Deyirlər, istedad Allah vergisidir. Bu vergi insanın düzgün seçimi, zəhməti, iradəsi ilə üst-üstə düşdükdə isə həmin istedadın sahibi az vaxt içərisində milyonların tanıdığı və sevdiyi şəxsə çevrilir.
   Ötən ay İtaliyada keçirilən Pyetro Arcento adına XIV Beynəlxalq musiqi müsabiqəsində birinci yeri tutan gənc istedad, Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbinin 10-cu sinif şagirdi Günay Ağalarova kimi...

   
   “Daxilimdən bir səs qalib olacağımı deyirdi...”
   
   İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya, İraq, Almaniya, Cənubi Koreya, Niderland, Türkiyə, Polşa, Sloveniya və başqa ölkələrin təmsilçilərinin iştirak etdiyi müsabiqəyə, Günay Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilmişdi: “Yarışmaya qatılanda birincilik qazanmağı qarşıma məqsəd qoymuşdum və onu əldə edəcəyimə də inanırdım. Rəqiblərim çox güclü idi. Müxtəlif ölkələri təmsil edən musiqiçilərin ifasını dinlədikcə, elə bil məqsədimə bir qədər də yaxınlaşırdım. Daxilimdən bir səs qalib olacağımı deyirdi. Qalibləri Koreya, İtaliya və Rusiyadan olan peşəkar musiqiçilərdən ibarət münsiflər heyəti müəyyən edirdi. Nəticədə münsiflərin rəyi ilə 95 bal topladım və 16-18 yaşlıların yarışdığı D kateqoriyası üzrə 1-ci yeri qazandım».
   Hələ uşaq vaxtlarından pianoda çalmağa böyük həvəsi olduğunu deyən Günay valideynlərinin onun həkim olmasını istədiklərini bildirir: «Ona görə də sadəcə marağım olduğuna görə məni piano üzrə musiqi məktəbinə qoydular. Bu sənətə marağım olduğu üçün öz üzərimdə həvəslə işləməyə başladım. Bu, təkcə valideynlərimin deyil, məktəbdə müəllimlərimin də diqqətini cəlb etməyə başladı. İlk dəfə 3-cü sinifdə oxuyanda Qara Qarayev adına müsabiqəyə qatıldım və ikinci yeri tutdum. Sonradan diplomlarımın sayı artmağa başladı. 6-cı sinifdə yenidən həmin müsabiqədə iştirak etdim və bu dəfə 1-ci yerə layiq görüldüm. 8-ci sinifdə oxuyarkən Pianoçuların I Respublika müsabiqəsinə qoşulmaqla bir daha birincilik qazandım. Xarici ölkələrdə keçirilən beynəlxalq yarışmalarda da uğurlar qazanırdım. Ötən il Belarusda keçirilən beynəlxalq müsabiqədə diplomant oldum. Daha sonra Litvada keçirilən gənclərin XIX Beynəlxalq musiqi festivalında da uğurla çıxış etdim».
   
   “Onun həkim olmasını istəyirdik”
   
   «Nəinki ailəmizdə, heç nəslimizdə də musiqiçi yoxdur. Onu 10 il əvvəl piano sinfinə qoyanda belə uğur qazanacağı ağlıma da gəlməzdi». Bu sözləri Günayın anası Simuzər Ağalarova deyir. İxtisasca ingilis dili müəlliməsi olan Simuzər xanım qızının pianoçu olmasını, ümumiyyətlə, musiqi sənətinə yiyələnməsini istəməyib: “Bu sənət çox məsuliyyətli və çətin sənətdir. İlk vaxtlar onun uğurlarına sevinsək də, gələcəkdə bu sənəti seçməsini istəmirdik. Onun həkim olmasını istəyirdik. Amma görünür, qismət belə imiş”.
   S.Ağalarovanın sözlərinə görə, qızının bu yarışmada uğur qazanmasında məktəbin direktoru Rafiq Əzizov və musiqi müəlliməsi Zaretta Çedjemovanın çox böyük zəhməti olub: «Hələ bir neçə il əvvəl Günayı musiqi məktəbindən çıxarmaq istəyirdik. Digər dərslərinə hazırlaşması çətin olurdu. Rafiq müəllim buna imkan vermədi və onun çox istedadlı uşaq olduğunu dedi. İtaliyada keçirilən müsabiqəyə isə bir il idi ki, müəlliməsi ilə birlikdə ciddi hazırlaşırdı».
   
   «İndiyədək əldə edilən qələbələri başlanğıc hesab edirəm»
   
   Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim Rafiq Əzizov da Günayın bu qalibiyyət sevincini ürəkdən paylaşdığını deyir. Onun sözlərinə görə, Günayın ifasını ilk dəfə dinlədiyi gündən onun gələcəkdə tanınmış pianoçu olacağına inanıb: «Günay çox istedadlı və çalışqan qızdır. Onun uğurları məni çox sevindirir. Müəlliməsi də peşəkardır. Bu günə qədər əldə edilən qələbələri mən başlanğıc hesab edirəm. Düşünürəm ki, Günayın uğurları hələ qarşıdadır».
   Qeyd edək ki, Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbi 1968-ci ildən fəaliyyət göstərir. İndiyə qədər bu musiqi məktəbinin bir çox məzunu müxtəlif müsabiqə və festivalların qalibi olub. Onların arasında Prezident təqaüdçüsü olanlar da var.
   
   «Niyyətin hara, mənzilin ora»
   
   Müəlliməsi Zaretta Çedjemova da Günayın uğuruna sevinənlər arasındadır. Onun sözlərinə görə, yarışmaya hazırlıq dövründə bir müəllimə kimi sanki Günayın istedadını və bacarığını təzədən kəşf edib: «Biz günlərlə məşq edirdik. Amma Günay bir dəfə də yoruldum demirdi. Çox məsuliyyətli qızdır. Məktəb rəhbərliyi də bizə mənəvi baxımdan böyük dəstək verib. Bu dəstək olmasaydı, bəlkə də biz belə bir məsuliyyətli yarışmaya qatılmağa cəsarət etməzdik. Amma ətrafımızda olan hər kəsin köməyi ilə bu müsabiqəyə qoşulduq və qalib olduq. Mən bu qələbəni bütün Azərbaycanın qələbəsi sayıram. Çünki Günay bu mötəbər tədbirdə Azərbaycanı təmsil edirdi. Bu, Azərbaycan musiqisinin, incəsənətinin uğurudur. Gələcəkdə də çalışacağıq ki, daha mötəbər yarışlarda Azərbaycanı təmsil edək və uğur qazanaq».
   Günay hazırda müəlliməsi ilə birlikdə Macarıstan səfirliyinin təşkilatçılığı ilə oktyabrda Bakıda keçiriləcək Ferens List adına beynəlxalq müsabiqəyə hazırlaşır. Deyir ki, yenə də birinci yerə iddialıdır. «Niyyətin hara, mənzilin ora» deyib atalar. Günaya bu yolda uğurlar arzulayırıq.
   
   Fəxriyyə Abdullayeva