“İrəli” Gənclik Mərkəzində “Leyli və Məcnun” layihəsinin videoçarxı və www.leylimajnun.az saytının təqdimatı keçirilib. Lyihənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, “İrəli” İctimai Birliyi, baş sponsoru Bakcell, sponsoru isə “AvroMed” şirkətləridir.
   Layihənin müəllifi və rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin aparıcı məsləhətçisi Mirsahib Musayev bildirib ki, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında müzikl ilk dəfə hazırlanır. “Əfsanə geri dönür” şüarı altında reallaşdırılan müziklin məqsədi “Leyli və Məcnun” poemasını hip-hop janrı ilə müasir şəkildə təqdim etməkdir. Musiqili tamaşanın rəqslərinə ABŞ-ın Çikaqo ştatından istedadlı xoreoqraf Çarlz Laurens quruluş verib. Rəqsləri Əməkdar artist Natiq Şirinovun ritm qrupu müşayiət edəcək. Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxana ustası Ağamirzə ifa edəcəklər.
   Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Rəşad Ələkbərov, layihənin əlaqələndiricisi “İrəli” İctimai Birliyinin üzvü Niyaz Əliyevdir. Müziklin premyerası dekabrda Heydər Əliyev Sarayında keçiriləcək.