Ermənilər Azərbaycanın daha iki musiqi nümunəsinə sahib çıxmağa cəhd edirlər
   
   Azərbaycan mədəniyyəti və musiqisi nümunələrinin ermənilər tərəfindən özününküləşdirilməsi cəhdləri davam edir. Bu dəfə incəsənət oğrusu rolunda Ermənistanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş İnqa və Anuş bacıları çıxış ediblər.
   
   Erməni musiqiçilər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş eyniadlı filmdəki hamam səhnəsində ifa olunan mahnıya klip çəkdiriblər. Bacılar bu mahnıya erməni dilində sözlər də yazdırıblar. Onların ifasında bu mahnı “Yerevan, Yerevan” adlanır. Azərbaycanın milli rəqsi olan “Naz eləmə”ni də özününküləşdirməyə çalışan erməni ifaçılar bu musiqimizə də erməni dilində sözlər yazdırıb və klip çəkdiriblər.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ermənilərin Azərbaycanın incəsənət nümunələrini növbəti dəfə mənimsəmək cəhdlərinə münasibət bildirib: “Biz nə qədər ki ermənilərlə müharibə və mübarizə şəraitində yaşayırıq, belə cəhdlər daim olacaq. Bu cəhdlərə qarşı hamılıqla mübarizə aparmalıyıq. Dövlət də, ictimaiyyətimiz də. Ən əsası alimlər və musiqişünaslar sübut etməlidirlər ki, bu onlara yox, Azərbaycana məxsus musiqidir. Əminəm ki, hər zaman olduğu kimi, ədalət öz yerini tapacaq”.
   “Ermənilərin Azərbaycan mədəniyyət nümunələrini mənimsəməsi yeni hadisə deyil. Bu cür faktlar daim beynəlxalq təşkilatlara çatdırılır, müxtəlif mötəbər tədbirlərdə bu məsələ qaldırılır”, - bu sözləri isə Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib. O bildirib ki, belə addımlarla mübarizə aparmaq üçün bu sahəni dünya səviyyəsində tənzimləyən beynəlxalq konvensiyanın qəbulu lazımdır: “Artıq 11-ci ildir ki, Dünya Əqli Mülkiyyət Təşkilatında bu müzakirələr hökumət səviyyəsində gedir, ancaq ortaq məxrəc əldə olunmayıb. Belə konvensiya olsa, müxtəlif dövlətlərə öhdəlik qoyulacaq və dövlətlər folklor nümunələri, mədəniyyət ənənələri ilə bağlı öhdəliklərini yerinə yetirməyə məcbur olacaqlar”.