Azərbaycanın “Eurovision - 2011” mahnı müsabiqəsindəki parlaq qələbəsi dünyanın bir çox ölkəsində geniş rezonans doğuraraq ictimaiyyətin, medianın diqqət mərkəzinə gəlib.
Türkiyə. Azərbaycan təmsilçilərinin “Eurovision - 2011“ zəfəri qardaş Türkiyədə böyük sevinclə qarşılanıb. Gənclərimizin qələbə sevincini əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandırmaqla qeyd etməsi ölkənin əksər telekanalları və informasiya agentliklərinin aparıcı xəbər mövzusu olub. “Hürriyət”, “Vətən”, “Milliyət” və digər nüfuzlu qəzetlərin internet saytlarında Azərbaycan gənclərinin qələbə anını əks etdirən videoçarxlar yerləşdirilib. Qəzetlərin birinci səhifələrindəki xəbərlər “”Eurovision”da qardaş təsəllisi”, “Finala çıxa bilmədik, amma qazandıq”, “Eurovision”da zəfər qardaş Azərbaycanın oldu” kimi başlıqlarla verilib. Xəbərlərdə vurğulanıb ki, Türkiyə ictimaiyyəti qardaş ölkənin qələbəsini öz uğuru kimi qiymətləndirir.
* * *
Fransa. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanın böyük qələbəsi Fransa mətbuatının aparıcı mövzularından birinə çevrilib. Ölkənin nüfuzlu yahoo.fr saytında məşhur Röyter, Assoşieyted Press, Frans Press və digər agentliklərin mahnı yarışından qalib çıxan Eldar Qasımov və Nigar Camalla bağlı materialları yerləşdirilib. Agentliklər Azərbaycanın tarixində ilk dəfə olaraq “Eurovision”da qalib gəlməsi barədə məlumat verib, Fransanın təmsilçisi Amori Vassilinin yarışmada 15-ci yeri tutması, bu ölkənin sonuncu dəfə 1977-ci ildə “Eurovision” müsabiqəsinin qalibi olması təəssüf hissi ilə xatırlanıb.
Fransa mətbuatı Azərbaycanın belə möhtərəm mahnı yarışında dördüncü dəfə iştirak etməsinə baxmayaraq, qibtə ediləcək dərəcədə böyük uğura imza atmasından, “Eurovison-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyindən və bunun gənc müstəqil dövlət üçün qürurdoğuran fakt olmasından söhbət açıblar.
Parisdə nəşr olunan gündəlik “L’ Express“, “Le Parisien“, “Liberation”, “Paris-Matsh” və digər mətbu orqanları da Eldar Qasımov və Nigar Camalın uğuru barədə müxtəlif başlıqlar altında məqalələr dərc ediblər.
“Le Parisien” qəzeti Eldar və Nigar duetinin “Eurovison-2011” müsabiqəsində isveçli müəllif və bəstəkarın mahnısını ingilis dilində çox romantik şəkildə, göz-gözə, məharətlə ifa etdiklərini diqqətə çatdırıb. “L’ Express” qəzetində “Azərbaycan “Eurovison-2011”-də Eldar və Nigarla qələbə qazandı” sərlövhəli məqalədə bildirilir ki, Reyn çayının sahilindən 5500 km. uzaqda yerləşən Azərbaycanın paytaxtı Bakıda yerli vaxtla gecə saat 3.30-da nəticələr elan olunan kimi şəhər sakinləri küçələrə çıxaraq qələbəni böyük sevinc hissi ilə qeyd ediblər.
* * *
Amerika. ABŞ mətbuatı da Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki qələbəsini işıqlandırıb. CNN, MSNBC kanalları, “Uol Strit Cornal”, “Tayms” və ABŞ-ın digər nüfuzlu media vasitələri ölkəmizin beynəlxalq musiqi səhnəsində parlaq qələbəsindən bəhs edərək, “Eurovision-2012”-nin Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyini qeyd ediblər. “ABC” kanalı isə Vaşinqtonda yaşayan Azərbaycan icmasının qələbə sevincini yayımlayıb. Bildirilib ki, Qafqazdan kənarda yaxşı tanınmayan, əhalisinin sayına görə dünyada 90-cı yeri tutan Azərbaycan “Eurovision” mahnı müsabiqəsində layiqli qələbə qazanıb. Kanal qeyd edib ki, ABŞ paytaxtında yaşayan azərbaycanlılar müsabiqəni teleekranlardan izləyərək, Azərbaycanda və bütün Avropada yaşayan həmvətənləri ilə bərabər seviniblər.
* * *
İsveç. Azərbaycanın İsveçdəki səfirliyindən bildiriblər ki, “Eurovision - 2011” musiqi müsabiqəsinin final mərhələsindən İsveç televiziyasının canlı yayımı bitdikdən sonra Stokholmda yaşayan azərbaycanlılar Eldar və Nigar duetinin birinci yeri tutması münasibətilə sevinclərini ifadə etmək üçün şəhərin mərkəzi meydanı Selqerrstora toplaşıblar. Soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq “Azərbaycan, Azərbaycan” şüarını səsləndirməklə qələbə şənliyi keçiriblər.
