Küveyt Dövlətinin Mədəniyyət və Ədəbiyyat Milli Şurasının təşkilatçısı olduğu 14-cü Beynəlxalq yay musiqi festivalı çərçivəsində bu ölkədəki Azərbaycan səfirliyinin təşəbbüsü ilə tanınmış skripkaçı Səlim Abbasovun konserti olub.
   Əl-Küveyt şəhərinin Əbdüləziz adına Mədəniyyət Mərkəzində keçirilən Küveyt-Azərbaycan musiqisi gecəsində Səlim Abbasov Küveyt, Azərbaycan və ərəb təranələrini özündə təcəssüm edən musiqi parçalarını böyük ustalıq və məharətlə ifa edib. Küveytli musiqisevərlər Azərbaycan ifaçısını ayaq üstündə alqışlayıblar.
   Konsertin sonunda S.Abbasova 14-cü Beynəlxalq musiqi festivalının mükafatı təqdim olunub.
   Konsert proqramı Küveyt kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub, ölkənin aparıcı televiziya kanalları tərəfindən lentə alınıb. Tədbirdə Küveytin nüfuzlu “Ər-Rai”, “Əl-Qabas” və “Əs-Siyasə” qəzetlərinin müxbirləri də iştirak ediblər. Səfər zamanı Küveytin “İsmayıl TV” televiziya kanalına dəvət olunan Səlim Abbasov geniş proqramından bir neçə musiqi parçasını ifa edib.