Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsi mədəniyyətimizin tarixi nailiyyəti, misli görünməmiş zəfəridir
   
   Beynəlxalq miqyasda ən nüfuzlu musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsinin builki qalibi Azərbaycan oldu. Əsası 1956-cı ildə qoyulan və son illər geniş rezonansı ilə təkcə Avropanın deyil, bütün dünyanın diqqət mərkəzinə gələn müsabiqə bu il 56-cı dəfə keçirilirdi. 
   
   43 ölkənin yer aldığı mötəbər musiqi yarışmasında Azərbaycan 4-cü dəfə idi ki, iştirak edirdi. Ölkəmizin təmsilçiləri Eldar Qasımov və Nigar Camal mayın 10-da keçirilmiş yarımfinalda uğurla çıxış edərək final mərhələsinə çıxdılar.
   Mayın 14-də Almaniyanın Düsseldorf şəhərinin “Espit Arena”sında keçirilən final yarışması Azərbaycanın çağdaş tarixinə misli görünməmiş sənət, mədəniyyət zəfəri yazdı. “Eurovision 2011”in finalını dünyanın 50-dək ölkəsində 100 milyondan çox canlı olaraq izləyirdi. Həmin gecə dünya Azərbaycanın uğuruna, sonsuz sevincinə şahidlik etdi. Bu möhtəşəm qələbə Azərbaycanın səsini bütün dünyaya duyurdu.
   25 ölkənin birincilik uğrunda mübarizə apardığı “Eurovision 2011”in finalında Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal “Running Scared” (Azərbaycan dilində “Ürküb qaçan” və ya “Geriyə baxmadan qaç” mənasını verir) mahnısı ilə Avropada könülləri fəth etdilər. Təmsilçilərimiz gözəl ifaları və möhtəşəm səhnə performansları ilə 221 bal toplayaraq Azərbaycanı 43 Avropa ölkəsi arasında birinci sıraya yüksəltdilər. Xatırladaq ki, təmsilçilrimizə uğur gətirən mahnının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Lain Farquharsondur.
   İştirakçı ölkələrdən gələn SMS-lər və münsiflərin səsinin nəticələrinə görə, italyan Rafael Qualazzi (“Follia d’Amore” mahnısı) 189 xalla 2-ci, isveçli Erik Saade (“Popular” mahnısı) 185 xalla 3-cü oldu. Ukrayna (Mika Nyutonun “Angel” mahnısı) 4-cü (159 xal), Danimarka (“A Friend İn London” qrupunun “New Tomorrow” mahnısı) 5-ci (134 xal) nəticə göstərdi.
   Ölkəmizin tarixi qələbəsini böyük sevinc və sonsuz qürur hissi ilə bayram etdiyimiz bu anlarda Azərbaycan musiqiçilərinin təkrarolunmaz ifalarını ən yüksək balla qiymətləndirən Avropa ölkələrinin adlarını bir daha minnətdarlıq hissi ilə xatırlatmaq yerinə düşər. Beləliklə, Türkiyə, Rusiya və Malta Azərbaycan təmsilçilərinin çıxışlarını ən yüksək - 12 balla qiymətləndirdilər. Ukrayna, Xorvatiya, San-Marino, Rumıniya və Moldova da Azərbaycan təmsilçilərinin ifasını layiqincə qiymətləndirdiklərini hər biri 10 balla ifadə etdi. Daha bir neçə ölkə - Kipr, İslandiya, Avstriya, Polşa, Gürcüstan, Albaniya, Portuqaliya, Litva, Bosniya və Herseqovina və Estoniya ölkəmizə 8 bal verməklə təmsilçilərimizə böyük dəstək oldular. Ümumilikdə Azərbaycan dueti “Eurovision 2011”in finalında 30 ölkədən dəstək qazandı.
   Xatırladaq ki, Azərbaycan “Eurovision” beynəlxalq televiziya mahnı yarışmasında 2008-ci ildən iştirak edir. Həmin il ölkəmiz 8-ci (Samir və Elnur dueti), 2009-cu ildə 3-cü (Aysel və Araş dueti), 2010-cu ildə 5-ci (Səfurə Əlizadə) olmuşdu. Bu il isə Eldar və Nigar dueti müsabiqənin qalibi olaraq bu mötəbər yarışmanı ölkəmizə gətirdilər. Növbəti - 57-ci “Eurovision” müsabiqəsi 2012-ci ilin mayında Azərbaycanda - Bakıda keçiriləcək.
   Azərbaycanın səsini dünyaya duyuran təmsilçilərimizlə bir qədər yaxından tanış olaq.
   Eldar Qasımov 1989-cu ildə Bakıda doğulub. 2001-2005-ci illərdə 2 saylı Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. 2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. 2010-cu ildə həmin təhsil ocağının beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
   Nigar Camal 1980-ci ildə Bakıda anadan olub. 1985-1986-cı illərdə uşaq ansamblında solist kimi çıxış edib. 1988-ci ildən "Pöhrə" respublika mahnı müsabiqəsinin iştirakçısı olub, 1996-cı ildə həmin yarışmanın fəxri diplomunu qazanıb. Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsini bitirib. 2005-ci ildə ailə həyatı quraraq Londona köçüb.