Moskvada gənc ifaçıların “Parlayan ulduzlar Kremldə” beynəlxalq klassik musiqi festivalı keçirilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu festivalda ölkəmizi Bakıdakı G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi Nəriman Əmiraslanov təmsil edib.
   Məktəbin direktoru, Əməkdar məllim Yusif Vəliyev bildirib ki, 12 yaşlı pianoçu festival çərçivəsində müxtəlif proqramlarda uğurla çıxış edib. Kremlin Aeksandrovski zalında keçirilən qala-konsertdə N.Əmiraslanov tanınmış bəstəkar Qara Qarayevin “Unudulmaz vals” əsərini ifa edib.
   İyirmi ölkədən gənc ifaçıların qatıldığı festivalın bütün iştirakçılarına xatirə hədiyyələri və sertifikat verilmişdir. Bununla yanaşı, azərbaycanlı musiqiçi 2012-ci ildə keçiriləcək növbəti festivala da dəvət alıb.
   Qeyd edək ki, bu, N.Əmiraslanovun noyabrda ikinci böyük uğurudur. O, bu ayın əvvəllərində Stokholmda gənc pianoçuların beynəlxalq müsabiqəsində ikinci yeri tutub.
   Gənc ifaçıların “Parlayan ulduzlar Kremldə” beynəlxalq klassik musiqi festivalı Rusiyanın birinci xanımı Svetlana Medvedyevanın təşəbbüsü ilə keçirilir. Konsertdən sonra S.Medvedyeva festival iştirakçılarının təbrik edərək onlara xatirə hədiyyələri, təşəkkürnamə və sertifikat təqdim edib.