Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert təşkil edilib.
   “Gəncliyin səsi” layihəsində təqdim edilən konsertdə vokalçı İlham Nəzərovun ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib. Müğənnini konsertmeyster Dilarə Kərimova müşayiət edib.
   1985-ci ildə anadan olmuş İlham Nəzərov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal fakültəsinin bakalavr və magistr pillələrini bitirib. Beynəlxalq müsabiqə və festivalların iştirakçısı və laureatı olan gənc musiqiçimiz hazırda İtaliyanın D Arte Lirica di Osimo Akademiyasının solistidir.