, unudulmaz Rübabə Muradova Kamil müəllimə vəsiyyət etmişdi: «Mən öləndə tabutum önündə bir «Segah» çal. Bil ki, onda sən məni behiştə yola salmış olarsan». Kamil Cəlilov sənət dostunun vəsiyyətinə ürək ağrısı ilə əməl edib. Görənlər unutmazlar ki, o gün Rübabə xanımın ölümü qaboyu necə ağladırmış. Deyirlər ki, tar, tütək milli musiqi alətimizdir. Nədənsə mən bu fikirlə bir o qədər də razılaşa bilmirəm. Götürək elə tarı. Özbəkdə var, tacikdə də, türkdə də. O, ümumi bir Şərq musiqi alətidir. Tütək də elə. Söhbət əşyanın, yəni alətin kimə məxsusluğunda deyil. Əsas odur ki, o alətlərdən qopan musiqi milli olsun. Kamil Cəlilov nağara da çalır, qarmon da, tar da, amma özünü qaboyda tapıb. Həmişə hər bir işin əzəli çətin olur. O, ilk dəfə qaboyda ifa edəndə ögey münasibətin şahidi olub. Deyənlər tapılıb ki, bu, bizim alət deyil, niyə çalırsan. Halbuki qaboy ilk dəfə XII əsrdə Şərqdə yaranıb, ərəblər onun adına «babohey» deyirdilər. Yəni çoxlarının düşündüyü kimi, qaboy heç də Qərbə məxsus deyil. Bu, həmişə belə olub. Bizim yaratdıqlarımıza Avropa daha çox yiyə durub.
   Kamil Cəlilov qaboyda texniki baxımdan da müəyyən dəyişikliklər edib, nəfəsi, barmaqları ilə də sübut edib ki, qaboy elə bizimdir. Və bu gün qaboy adı çəkiləndə, təbii ki, yada Kamil Cəlilov düşür. O, bu alətdə həm bəstəkar əsərlərini, həm də xalq musiqisini və muğamlarımızı böyük məharətlə ifa edir. Qaboy həm də çox çətin və mürəkkəb bir alətdir. Onda hər kəs böyük nailiyyət qazana bilməz. Çoxu indi öz övladını Kamil Cəlilovun yanına gətirir ki, bacarığını, ustalığını onlara öyrətsin. Xalq artisti İncəsənət Gimnaziyasında dərs deyir, balalarımıza qaboyun sirrini öyrədir. Amma hələ ki, bu sənətdə Kamil Cəlilov təkdir. «Mənim üçün də asan olmayıb. Mənim qolumdan tutan bilirsinizmi nə olub? Uşaqlıqdan muğamata vurğun kəsilmişəm. Yadımdadır, hər bazar günü saat 2-də ailəliklə yığışıb radioda muğamata qulaq asardıq. Ona görə də bu sənətə həvəs mənim içimdən gəlib. Sizə demişəm, mən çox alətdə ifa etmişəm, amma məni qaboyun səsi, ecazkarlığı özünə bağladı. Heç bir alətdə o iniltini, sızıltını yaratmaq olmur. Bir var tarda barmaqlarınla nəsə deyəsən, amma o təşnəni, o yanğını olduğu kimi yarada bilmirsən. Qaboyda isə əksinə, istədiyini on qat ala bilirsən. Qaboyda elə titrəyişlər almaq mənə nəsib olub ki, başqa alətdə bu, mümkünsüzdür. Amma mənə də çətindir. Bəzən bir guşənin üstündə on gün çalışıram».
   Adi qaboyla Kamil Cəlilovun qaboyu arasında texniki baxımdan çox fərq var. Belə ki, ustad sənətkar onda müxtəlif deşiklər açıb, əlavələr edib. Mənə maraqlı gəldi, o, bu texniki yeniliyi, deyək ki, klarnetdə, zurnada, digər nəfəs alətlərində edə bilməzdimi? Özü bunu belə cavablandırdı: «Mən hər hansı bir musiqi alətində çalmış olsaydım, orada mütləq öz yeniliyimi, üslubumu göstərməli idim».
