18 sentyabr - Milli Musiqi Günü təntənəli şəkildə qeyd edildi
   
   “Bu gün təkcə musiqisevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır”
      
   Fəxri xiyabanda musiqi korifeyləri anıldı
   
   Hər il olduğu kimi, bu il də Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olduğu 18 sentyabr tarixi - Milli Musiqi Günü istər respublikamızda, istərsə onun hüdudlarından kənarda geniş tədbirlərlə qeyd edildi. Dahi bəstəkarın anadan olmasının 126-cı ildönümü münasibətilə bayram tədbirlərinə Fəxri xiyabanda start verildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başda olmaqla nazirliyin rəhbər şəxsləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər. Nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün təkcə musiqisevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”.
   Nazir Üzeyir bəylə eyni gündə, 1885-ci ilin 18 sentyabrında dünyaya göz açan digər tanınmış Azərbaycan bəstəkarı Müslüm Maqomayevin də musiqi mədəniyyətimizin inkişafında tarixi xidmətləri olduğunu vurğuladı. Sentyabrın 18-dən 30-dək Bakıda Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini nəzərə çatdıran nazir bu tədbirin ölkəmizin mədəni həyatında növbəti əlamətdar hadisə olacağını vurğuladı.
   Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə də Üzeyir Hacıbəyli yaradıcılığının böyük məktəb olduğunu vurğuladı. Dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən danışaraq “Bu ənənələri yaşatmaq hər birimizin borcudur” deyə vurğuladı.
   Dahi bəstəkarın məzarı önündə Dövlət Xor Kapellasının ifasında “Leyli və Məcnun” operasından bir parça ifa olundu.
   Sonra tədbir iştirakçıları görkəmli musiqiçilər Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, Rəşid Behbudov, Bülbül, Tofiq Quliyev, Vasif Adıgözəlov və digərlərinin məzarını ziyarət etdilər.
   Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılaraq, məzarı önünə tər güllər düzüldü. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu, məzarı üzərinə gül dəstəsi qoyuldu.
   
   Musiqi Akademiyasının qarşısında bayram tədbiri
   
   Sonra Milli Musiqi Gününə həsr olunmuş bayram tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri olmuş Ü.Hacıbəylinin zəngin yaradıcılığından söz açdı. Nazir son illər ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərilən dövlət qayğısından danışdı və bildirdi ki, bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə bir qrup mədəniyyət xadiminin təltif olunması buna əyani sübutdur.
   Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin, incəsənətinin inkişafı, təbliği və bu günümüzə gəlib çıxması sahəsindəki xidmətlərindən danışdılar.
   Xüsusi olaraq diqqətə çatdırıldı ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir dünyası” layihəsi çərçivəsində böyük bəstəkarın mədəni irsi kitab və CD-lər şəklində işıq üzü görərək yayılır, musiqi mədəniyyətimiz dünyada təbliğ olunur. Üzeyir bəyin musiqisi bütün dünyada yüksək qiymətləndirilir, Avropanın musiqi beşiyi sayılan Vyanada onun əsərlərinin tamaşaya qoyulması, abidəsinin ucaldılması bunun parlaq göstəricisidir.
   Mərasimdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının, Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən parçalar səsləndi.
   
   Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalına start verildi
   
   Sentyabrın 18-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş festivalın açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Üzeyir Hacıbəyli irsini Azərbaycan və dünya musiqisinə tarixi töhfə adlandırdı: “Onun əsərləri dünyanın ən möhtəşəm teatrlarının səhnəsində dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevə-sevə ifa olunur. Üzeyir bəyin əsərləri milli olduğu qədər də bəşəridir”.
   Qeyd olundu ki, Üzeyir Hacıbəyli adına beynəlxalq musiqi festivalının keçirilməsi dahi bəstəkarın xatirəsinin yad olunması ilə yanaşı, musiqi mədəniyyətimizin dünyada təbliği sahəsində görülən işlərin, musiqi sənətimizin inkişafının parlaq təcəssümüdür.
   Nazir Əbülfəs Qarayev son illər Bakının bir-birindən maraqlı beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini vurğuladı: “Bu tədbirlərin Azərbaycan musiqisinin tanınmasında, təbliğində xüsusi çəkisi var. Bu, dövlətimizin mədəniyyətə, incəsənətə göstərdiyi diqqət və qayğının göstəricisidir”.
   Nazir Azərbaycan mədəniyyətinin təbliği, tədqiqi və inkişafı sahəsində böyük layihələrə imza atan Heydər Əliyev Fondunun və Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri olduğunu xüsusi qeyd etdi. Bildirildi ki, bu işlərin məntiqi davamı olaraq paytaxtımızda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı işə başlayır.
   Sonra Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının ilk konsert proqramı təqdim olundu. Festivalın açılış mərasimində Elnarə Kərimovanın rəhbərlik etdiyi “Buta” kamera xorunun ifasında Ü.Hacıbəylinin və digər yerli və xarici bəstəkarların əsərlərindən parçalar səsləndi. “Buta” kamera xoru Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Xorun əsas məqsədi Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə aid olan dünya musiqi nümunələrini milli və beynəlxalq festivallarda, müxtəlif tədbirlərdə ifa edib respublikamızı layiqincə təmsil etməkdir.
   “Buta”nın ifasında britaniyalı musiqişünas Conathan Rathbonenin aranjimanında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın solistliyi ilə bir parça ifa olundu. Həmçinin Arif Məlikov, Ramiz Mirişli, Faiq Sücəddinov və başqa bəstəkarların əsərləri fərqli aranjimanda səsləndi. Xorun ifası tamaşaçıların marağı və alqışları ilə qarşılandı.
   Qeyd edək ki, Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən görkəmli ifaçılar, musiqi kollektivləri iştirak edirlər. Festival sentyabrın 30-dək davam edəcək.
   
   Reyhan İsayeva