İyulun 24-dən Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qəbələ şəhərində keçirilən IV Beynəlxalq Musiqi Festivalı davam edir. 2009-cu ildən ənənəvi olaraq təşkil edilən festivalda dünyanın tanınmış sənətkarları, musiqi kollektivləri Azərbaycanın incəsənət ustaları ilə bir səhnəni bölüşürlər. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
   
   Xəbər verdiyimiz kimi, iyulun 26-da festival çərçivəsində görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley konserti olub. Proqramda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan süitası”, “Kürd ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın və Sevilin ariyaları, “Azərbaycan elləri”, fortepiano və skripka üçün konserti, “Şur” simfonik muğamı, “Azərbaycan kapriççiosu” səsləndirilib.
   Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, vokalçılar Gülnaz İsmayılova, Azər Rzazadə, böyük bəstəkarın Belçikada yaşayan nəvəsi, gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Nəzrin Əfəndiyeva və Mustafa Mehmandarovun ifasında səslənən əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   
   “Azərbaycan musiqisinin ecazkarlığının bir daha şahidi olduq”
   
   “Bundan əvvəl Qəbələdə keçirilmiş üç beynəlxalq musiqi festivalı haqqında eşitmişdim. Bu füsunkar diyara gəlməyi, festivalın iştirakçısı olmağı çox arzulayırdım. Nəhayət, arzuma çatdım. Deməliyəm ki, festival çox yüksək səviyyədə təşkil olunub”, - Nəzrin Əfəndiyeva jurnalistlərə müsahibəsində təəssüratını belə ifadə edib.
   O, builki festivalın proqramına əlavə edilmiş bir yeniliyi, dahi musiqiçilərin, o cümlədən babası Fikrət Əmirovun yubiley tədbirinin keçirilməsini çox bəyəndiyini bildirib: “Burada biz bir daha Azərbaycan mədəniyyətinin, musiqisinin ecazkarlığının şahidi olduq. Həmçinin əcnəbi musiqiçilərin bu möhtəşəm incəsənət bayramında iştirakı və müxtəlif millətlərdən olan bəstəkarların əsərlərinin səsləndirilməsi baxımından onu deyə bilərəm ki, Qəbələ festivalı həm də musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa xidmət edir”.
   Xalq artisti Mənsum İbrahimov da təəssüratını bölüşüb: “Konsertdə “Şur” simfonik muğamını ölkəmizdə ilk dəfə olaraq tamaşaçılara Azərbaycan Dövlət Simfonik Orkestri, xanəndə, tar və kamançanın birgə ifasında təqdim etdik. “Şur” həmişə bütün dünyada simfonik əsər kimi səsləndirilirdi. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin layihəsi olan bu sintez bir yenilik idi. Bu işdə mənə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlov kömək etdi. Biz həm öz tamaşaçılarımıza, həm də xaricdən gələn qonaqlara Azərbaycan muğamının hər zaman zənginliyi ilə insanları heyrətləndirdiyini göstərə bildik”.    

   Kamera musiqisi axşamı
   
   İyulun 27-də “Qafqaz Resorte” hotelinin kamera zalında “Yeni adlar: Debüt” kamera musiqisi axşamı olub. Konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Müxtəlif festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları olan istedadlı gənc pianoçular - Nazxanım Dadaşova, Şəhla Süleymanlı, Jalə Rəsulova bəstəkar Q.Qarayevin “Tsarskoe selo heykəli”, F.Mendelsonun “Fantaziya fis-moll”, A.Lyadovun “Barkarola”, F.Əmirovun “Variasiya” və “12 miniatür” silsiləsindən dörd miniatür, K.Debüssinin etüd 11, O.Messianın “Premerie communion de la Vierge”, C.Hacıyevin “Ballada” əsərlərini ifa ediblər.
   
