Musiqiçilərimiz Yaltada beynəlxalq festivalda
   
   Sentyabrın 22-də Ukraynanın Yalta şəhərindəki “Yubileynıy” konsert salonunda “Şərq bazarı” beynəlxalq musiqi festivalı açılıb. Musiqi bayramında ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar Vüqar Camalzadə və müğənni Ayaz Qasımov təmsil edirlər.
   Azərbaycanlı musiqiçilər səhnəyə sentyabrın 24-də çıxacaqlar. Onlar festival iştirakçılarına “Sarı gəlin”, “Süsən sünbül” xalq mahnılarını, C.Cahangirovun “Ay qız”, Ş.Axundovanın “Mehriban olaq” mahnılarını, eləcə də milli rəqslərimizdən ibarət kompozisiyaları təqdim edəcəklər. Dünyanın 30-dan çox ölkəsindən musiqiçilərin iştirak etdiyi müsabiqənin məqsədi Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi, estrada müğənniləri vasitəsilə Şərq və Qərb musiqisinin vəhdətinə nail olmaqdır. Peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək festival sentyabrın 26-dək davam edəcək.