Dönə-dönə xatırladığımız, nəğmələri ilə neçə-neçə könülləri ovunduran, qəlblərdə yaşayan Bəhram Nəsibov... Onun zəngin, rəngarəng musiqi və poetik dünyası var idi. Nadir istedad sahibi, bəstəkar, ifaçı, şair kimi tanınırdı, mahnıları dildən-dilə gəzərdi. Bu gün həyatda olmasa da, əsərləri ilə yaddaşlarda yaşayır. B.Nəsibovun oğlu Adillə söhbət edirəm, sənətkarın tərcümeyi-halına, keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salıram...
Bəhram Nəsibov Qarabağda - Füzulinin Aşağı Rəfədinli kəndində dünyaya gəlmişdi. Uşaqlıqdan musiqiyə, şeirə, sənətə maraq göstərərdi. Atası Paşa Nəsibov tanınmış el xanəndəsi idi. Görkəmli xanəndəmiz S.Şuşinskiylə tez-tez el şənliklərində olardı.
B.Nəsibov ötən əsrin 70-ci illərinin əvvəllərindən, tələbəlik illərindən mahnı, şeir yaradıcılığına başlamışdı. “Qarabağ”, “Sən də həmdəm, mən də həmdəm”, “Var gülüşündə”, “Bacılar”, “Ay dəli ceyran”, “Eşqimin baharı” və başqa mahnıları həmin illərin yadigarlarıdır və bu gün də müğənnilər tərəfindən sevilə-sevilə oxunmaqdadır. Oğlu Adil Nəsibin dediyinə görə, atasının hələ neçə-neçə mahnısı oxunmayıb. Dedi ki, həmin mahnıları, arzusunda olan hər hansı müğənniyə təmənnasız verə bilərik. Ümumiyyətlə, Bəhram Nəsibov 200-ə yaxın mahnının müəllifidir. Mahnı yaradıcılığı ilə yanaşı, şeirləri (bir çox mahnıların sözlərini də özü yazıb), satirik və yumoristik yazıları, bəhri-təvilləri onun yaradıcılığının çoxşaxəli olduğunu göstərir.
Bəhram Nəsibovun həyatdan, bu dünyadan heç bir təmənnası yox idi. Sadə bir sənətkar ömrü yaşadı. Ailəsini ifaçılığı ilə, toy məclislərində gitara çalmaqla dolandırırdı. Onun yalnız bir istəyi var idi - müəllifi olduğu mahnılar səslənəndə “musiqisi Bəhram Nəsibovundur” desinlər. Bunun üçün o neçə-neçə məmur qapısı döymüşdü. Hər dəfə də bu qapılar onun üzünə bağlanmışdı. Lakin ruhdan düşmürdü, yazıb-yaradırdı. Həmişə yumorla deyərdi ki, məni ruhdan sala bilməzlər. Ancaq xəstəxanaya sala bilərlər. Həqiqətən də çəkdiyi mənəvi əziyyət onu tez-tez xəstəxanaya salırdı.
Müstəqilliyimizin ilk vaxtlarında Azərbaycanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri B.Nəsibovun mənəvi haqqını özünə qaytarmaq üçün onun müdafiəsinə qalxdılar. Məmməd Araz, Sabir Rüstəmxanlı, Nəbi Xəzri, Ələviyyə Babayeva, Sara Qədimova, İslam Rzayev və başqalarının respublikanın əlaqədar qurumlarına ünvanladıqları məktubda deyilirdi: “...Sizdən soruşmaq istəyirik, əgər sizin bəstələdiyiniz bir mahnını, yazdığınız bir şeiri başqa bir müəllifin adına çıxsalar, ona dözə bilərsinizmi? Yəqin ki, yox. Amma B.Nəsibov dözür. Özü də düz 25 il... B.Nəsibov nə üçün Bəstəkarlar İttifaqına üzv qəbul olunmur?.. Nə üçün televiziyada ifa olunan mahnıların müəllifinin adı çəkilmir? Bəhram Nəsibov evsiz-eşiksiz bir ömür yaşayır. Gəlin, belə istedadlı adamlara mənəvi dayaq olaq”.
Artıq 10 ildən çoxdur ki, Bəhram Nəsibovun bu dünyanı tərk edib. Onun incə, zərif musiqisi, könül oxşayan, həmişəyaşar mahnıları qədirbilən xalqımız və sənət adamlarımız tərəfindən daim seviləcək və unudulmayacaq.
Elmin İdrisli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü