Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov avqustun 16-23-də Avstriyanın Vyana şəhərində keçiriləcək XII Beynəlxalq fortepiano müsabiqəsində, habelə müsabiqə çərçivəsində təşkil olunacaq ustad siniflərində iştirak edəcək.
12 yaşlı N.Əmiraslanov son iki ildə bir sıra beynəlxalq tədbirlərdə uğur qazanıb. O, 2011-ci ildə Estoniyanın Rakvere şəhərində keçirilmiş İ.S.Bax adına gənc pianoçuların beynəlxalq müsabiqəsində I dərəcəli, İsveçin Stokholm şəhərində II Beynəlxalq "Rondo" festival-müsabiqəsində ikinci dərəcəli diplomla təltif olunub. Bu ilin aprel-may aylarında gənc pianoçu XII Beynəlxalq fortepiano müsabiqəsində, "We play together" adlı müsabiqədə (Fransa, Paris) və XXII "Çitta di Barletta" gənc musiqiçilərin beynəlxalq müsabiqəsində (İtaliya, Barletta) və beynəlxalq fortepiano müsabiqəsində (İsveç, Stokholm) II mükafata, Pianoçuların VII Beynəlxalq "Motsart" müsabiqəsində (İtaliya, Roma) diploma layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ölkəmizin Polşadakı səfirliyinin Varşava şəhərində təşkil etdiyi iki konsertdə Nəriman Əmiraslanov böyük proqramla çıxış edib, habelə Polşanın Torun şəhərində keçirilmiş F.Şopen adına pianoçuların XX Beynəlxalq müsabiqəsinin diplomantı olub.
2011-ci ildə ölkə başçısının sərəncamı ilə Nəriman Əmiraslanovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb.