Görkəmli bəstəkar Tofiq Quliyev yad edilib
Noyabrın 2-də 12 saylı uşaq musiqi məktəbində tanınmış bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, mahnıların müəllifi, Azərbaycanın Xalq artisti Tofiq Quliyevin (1917-2000) xatirəsinə həsr olunmuş “Kinomuz-musiqimiz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkil etdiyi tədbirdə Əməkdar incəsənət xadimi Aydın Kazımzadə T.Quliyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Moskva Dövlət Konservatoriyasında təhsil alıb, burada aspiranturaya daxil olan Tofiq Quliyev A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. Filarmoniyanın bədii rəhbəri, sonra direktoru, 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının sədri, 1990-cı ildən ömrünün sonuna kimi Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Görkəmli bəstəkar “Səbuhi”, “Qayğı”, “Bakı döyüşür”, “Qardaşlıq köməyi, “Şəfa nəğməsi”, “Əbədi odlar ölkəsi”, “Bəxtiyar”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?” və s. filmlərə musiqi bəstələyib.
Tədbirdə şagirdlərin ifasında bəstəkarın mahnıları ifa olunub.