Tanınmış müğənni, Xalq artisti, professor Xuraman Əkrəm qızı Qasımova 1951-ci il iyun ayının 6-da Bakıda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Səsinin tembri sopranodur. Bir müddət Musiqili Komediya Teatrında işləyib.
   
   Sənətdə ilk böyük mükafatını 1977-ci ildə ifaçıların 5-ci Cənubi Qafqaz müsabiqəsində qazanıb. Həmin ildə vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin laureatı olub. Müğənninin opera səhnəsində əsas partiyaları: Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Fikrət Əmirovun “Sevil” operasında Sevil və Dilbər, Ciakomo Puççininin “Bohema” operasında Mimi və Müzetta, Cüzeppe Verdinin “Otello” və “Aida” operasında Dezdemona və Aida, Pyotr Çaykovskinin “Yevgeni Onegin” operasında Tatyana, Covanni Perqomzininin “Xanımın qulluqçusu” operasında Serpina, Şarl Qunonun “Faust” operasında Marqarita, Zakir Bağırovun “Qoca Xottabıç” operasında Leyla və s.
   Xuraman Qasımova 1981-ci ildə Mariya Kallas adına Beynəlxalq müsabiqənin laureatı olub, “Qran pri” mükafatının qızıl medalına layiq görülüb. 1982-ci ildə Moskvada keçirilən ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin laureatı adını qazanıb. 1988-ci ildə 8-ci Beynəlxalq Çaykovski müsabiqəsinin gümüş medalına layiq görülüb.
   Xuraman Qasımova Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlamazdan öncə incəsənətin başqa bir sahəsində, kinoda artıq tanınmışdı. O, hələ orta məktəbdə oxuyarkən “Liftçi qız” filmində (1966) baş rolu ifa etmiş və populyarlıq qazanmışdı. Bundan əlavə, “Mən ki, gözəl deyildim” (1968), “Həyat bizi sınayır” (1972) filmlərində də maraqlı rollar oynayıb.
   Bundan sonra isə artıq vokal ifaçılığında böyük uğurlar qazanıb. Xuraman Qasımova 1982-ci ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 1996-cı ildən bu təhsil ocağının professorudur.
   Sənət nailiyyətlərinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1986-cı ildə isə respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb. 1994-cü ildən İstanbul Dövlət Universitetinin Konservatoriyasının professorudur. 2001-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
   Xuraman Qasımova bir sıra xarici ölkələrdə (Bolqarıstan, Fransa, Avstriya, Norveç, Finlandiya və s.) çıxışlar edib. Hazırda vokal sənətinin sirlərini gənc ifaçılara öyrədir. Təcrübəli pedaqoqun yetirmələri respublikamızda və onun hüdudlarından kənarda uğurla çıxışlar edirlər.