15 yaşlı skripkaçı Ceyla Seyidovaya Brüssel Konservatoriyasında təhsil almaq təklif olunub
   
   Son vaxtlar Azərbaycanın musiqi həyatı böyük uğurlar, xoş təəssüratlarla zənginləşir. Tanınmış sənətkarlarımızın, eləcə də gənc istedadlarımızın qazandıqları uğurlar Azərbaycan mədəniyyətini bir daha dünyaya tanıdır. 
   
   Belə istedadlardan biri də yaşının az olmasına baxmayaraq artıq musiqi aləmində özünəməxsus yer qazanan skripka ifaçısı Ceyla Seyidovadır. Ceyla bu yaxınlarda Belçikanın Namur şəhərində keçirilən «Bravo» IV Beynəlxalq musiqi müsabiqəsində I yeri qazanıb. Onun müsabiqədə çıxışı münsiflər heyətində yer alan tanınmış musiqiçilər tərəfindən yüksək qiymətləndirilib. Şübhəsiz ki, bu uğur Ceylanın musiqi yaradıcılığına sərf etdiyi əməyin, gərgin zəhmətin nəticəsidir.
   Gəlin, ölkəmizin adına bu cür uğurlar qazandıran gənc istedadla yaxından tanış olaq.
   Öncə onu qeyd edək ki, Ceyla musiqiçilər ailəsində dünyaya gəlib. Atası tanınmış skripkaçı Uran Seyidov Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konsertmeysteri, Azərbaycan Dövlət Simli Kvartetinin bədii rəhbəri, respublikanın Xalq artisti, anası Samirə Aşumova P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, İtaliyada keçirilmiş beynəlxalq müsabiqənin laureatı, respublikanın Əməkdar artistidir. Ailənin birinci övladı Anar Seyidov beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüdür. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsidir. Gözünü bu ailədə açan Ceyla hər zaman ətrafında musiqiyə sevgiylə, eyni zamanda ciddiyyət və məsuliyyətlə yanaşıldığını görüb.
   
   Piano, yoxsa skripka
   
   Hələ kiçik yaşlarından böyük səhnələrdə gözəl və özünəməxsus ifası ilə tamaşaçı rəğbətini qazanan Ceyla bir çox uğurlara imza atıb. Musiqiyə olan həvəsini isə belə izah edir: «Musiqiçi ailəsində doğulduğumdan lap körpəlikdən musiqiyə böyük həvəs göstərmişəm. Anam məni pianoçu görmək arzusunda olsa da, mən də qardaşım kimi skripka ifaçılığını seçdim».
   Ceylanın ilk çıxışı 8 yaşında Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə olub. O vaxtdan uğurlarına doğru addımlamağa başlayıb. 2004-cü ildə görkəmli pianoçu, pedaqoq Kövkəb xanım Səfərəliyevanın xatirəsinə həsr olunan gənc ifaçıların müsabiqəsində qalib gəlib. Sonrakı illərdə də bu müsabiqənin laureatı olub. Xarici ölkəyə ilk səfəri isə 2005-ci ildə Tbilisidə keçirilən 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilən festivalla bağlı olub. Həmin festivalda laureat adını qazanan Ceyla müxtəlif tədbirlərə, müsabiqələrə saysız-hesabsız dəvətlər almağa başlayır. Təsadüfi deyil ki, respublikanın Xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi ilə 2006-cı ildə Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri yaradılanda həmin kollektivin ilk solistlərindən biri Ceyla olur, orkestrin tərkibində müxtəlif qastrollara gedir. Teymur Göyçayev onun haqqında belə deyir: "Ceylanın parlaq gələcəyi var. Skripkanın keyfiyyətindən və ölçüsündən asılı olmayaraq, onun çaldığı bütün əsərlər ifasında gözəl səslənir. O, musiqini qəlbi ilə duyur. Onun gözəl skripka ifaçısı olacağına əminəm". Skripkaçı qızın musiqi sahəsində ilk addımlarını atdığı gündən yanında olan, onunla məşğul olan müəllimi Fatma İdiatulina da yetirməsinə böyük ümidlər bəsləyir.
   
