Noyabrın 24-də Almaniyanın paytaxtında “Berliner Perle” Avropa pop mahnı müsabiqəsi başlayıb. Yarışmada ölkəmizi müsabiqələr laureatı, 11 yaşlı Yasin Həsənov təmsil edir. Yeniyetmə ifaçı bu nüfuzlu müsabiqəyə “Buta” İncəsənət Mərkəzinin dəstəyi ilə qatılıb.
   Berlin Televiziyası ilə yayımlanan yarışmanın əsas məqsədi müxtəlif ölkələrdən olan istedadlı ifaçı və qrupları aşkar edib onları dünyaya tanıtmaq, ölkələr arasında beynəlxalq mədəni əlaqələri möhkəmlətməkdir. Bundan əlavə, müsabiqənin vəzifələrindən biri solistlərin və vokal qrupların peşəkarlığını yüksəltməkdir.
   Yasin Həsənov ölkəmizi 10-13 yaş kateqoriyasında “Populyar Mahnı İfaçısı” nominasiyasında təmsil edir. İştirakçılar doğma dilində bir mahnı oxumalı və xarici dildə bir mahnı (hit) ifa etməlidirlər. Qalib yüksək ixtisaslı şou-biznes mütəxəssisləri, Avropanın estrada ulduzları və media nümayəndələrindən ibarət jüri tərəfindən seçiləcək.
   Qeyd edək ki, Tofiq Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin şagirdi Yasin Həsənov indiyədək bir sıra mühüm uğurlara nail olub, Sankt-Peterburqda keçirilən “Prazdnik detstva” adlı beynəlxalq uşaq musiqi müsabiqəsində, Belarusda keçirilən “Zemlya pod belimi krilyami” vokal müsabiqəsində Qran-pri-yə layiq görülüb.