   Mənə həmişə elə gəlib ki, Kamil Cəlilov sadəcə qaboy çalmır. O, gözlərini yumaraq öz qaboyu ilə birlikdə məhz oxuyur və bu ifanın başqalarından - yəni müğənnilərdən fərqi ondadır ki, sözlər deyilmir. Dinləyəni varlığından alan çox möcüzəli bir səs tufan qoparır. Mənim aləmimdə bu bəxtiyarlıq bircə Rübabə Muradovanın qismətinə, bu gün də Alim Qasımovun taleyinə yazılıb ki, məhz onlar sözə səs də qoşurdular. Kamil Cəlilovun ürəyində nə varsa, hansı ruh köklənibsə səsində, nəfəsində bizə yetirir. Bilirsiniz, mən ustad sənətkarlarımızdan çox öyrənmişəm. Günlərlə onlara qulaq asardım. Böyük xanəndələrimizin oxumaları mənə istiqamət verərdi. Deyim ki, «Segah»ı Şövkət xanımdan öyrənmişəm. O, ilk dəfə mənə qulaq asandan sonra çox kövrəkcəsinə dedi: «Kamil, elə də «Segah» olardı çaldın?! Axı bir fikirləşmirsən ki, bu xalqı qırıb-çatdın. O cür də yanğı olarmı?!».
   Bəlkə də elə bu hiss və duyğuların təsiridir ki, şair Bəxtiyar Vahabzadə də Kamil Cəlilovun «Segah»ını yüksək qiymətləndirirdi: «Kamilin «Segah»ında alışıb-yanan ürək, bu yanğıya üsyan edən bir fəryad çırpınır».
   Görəsən, bəs Kamil müəllimin özü hansı musiqini eşitmək, yaxud da daim oxumaq istərdi. «Bütün ifalarım mənə doğmadır. Ancaq mənimlə həmişə yaxın olan «Segah»dır. İnsan dünyaya gəldiyi gündən anasının laylasından başlamış ölümünə - «Yasin»in avazına qədər «Segah»la baş-başadır». Yandıra-yandıra çalmaq, bəlkə, daha doğrusu, yana-yana oxumaq Kamil Cəlilovun mənəvi ehtiyacıdır. Ulu babaları Laçından pərvazlanan Kamil müəllimin ürəyi böyük arzularla döyünür. Qaçqınlarımız öz torpaqlarına dönəydi, işğal edilmiş torpaqlarımızda çal-çağır başlayaydı. Kamil müəllim söyləyir ki, onda qaboyumu götürüb ilk getdiyim yer Şuşa olacaq. «Biləsiniz, onda «Qarabağ şikəstəsi»ni necə çalaram. Dağa-daşa lərzə düşər. Nəfəsimdən od tökülər, gözlərimdən yaş... Sonra da «Ərimgəldi» qayasına çıxıb «Azərbaycan təranələri»ni çalardım. Çünki bu musiqinin ahəngində bir qətiyyətlilik, qürur və məğrurluq var».
   Kamil Cəlilov düz 55 ildir ki, qaboyda muğam çağırır. Bu çağırışın ahəngində biz «Bayatı-Kürd», «Zəminxarə», «Rahab», «Zabul», «Şur», «Çahargah», «Kəsmə-şikəstə» kimi əzəmətli muğamlarımızı dinlədik. Dinlədikcə duyduq ki, böyük Füzulinin qəzəlləri kimi, Kamil muğamlarının da öz açması, öz yozumu var. Və Kamil yalnız qaboyu ilə bütövdür, güclüdür. Onlarla ruhun qovuşmasından yaranmış bir möcüzədirlər. Elə bir möcüzə ki, Kamil qaboyun məcnunudur. Onlar qovuşanda duyasan. Gözlərini yummuş aşiq-Kamil öz dünyasındadır. Hər muğam onun üçün bir lövhədir, ya bəlkə də hekayətdir. «Kəsmə-şikəstə»ni Fatma xanım Mehrəliyeva qədər bizə məlahətli, həzin çatdıran hələ ki, ikinci ifaçımız yoxdur. Kamil müəllim danışır ki, II Dünya müharibəsi illərində eşitdiyim bu nisgil və həsrət dolu haray bu gün də eyni ahənglə qulaqlarımda səslənməkdədir. İndinin özündə gözü yolda qalan ailələr, övladları şəhid olmuş analar, sevgililəri itkin düşmüş qızlarımız var. Köhnə dərdlər sanki yenə təzələnib. Onda qaboyu dodaqlarıma sıxıram, ürəyimin fəryadını onun səsinə qatıram.
