İyul ayında Qəbələdə III Beynəlxalq musiqi festivalı keçiriləcək. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalın budəfəki qonaqları sırasında da dünya musiqisinin tanınmış simaları olacaq.
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti, festivalın musiqi direktorlarından biri Fərhad Bədəlbəylinin sözlərinə görə, builki festival həm iştirakçı sayına, həm də əhatə dairəsinə görə fərqlənəcək.
   İyulun 15-dən 22-dək davam edəcək tədbir çərçivəsində pianoçuların beynəlxalq müsabiqəsi də keçiriləcək. F.Bədəlbəyli bildirib ki, müsabiqədə 30-dan artıq ölkədən gənc pianoçular yarışacaqlar: “Dünyanın müxtəlif yerlərindən 30-35 pianoçu Qəbələyə gələcək. Eyni zamanda müsabiqənin qalibi London Kral Filarmonik Simfonik Orkestirlə birgə konsert vermək şansı qazanacaq. Bu hər bir gənc pianoçunun böyük arzusudur. Ona görə də rəqabət çox ciddi olacaq”.
   Azərbaycanın gənc pianoçularına gəlincə, F.Bədəlbəyli qeyd edib ki, bizim pianoçularımız ancaq master-klasslarda iştirak edəcəklər, bilavasitə yarışmada isə yer almayacaqlar: “Təəssüf ki, bizim pianoçularımız passiv oldular. Bilmirəm, bəlkə də bir az ehtiyatlandılar, çünki müsabiqəyə Çin və Rusiyadan bir neçə müsabiqələrin laureatları və qalibləri də qatılacaqlar”.
   Beynəlxalq müsabiqənin münsiflər heyətində İtaliya və İspaniyadan da tanınmış professorlar iştirak edəcək. Tanınmış münsiflər heyətinin iştirakı ilə master-klasslar keçiriləcək.
   Festivalın proqramının çox zəngin və maraqlı tərtib edildiyini vurğulayan F. Bədəlbəyli konsertlərdə Ü. Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin iştirak edəcəyini deyib. Eyni zamanda konsertlərdə pianoçular Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, İtaliyadan və İspaniyadan vokalçılar, azərbaycanlı ifaçılar Cavid Səmədov və Azər Rzayev də iştirak edəcək: “Festival çərçivəsində muğam və caz axşamları da keçiriləcək. Muğam axşamında bu yaxınlarda yekunlaşan muğam müsabiqəsinin qalibləri çıxış edəcək. Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Simfonik Orkestri, dünya şöhrətli musiqiçilər Denis Matsuyev, Boris Brizovski, çox tanınmış baritonların da bu festivalda çıxışı nəzərdə tutulur”.
   Qeyd edək ki, Qəbələ Beynəlxalq musiqi festivalı 2009-cu ildən keçirilir.