Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fidan Hacıyeva İtaliyada səfərdədir. Bu barədə məlumat verən Fidan Hacıyeva bildirib ki, vokal sənətinin vətəni sayılan İtaliya səhnəsində Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa edib və bununla da Rimini şəhərinin opera səhnəsində çıxış edən ilk azərbaycanlı ifaçı da məhz Fidan Hacıyeva olub. Əməkdar artist operanın nümayişinin uğurla baş tutduğunu bildirib və İtaliya tamaşaçılarının böyük rəğbətini qazanıb: “Çox xoşbəxtəm ki, Azərbaycanı bu cür uğurla təmsil etmək şansı qazanmışam. İnşallah, La-Skaladan da sizləri salamlayacam. Buna artıq daha da yaxınam və bunun üçün əlimdən gələni edirəm”.
   F.Hacıyeva onu da qeyd edib ki, İtaliyada səfər müddətində artıq iki konsertdə çıxış etmək təklifi alıb. Bu konsertlərdən biri Roma, digəri isə Milanda baş tutacaq. Konsertlərin iyulun ortalarında keçirilməsi nəzərdə tutulur. Müğənninin budəfəki İtaliya səfəri iyulun 27-də yekunlaşacaq. Sözügedən konsertlərdə çıxış etmək üçün isə iyulda yenidən İtaliyaya gedəcək.
   Operanın nümayişi iyunun 26-na kimi davam edəcək. Əvvəlcə Rimini şəhərində göstərilən opera Katolika, Fano, Pesaro, Bolonya, Cesena, Forli, Cento şəhərlərində də nümayiş olunacaq.