Dekabrın 5-də Heydər Əliyev Sarayında V Beynəlxalq Mstislav Rostropoviç Festivalının növbəti konserti oldu. Konsertdə Dmitri Yurovskinin bədii rəhbərliyi və baş dirijorluğu ilə Flamand Operasının Simfonik Orkestrinin ifasında M.Bruxun və P.Çaykovskinin əsərləri səslənib. Solist SSRİ Xalq artisti, M.Qlinka adına Dövlət mükafatı laureatı Viktor Tretyakov (violin) olub. 

   1988-ci ildə Antverpen və Gent teatrlarının bazasında yaradılmış Flamand Operası hökumətdən maddi dəstək alan yeganə opera truppasıdır. Onun ən uğurlu layihələrindən “Motsart - da Ponte”, “Nibelunqlar üzüyü” silsiləsini qeyd etmək olar. Hazırda operaya Aviel Kann rəhbərlik edir. Simfonik orkestrin baş dirijoru vəzifəsinə Dmitri Yurovskinin və baş xormeysteri Yanis Puspurikanın təyin olunmasından sonra kollektivin tarixində yeni yaradıcılıq mərhələsi başlayıb.
   Rus violin məktəbinin parlaq simalarından olan Viktor Tretyakov həm solist, həm də ansamblların tərkibində beynəlxalq festivallarda çıxış edir. O, Moskva Dövlət konservatoriyasının və Köln Ali Musiqi Məktəbinin professorudur. Konsert maraqla qarşılanıb.
   Dekabrın 6-da Azərbaycan Dövlət Filarmoniyasında festivalın daha bir konsert proqramı təqdim olunub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev, solist Murad Adıgözəlzadə - piano) ifasında C.Verdinin “Taleyin gücü” operasından uvertüra, V.A.Motsartın “Fortepiano və orkestr üçün 20 N-li Konsert”, İ.Stravinskinin “Petruşka” baletindən musiqi səslənib.
   V Beynəlxalq Mstislav Rostropoviç Festivalı dekabrın 10-dək davam edəcək.