   Yarım əsrə yaxın müddətdə cəmi 3 qaboy dəyişib Kamil müəllim. Sonuncu qəlb həmdəmi ilə sirdaşlığı 20 ildən çoxdur. Barmaqları da, nəfəsi də, gözü də öyrəşib ona. Texniki baxımdan sıradan çıxmasa, həmişə onunla bağrıbadaş olacaq. Məşq edəndə tək olmağı sevir. Əsər tamamlananda isə onu dinləyiciyə çatdırmaq ən böyük arzusudur. Fərq etməz, ona bir nəfər qulaq kəsilir, yoxsa mini. Təki onun qəlb harayını eşidən olsun. Böyük ilhamla, bütün varlığı ilə öz musiqisini, öz nəğməsini oxuyacaq. Onun fikrincə, sənətkar bir yerdə durmamalıdır. Daim axtarışda, yenilik sorağında olmalıdır. «Mən eyni muğamı ikinci dəfə eyni ahənglə çala bilmərəm. Hər dəfə mütləq bir yeni xalım, nəfəsim, zənguləm, əlavəm duyulmalıdır» - söyləyir.
   Hazırda aşıq havaları üzərində işləyən sənətkarlarımız bu qədim incilərin bir hissəsini lentə də yazdırıb. Qaboyda aşıq havası çalmaq uca bir dağa qalxmaq qədər çətindir. Barmaqların yeyilə-yeyilə min bir əziyyətlə istəyinə çatırsan. Əlbəttə, burada möhkəm iradə və inadkarlıq da lazımdır. Çəkilən əzablardan sonra fəth edilən zirvədən aldığın ləzzətin şirinliyini isə heç nə əvəz edə bilməz. Sənətdə möhtəşəmlik, ucalıq və nəhayət, rahatlıq da elə budur. Çəkdiyim bütün ağrı-acı artıq arxada qalır. «Biz sənətkarlar əslində elə fövqəladə bir iş də görmürük. Xalqdan aldığımızı özünə qaytarırıq. Baxır, indi kim bu borcu necə başa düşür. Və nəhayət, öz payını necə əlavə edir». Belə təvazökar, kövrək təbiətlidir Kamil Cəlilov. Bu gün incəsənət aləmində baş verən şoulardan narahatçılıq keçirən Xalq artisti düşüncələrini belə izah edir:
   - Müasirliyin əleyhinə deyiləm. Əksinə, müasirliyə meyli güclü olan adamlardan biri də özüm olmuşam ki, qaboyu simfonik orkestrdən qoparıb xalq çalğı alətlərinin sırasına qoşmuşam. Hər bir sənətçi birinci növbədə öz xalqına xidmət etməlidir. Gəncləri düzgün yola yönəltməli, mənəvi dəyərlərin daha da zənginləşməsinə yardımçı olmalıdır. Hər bir sənətkarın gərək qəlbində kövrəklik olsun, bu yoxdursa, onun yaratdıqları bir qəpiyə də dəyməz. Çünki kövrəklik bütün heyrət və kəşflərin mayasıdır. Elə təzəlik də, paklıq da, təmizlik də bununla bağlıdır.
   Görünür, ulu Yaradan özü qəsdən Kamil Cəlilova elə bir mənəvi ruh verib ki, o, öz qaboyu ilə sənət dünyamızda heç kimə müyəssər olmayan möcüzələr yaratsın, könlümüzü oxşasın, varlığımızı təlatümə gətirsin və heyrətə gələrək içimizi çəkək:
   - Çal qardaş, bəlkə bu əfqanlar ruhumuzu tərpədə, bəlkə bu yanğılar bizi bizə tanıda.
   Maestro Niyazi söyləyərdi: «Kamil o qədər sadədir ki, özü bilmir, onda necə böyüklük var. Bəlkə elə bu böyüklükdən xəbərsiz olduğuna görə Kamil sənət zirvəsinə yüksələ bilib».
   Nə qədər gözəl, nə qədər sərrast deyimdir. Öz böyüklüyündən xəbərsiz olanların ucalığını xalq yaxşı görür və hər kəs də bir fikrin təsdiqindədir ki, bu qaboy çalınan gündən Azərbaycan musiqisinin Kamil heyrəti başladı. Kamil qaboyunun nəğməsi elə qüdrətlidir ki, onu eşidən bülbül cəh-cəhini, çaylar gur səsini kəsər, xan çinarlar cərgəsini itirər və biz musiqi möcüzəsi ilə baş-başa qalarıq.
   
   Flora Xəlilzadə
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar