Məşhur qarmon ifaçısı Ələkbər bəy Nəzərli musiqi sənətimizin ustad sənətkarlardan biri olub. Əslən Xızıdandır, 1882-ci ildə Bakıda anadan olub. Əlli ildən çox sehrli qarmonu ilə musiqisevərlərin ruhunu, zövqünü oxşayıb. Görkəmli musiqiçilərimiz Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyli, Bülbül və başqaları Ələkbər bəy Nəzərlinin sənətkarlığını yüksək qiymətləndiriblər. Üzeyir bəy onu "Koroğlu" operasının premyerasını müşayiət edən musiqiçilər heyətinə daxil edib.
   Musiqiçinin qızı Gülsüm xanım atasının yaradıcılığı, dostları, görkəmli sənətkarların iştirakı ilə evlərində keçirilən müxtəlif məclislər barədə qələmə aldığı xatirələrdə maraqlı məqamlara toxunub: "Evimizdə tez-tez məşhur sənət adamlarının iştirakı ilə mərasimlər olurdu. Atam Qarabağın muğam ifaçılarını, musiqiçilərini çox sevirdi. Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, Bülbül tez-tez evimizdə olurdu. Atam Cəfər Cabbarlı, Abdulla Şahbazov (Tağı Şahbazinin qardaşı), Şəmsəddin Abbasovla dostluq edirdi. Opera teatrında işinin çox olmasına baxmayaraq, şagirdlər yetişdirirdi. Onun ən görkəmli yetirməsi məşhur qarmon ustası Teyyub Dəmirov olub. Atam onu özü ilə konsertlərə, qastrollara da aparardı...
   Dağlı məhəlləsində böyük evimiz və həyətimiz vardı. Atam burada yüzlərlə bar verən ağac yetişdirmişdi. Sənət adamlarının "Abşeronun İsa bulağı" adlandırdığı məkan o zaman Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovun da diqqətini çəkir. 1936-cı ildən evimizin daimi qonağı idi. O, general Əliağa Şıxlinski ilə bu həyətdə bir neçə dəfə olub. Atam həyətdə "Musiqi muzeyi" yaratmışdı. Orada Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Qurban Pirimov, Cabbar Qaryağdıoğlu, Bülbül, Bəhram Mənsurovla bağlı çoxsaylı tarixi sənədlər toplanmışdı. "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib" və digər operaların proqram və afişaları, qəzet məqalələri, fotoşəkillər, rəsm əsərləri, dövlət tərəfindən verilmiş təltifnamələr və digər sənədlər də həmin muzeydə saxlanılırdı...”
   Qeyd edək ki, bu, nəsil mədəniyyət tariximizə bir neçə tanınmış sima bəxş edib. Onun Üzeyir bəyin orkestrində nəfəs alətlərinin məşhur ifaçısı kimi tanınan qardaşı Mehdi Nəzərli (1892-1952), digər qardaşı Sankt-Peterburqda təhsil almış məşhur rəssam Nəcəf Rasim Nəzərli (1890-1929) olub. 1937-ci il aprel ayının 30-da "Koroğlu" operasının premyerasında orkestrin heyətində çıxış edən sənətkarlar arasında Nəzərlilərdən də iki nəfər olub. Bu heç də təsadüf olmayıb. Çünki Üzeyir bəy musiqi sərrafı idi, musiqiçiləri böyük ustalıqla seçirdi.
   Ələkbər bəy Nəzərli 1951-ci ildə dünyasını dəyişib. Xalqımızın vətənini, elini təmənnasız sevən və ona rəğbətlə yanaşan övladları həmişə olub. Ələkbər bəy Nəzərli də məhz belə övladlardan biri idi.
   
   Savalan Fərəcov