   Xarici səhnələrdə
   qazanılan uğurlar
   
   Ceyla onun üçün ən yaddaqalan və həyatını demək olar sözün yaxşı mənasında dəyişdirən hadisənin - 2006-cı il dekabrın 6-da Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vaşinqtonda keçirilən tədbirdə baş verdiyini deyir: «Həmin vaxt böyük səhnədə skripkada Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun "Komde" əsərini ifa etdim və çıxışım alqışlarla qarşılandı. Müxtəlif tədbirlərdə ifalarım xarici tamaşaçıların da qəlbini riqqətə gətirir. Əlbəttə, bütün bunlar mənim yaradıcılığıma stimul verir».
   Ceyla da, digər musiqiçi həmkarları kimi, dövlət başçısı İlham Əliyevin gənc istedadlara yüksək diqqət və qayğısını hiss edir və bunu məmnuniyyətlə qeyd edir: “Cənab İlham Əliyevin 14 iyun 2007-ci il tarixli sərəncamı ilə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülməyim və adımın Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılması mənim üçün böyük fəxrdir».
   Yaşının az olmasına baxmayaraq, Ceyla Seyidovanın musiqi sahəsində, xüsusilə dünyanın bir çox ölkələrində keçirilən nüfuzlu müsabiqələrdə, festivallarda əldə etdiyi nailiyyətlərin sayı çoxdur. Məsələn, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə skripkaçı 2008-ci ilin 4-16 martında İtaliyanın Fasano şəhərində keçirilən Don Matteo Kaluççi adına instrumentalistlərin və vokalçıların I beynəlxalq müsabiqəsində uğurla iştirak edib. 12 yaşlı Ceylanın skripkada Azərbaycanın və xarici bəstəkarların müxtəlif janrlarda yazdıqları əsərlərini yüksək məharətlə ifa etməsi festivalın münsiflər heyətini heyran edib. Ceyla həmin müsabiqədə I yerə layiq görülərək Vətənə medalla dönüb. 2008-ci ilin 20-26 mayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parisdə - UNESCO-nun baş qərargahında, habelə Strasburqda, Brüsseldə keçirilən "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsert proqramlarında skripkaçının hər bir çıxışı böyük maraq doğurub. Onun ifasında C.Vilyamsın "Şindlerin siyahısı" kinofilmindən musiqi fraqmenti bütün zal tərəfindən alqışlarla qarşılanıb.
   
   «Hətta məşhur
   musiqiçilər bizə yaxınlaşıb
   minnətdarlıq edirdilər»
   
   Ceyla Seyidovanın əldə etdiyi bu uğurlar ona böyük stimul verir. Özünün dediyi kimi, yorulmaq nə olduğunu bilmədən istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən beynəlxalq musiqi festivallarında, konsertlərdə, müxtəlif tədbirlərdə iştirak etməyə hər zaman böyük maraq və həvəs göstərir: “2008-ci ildə Bakıda keçirilən Beynəlxalq Mstislav Rostropoviç festivalında iştirak etdim. Festivalda skripkada solo ifam çox yüksək qarşılandı. Həmin ilin sentyabrında İsveçdə Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri ilə mənim solo çıxışım alqışlarla qarşılandı. 2009-cu ilin 8 iyununda isə Hollandiyanın Haaqa şəhərində keçirilən konsertdə də uğurla çıxış etdim».
   2010-cu il mayın 21-dən iyunun 2-dək Moskvada "Moskva dostlarını qarşılayır" adlı VII Beynəlxalq festival da Ceylanın musiqi həyatında böyük rol oynadı. O, festivalda uğurla iştirak edərək, yüksək ifaçılıq nümayiş etdirdi və laureat adını qazandı. Lakin bütün bunlar son deyil. Ceyla əldə etdiyi nailiyyətlərdən heç də arxayınlaşmır, daim yaradıcılıq axtarışındadır. O, dünyanın məşhur skripkaçılarından sayılan Maksim Venqerovdan ustad dərsləri alıb.
   2011-ci il də onun yaradıcı həyatına uğurlar gətirib. Yuxarıda qeyd etdiyimiz kimi, o, respublika Təhsil Nazirliyinin dəstəyi ilə martın 2-8-də Belçikanın Namur şəhərində keçirilən gənc musiqiçilərin "Bravo" IV Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycanı belə mötəbər bir yarışda Ceyla Seyidova təmsil edib. Müsabiqənin özəlliyindən bəhs edən Ceyla onun çox nüfuzlu, eyni zamanda çətin musiqi yarışması olduğunu dedi: «15 musiqiçinin mübarizə apardığı müsabiqə 2 turdan ibarət idi. II tura 6 nəfər keçdi. Fransa, Rusiya, Belçika və digər ölkələrin təmsilçiləri ilə birgə çıxış edirdim və ən yüksək yerə layiq görüldüm».
   Qeyd edək ki, Ceyla Seyidova xarici ölkələrdə keçirilən “Azərbaycan mədəniyyət, günləri”ndə də öz ifası ilə ölkəmizi layiqincə təmsil edir. Anası Samirə xanım Ceylanın belə mötəbər mədəniyyət tədbirlərində iştirakına şərait yaradılmasına görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
   Samirə xanım qızı ilə bağlı fikirlərini də bizimlə bölüşdü: "Professional musiqiçi kimi, mənim üçün fəxrdir ki, qızım belə bir müsabiqədə birinciliyi əldə edib. Ən xoş odur ki, Ceylanın çıxışından sonra hər bir kəs, hətta məşhur musiqiçilər bizə yaxınlaşıb minnətdarlıq edirdilər. Bu mənim üçün ən yüksək qiymətdir".
   Samirə xanım onu da bildirdi ki, müsabiqədən sonra Ceylaya Brüssel Konservatoriyasında təhsil almaq təklif olunub. Ceyla Seyidova hazırda 10-cu sinifdə təhsil alır. Buna baxmayaraq onu demək olar ki, dünyanın görkəmli musiqiçiləri onu yaxşı tanıyır, ifasını bəyənir və haqqında xoş sözlər söyləyirlər. Onun ən böyük arzusu isə dünya şöhrətli skripkaçı olmaq, doğma Azərbaycanını bütün dünyada layiqincə təmsil etməkdir. Biz də Ceylaya bu yolda uğurlar arzu edirik.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar