“Biz dediyimizi etdik və qələbə ilə Azərbaycana qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur”. Bu sözləri 56-cı “Eurovision” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Düsseldorfun “Esprit Arena”sında final yarışmasından sonra keçirilən mətbuat konfransında bildiriblər.
   
   Azərbaycanın “Eurovision 2011” müsabiqəsindəki qələbəsi mayın 15-i gecə saatlarında Bakı küçələrində möhtəşəm bayram əhvalı yaradıb. Paytaxt sakinləri küçələrə axışaraq qələbə sevinclərini bölüşürdülər. Hamı sevinc içərisində idi. Əllərdə Azərbaycan bayrağı dalğalanır, dillərdə “Azərbaycan” şüarı səslənirdi. Yüzlərlə avtomobildən ibarət karvan Azərbaycan bayraqları ilə şəhəri dolaşırdı.
   Mayın 16-na keçən gecə təmsilçilərimiz Vətənə qayıdıblar. Heydər Əliyev adına hava limanında onları geniş izdiham qarşılayıb.
   Almaniyadan tarixi zəfərlə qayıdan təmsilçilərimiz mayın 16-da Bakıda böyük öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, paytaxt sakinləri, saysız pərəstişkarları ilə görüşüblər. Təmsilçilərimiz ictimaiyyətə üz tutaraq bu neçə ay ərzində onlara daim dəstək olduqlarına görə minnətdarlıqlarını bildiriblər. "Bu, təkcə Nigarla mənim qələbəmiz deyil, bütün Azərbaycanın qələbəsidir", - deyə Eldar sevinc hisslərini paytaxt sakinləri ilə bölüşüb.