Rusiyanın populyar estrada müğənnisi Alsu (Alsu Rafilovna Safina) UNESCO-nun “Dünyanın artisti” adına layiq görülüb. Belə yüksək adları UNESCO xalqlar və dövlətlər arasında mədəni və yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində göstərdikləri fəaliyyətlərinə görə musiqiçilərə, rəssamlara, aktyorlara verir. Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, respublikanın Xalq artisti Firəngiz Əlizadə 2007-ci ildə UNESCO-nun “Dünyanın artisti” adına layiq görülüb. Rusiyadan isə bu yüksək adla görkəmli musiqiçilər, Vladimir Spivakov və Valeri Qerqiyev təltif olunub.
   Alsu hələ 15 yaşında olarkən, 1998-ci ildə UNESCO-nun Parisdəki qərargahında Tatarıstan Respublikasının təqdimatında çıxış edib. Müğənni 17 yaşında “Eurovision-2000” müsabiqəsində ikinci yeri tutmaqla məşhurlaşıb.
   Ötən il isə UNESCO-nun baş direktoru İrina Bokova Alsunu təşkilatın 65 illiyinə həsr olunmuş təntənəli mərasimə aparıcı qismində dəvət etmişdi. Bir çoxlarının heyrətinə və həsədinə səbəb olan mərasimi rusiyalı artist iki dildə - ingilis və fransız dilində aparmışdı.
   Müğənni ailəsinin maliyyə imkanları sayəsində Böyük Britaniyada yaxşı təhsil alıb, onunla ən yaxşı prodüserlər məşğul olublar. Hazırda Alsu tələbədir, teatr institutunda oxuyur. Atası, tanınmış iş adamı, Rusiya Federasiya Şurasının senatoru Ralif Safinlə birlikdə yetim uşaqlara kömək etmək üçün “Raduqa” xeyriyyə fondunu təsis edib. Müğənni tez-tez müxtəlif xeyriyyə aksiyalarında iştirak edir.