* * *
Almaniya. Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Azərbaycanın “Eurovision-2011“ mahnı müsabiqəsində möhtəşəm qələbəsi münasibətilə Berlinin küçələrinə çıxıb bayram ediblər.
AAKM-in icraçı direktoru Samira Patzer-İsmayılova qurum adından Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını qələbə münasibətilə təbrik edərək bu hadisənin ölkəmizin Avropada müsbət imicinin formalaşmasına gözəl töhfə olduğunu deyib.
* * *
Ukrayna. Ukrayna mətbuatı da Azərbaycanın müzəffər təmsilçilərinin qələbəsini geniş işıqlandırıb. “Running Scared”! “Eurovision-2012” Bakıda keçiriləcəkdir!”. - Ukraynanın “Birinci milli telekanalı” özünün rəsmi saytında bu sərlövhəli məlumatı dərc edib. Qeyd olunub ki, bu qələbə sayəsində növbəti “Eurovision-2012” müsabiqəsi Bakıda keçiriləcək.
Qeyd edək ki, Ukrayna torpağı Eldar və Nigarın qələbə yolunda özünəməxsus tramplin olub. Çünki onların “Eurovision” klipi Ukraynada (Krımda) çəkilib və təmsilçilərimiz Düsseldorfa Kiyevdən yola düşüblər. “Eurovision-2004” müsabiqəsinin qalibi, Ukraynanın populyar müğənnisi Ruslana Azərbaycan təmsilçiləri ilə bağlı demişdi: “Eurovision”da “partlayış” etmək üçün onların böyük potensialı vardır...” Onlar həqiqətən bu müsabiqədə “partlayış” ediblər.
* * *
Belarus. Belarusun BELTA agentliyi “Azərbaycandan olan Ell/Nikki dueti “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində öz qələbəsinə inana bilmir” sərlövhəli informasiya dərc edib. Xəbərdə vurğulanır ki, bəxtəvər artistlər şou başa çatandan sonra jurnalistlərə verdikləri müsahibədə bunu etiraf ediblər. Onlar emosiyalarını gizlətmədən qışqırıb: “Azərbaycan, biz səni sevirik!”.
* * *
Çin. Azərbaycanın “Eurovision-2011“ mahnı müsabiqəsində qələbəsi Çin mətbuatının da diqqət mərkəzindədir. Rəsmi Sinxua agentliyinin saytında Azərbaycanın qələbəsinə baş səhifədə geniş yer ayrılıb. “Azərbaycan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibidir” adlı materialda qeyd olunub ki, ölkəmiz bütün Avropanı əhatə edən səsvermədə birinci oldu. Baş mükafat - büllur mikrofon Azərbaycana aparıldı və gələn il Avropanın ürəyi bu ölkədə döyünəcəkdir.
Çin mərkəzi televiziyası (CCTV) Azərbaycan təmsilçilərinin qələbəsi ilə bağlı süjet yayımlayıb. Qeyd olunub ki, Azərbaycan müsabiqədə iştirak təcrübəsi az olmasına baxmayaraq “Eurovision-2011”də qalib gəlib. Süjetdə Eldar və Nigarın ifa etdikləri mahnı yayımlanıb.
* * *
İsrail. İsraildəki Azərbaycan Diaspor Komitəsi “Eurovision - 2011” müsabiqəsində qazanılmış qələbə münasibətilə Azərbaycanı təbrik edib. Təbrikdə deyilir: “Əslən Azərbaycandan olan çoxminlik icma bütün həmvətənlərini “Eurovision - 2011” müsabiqəsində parlaq qələbə münasibətilə təbrik edir. Biz şadıq ki, Azərbaycan öz incəsənətini bütün Avropa qarşısında layiqincə nümayiş etdirib. Eldar və Nigarın qələbəsi Azərbaycanın zəngin musiqi mədəniyyətini əks etdirir. Avropa qədim və daim gənc Odlar Diyarına daha yaxın olub. Azərbaycana yeni qələbələr arzulayırıq”.
* * *
Gürcüstan. Azərbaycanın “Eurovision-2011”-də zəfəri Gürcüstanda da əsl ümumxalq bayramı kimi qeyd edilib. Təmsilçilərimizin parlaq qələbəsi məlum olan andan etibarən - mayın 15-nə keçən gecədən başlayaraq Gürcüstanda da əsl bayram əhval-ruhiyyəsi hökm sürüb.
Qeyd edək ki, mayın 15-də Gürcüstan prezidenti Mixeil Saakaşvili prezident İlham Əliyevə telefonla zəng edərək Azərbaycan nümayəndələrinin “Eurovision-2011” müsabiqəsində qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb və bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulayıb.
* * *
Latviya. Riqanın küçələrində azərbaycanlılar Nigar və Eldarın qələbəsini səhərədək bayram edib. “Eurovision - 2011” mahnı müsabiqəsinin nəticələri məlum olan kimi, Latviyada yaşayan həmvətənlərimiz və onların latış dostları əllərində Azərbaycan bayraqları bu ölkədəki səfirliyimizin qarşısına toplaşıblar və sonra “Azərbaycan”, “Qələbə bizimdir” kimi şüarlar səsləndirərək şəhərin küçələri boyunca səhərədək Nigar Camal və Eldar Qasımovun qələbəsini bayram ediblər.