Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qəbələ şəhərində IV Beynəlxalq Musiqi Festivalı keçirilir. 2009-cu ildən ənənəvi olaraq təşkil edilən festival nüfuzlu sənətkarların, tanınmış musiqi kollektivlərinin iştirak etdiyi, Azərbaycan və dünya musiqisi incilərinin səsləndiyi sənət bayramıdır. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.   

   İyulun 24-də başlanan festivalın ilk konserti görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunub.
   İyulun 25-də isə Qəbələ şəhərindəki “Qafqaz Resorte” hotelinin qarşısındakı parkda festivalın rəsmi açılış mərasimi olub.
   Mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən gəlmiş bütün qonaqları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıblar.
   Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu Azərbaycanın musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda mühüm layihələr həyata keçirir. Mədəniyyətimizin təbliğinə xidmət edən bu festival da musiqi ənənələrimizin dünyada tanıdılması üçün bir vasitədir.
   Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə keçirilən musiqi bayramı artıq gözəl bir ənənəyə çevrilib. Festivalda dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir, klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar.
   Bu il festivalın proqramında yubileylərə həsr olunmuş konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli bu sırada görkəmli müğənni Müslüm Maqomayevin 70, böyük bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun 90 və SSRİ Xalq artisti Niyazinin 100 illiyinin qeyd edilməsi ilə yeni bir ənənənin təməlinin qoyulduğunu deyib. Festivalın bədii rəhbəri ümidvar olduğunu bildirib ki, sənət bayramı musiqisevərlərə unudulmaz anlar, xoş təəssüratlar bəxş edəcək.
   * * *
   Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının konsertləri olub. Konsertin birinci hissəsində Ü.Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru, G.Hendelin “Alliluya”, L.Bethovenin piano, xor və simfonik orkestr üçün fantaziya, ikinci hissədə isə C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra və digər əsərlər səsləndirilib. Konsert proqramı Dövlət Simfonik Orkestrinin bədii rəhbəri, Xalq artisti Rauf Abdullayevin, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanovanın və Əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə gerçəkləşib. Tanınmış pianoçu, Xalq artisti Murad Adıgözəlzadə, Opera və Balet Teatrının solistləri - Xalq artisti Əvəz Abdullayev, Əməkdar artist Gülnaz İsmayılova, Səbinə Əsədova, Fəridə Məmmədova, İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadənin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   * * *
    İyulun 26-da festival çərçivəsində dahi bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley konserti olub. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan süitası”, “Kürd ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın və Sevilin ariyaları, “Azərbaycan elləri”, fortepiano və skripka üçün konserti, “Şur” simfonik muğamı, “Azərbaycan kapriççiosu” səslənib.
   Görkəmli xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimovun, tanınmış dirijorlar - əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov və Yalçın Adıgözəlovun, vokalçılar Gülnaz İsmayılovanın, Azər Rzazadənin, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun, dahi bəstəkarın Belçikada yaşayan nəvəsi, gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Nəzrin Əfəndiyevanın və Mustafa Mehmandarovun iştirakı ilə səsləndirilən əsərlər mindən çox tamaşaçı tərəfindən alqışlarla qarşılanıb.
   İyulun 27-də festivalın musiqili axşamlarını Bakı Musiqi Akademiyası orkestrinin çıxışı davam etdirəcək. Ayın 28-də isə vokal musiqisi axşamı və muğam konserti təqdim olunacaq.
   İyulun 29-da festival çərçivəsində SSRİ Xalq artisti, görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunacaq. Konsertdə dünya şöhrətli London Kral (Royal) Filarmonik Orkestri çıxış edəcək. Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, Niyazinin “Rast” simfonik muğamı, “Vətən haqqında mahnı”, “Arzu”, “Qaytağı” əsərləri səslənəcək. Dirijorlar Yalçın Adıgözəlov, Əyyub Quliyev, Fuad İbrahimovun idarə edəcəyi konsertdə tenor Azər Rzazadə, soprano Gülnaz İsmayılova çıxış edəcəklər.
   Qeyd edək ki, dünyanın məşhur orkestrlərindən olan London Kral Filarmonik Orkestri yüksək səviyyəli çıxışları və geniş repertuarı ilə beynəlxalq miqyasda tanınır. Orkestr ilk dəfə iştirak etdiyi Qəbələ musiqi festivalı çərçivəsində, ümumilikdə, beş konsert proqramı ilə çıxış edəcək. Növbəti konsert iyulun 30-u nəzərdə tutulur.
   Orkestrin iyulun 31-də keçiriləcək konsertində Polşadan Mixal Nesteroviç (dirijor), Rusiyadan Sergey Krilov (violin) çıxış edəcəklər. Orkestrin çıxış edəcəyi son iki konsert avqustun 3-ü və 4-də keçiriləcək. Avqustun 3-də təşkil olunacaq konsertin dirijorluğunu isveçrəli Şarl Dütua edəcək. Konsertdə əsas müşayiətçi fransız Liza de la Sal olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar