\"Eurovision 2012\" musiqi yarışmasında iştirak etmək üçün Azərbaycana gələcək qonaqların yerləşdirilməsi üçün hotellərlə yanaşı, Xəzər dənizindəki gəmilərdə yaradılan \"full-hotel\"lərdən də istifadə edilə bilər. Bunu Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
   Onun sözlərinə görə, qonaqların yerləşdirilməsində problem olmayacaq. Amma qonaqlara xidmət göstərmək üçün kadr hazırlığı aparılmalıdır: “Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və turizmlə məşğul olan digər qurumlar bu işlə indidən məşğuldular. Artıq bu işlərə başlanılıb. Azərbaycan qonaqları peşəkarcasına, dünya standartlarına uyğun qarşılamalı, xidmət göstərməlidir. \"Turizm ili\" ilə əlaqədar Azərbaycanda turizm sahəsi üzrə kadrların hazırlanması prosesi həyata keçirilir. Sadəcə, \"Eurovision 2012\"-nin Bakıda keçirilməsi ilə əlaqədar bu işlərə daha böyük diqqət göstərilir. 2012-ci ildə ölkəyə gələcək şəxslərin sayı \"Eurovision\"la əlaqədar çox olacaq. Bu baxımdan növbəti ili də Azərbaycanda \"Turizm ili\" adlandırmaq olar\".