   Azərbaycan və İtaliya musiqiçilərinin konserti
   
   Festival çərçivəsində daha bir yaddaqalan tədbir iyulun 27-də Azərbaycan və İtaliya musiqiçilərinin iştirak etdiyi kamera musiqisi konserti olub. Konsertdə musiqisevərlərə P.Sarasatenin, F.Pulentin, K.Debüssinin, J.Ninin, L.Delibin, A.Qlazunovun, M.İppolitovun, A.Arenskinin, C.Uilyamsın, K.Sen-Sansın, R.Leonkovallonun, P.Sorozabalın əsərləri təqdim edilib. Klassik musiqi həvəskarları tanınmış pianoçu, Xalq artisti Murad Adıgözəlzadənin, vokalçılardan İtaliyanın R.Leonkovallo musiqi festivalının və eyniadlı musiqi fondunun rəhbəri Ottavio Palmierinin (tenor), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın (soprano), opera tamaşalarında müxtəlif rolların ifaçısı Səbinə Əsədovanın (messo-soprano), gənc ifaçılardan Səidə Tağızadənin, İlahə Sadıxzadənin (piano), Aleksey Miltıxın (violonçel) və Ümidə Abbasovanın (violin) çıxışlarını maraqla dinləyiblər.

   Muğam axşamı festivala rəng qatdı
   
   İyulun 28-də “Qafqaz Resorte” hotelinin qarşısındakı parkda muğam axşamı təşkil edilib. Konsertdə gənc xanəndələr - Opera və Balet Teatrının solisti İlkin Əhmədov, “Xalq ulduzu” mahnı müsabiqəsinin qalibi Gülay Zeynallı, II Beynəlxalq muğam müsabiqəsinin qalibi Ehtiram Hüseynov iştirak ediblər. Muğam ustalarını tarda Əməkdar artist Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov, qanunda Təranə Əliyeva, nağarada Emin Cəbrayılov və balabanda Mehman Nuriyev müşayiət ediblər. Azərbaycan muğamları, xalq mahnıları və təsniflər tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
   
   Festivalın daha bir konserti Qax şəhərində gerçəkləşdi
   
   İyulun 28-də festival iştirakçıları Qax şəhərinin qonağı olublar. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Kamera Orkestri Qaxdakı “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində, açıq səma altında görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar ifa edib. Konsertə Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanov dirijorluq edib.
   Konsertin əvvəlində Qəbələ beynəlxalq musiqi festivalının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli kollektiv haqqında məlumat verib. Qeyd olunub ki, iki ildir fəaliyyət göstərən orkestrin repertuarına Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxildir. 2011-ci ildə orkestr Türkiyədə, bu il isə Abu-Dabi şəhərində uğurla çıxış edib.
   Konsertdə Aqşin Əlizadənin “Cəngi”, Üzeyir Hacıbəylinin “Arazbarı” əsərləri, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla”, Fikrət Əmirovun “1001 gecə” baletlərindən parçalar, habelə Fikrət Əmirovun, Fərhad Bədəlbəylinin, Tofiq Quliyevin və digər Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.
   
   “Üç tenor”: vokal musiqisi axşamı
   
   Həmin gün festival çərçivəsində təqdim olunan “Üç tenor” adlı vokal musiqisi axşamında İtaliyanın R.Leonkovallo adına musiqi festivalının rəhbəri Ottavio Palmieri, İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə və beynəlxalq festivallar və müsabiqələr iştirakçısı Adil Axundov çıxış ediblər. Onları pianoçuların “Rendano” beynəlxalq müsabiqəsində Qran-pri mükafatının sahibi, İtaliyanın Alessandriya Konservatoriyasının baş müəllimi Covanni Brollo (piano) müşayiət edib. Konsertdə F.Çilean, J.Bize, C.Puççini, C.Verdi, P.Maskanyi, R.Leonkovallonun operalarından ariyalar, habelə ispan və italyan mahnıları ifa olunub.
   
   Sergey Raxmaninovun əsərlərindən ibarət konsert
   
   Festivalın proqramına uyğun olaraq iyulun 30-da “Qafqaz Resorte” hotelində növbəti kamera musiqisi axşamı keçirilib. Pianoda çıxış edən festivalın bədii rəhbəri, Xalq artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli və Xalq artisti Murad Adıgözəlzadəni violonçeldə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru və festivalın bədii rəhbəri Dmitri Yablonski müşayiət edib. Tanınmış musiqiçilər tamaşaçılara görkəmli rus bəstəkarı Sergey Raxmaninovun əsərlərini təqdim ediblər.
   * * *
   Festivalda təqdim olunan maraqlı konsert proqramları sırasında London Royal Filarmonik Orkestrinin çıxışları, maestro Niyazinin 100 illiyinə həsr olunmuş konsert xüsusi qeyd edilməlidir (bu barədə ətraflı səhifə 3-də). Qəbələdə musiqi bayramı davam edir. Festivala avqustun 5-də yekun vurulacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar