IV Qəbələ Beynəlxalq Musiqi Festivalında böyük dirijor və bəstəkar Niyazinin 100 illiyinə həsr olunmuş konsert keçirilib
   
   Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qəbələ şəhərində keçirilən IV Beynəlxalq Musiqi Festivalının iştirakçıları arasında dünya şöhrətli London Royal Filarmonik Orkestri də var. İyulun 29-da orkestr festival çərçivəsində Azərbaycan və SSRİ-nin Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş konsertdə çıxış edib.
   
   Azərbaycanda musiqi mədəniyyətinin təşəkkülü, inkişafı və təbliğində müstəsna rol oynamış sənətkarın yubiley konsertində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. “Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının keçirildiyi məkan kimi tanınmaqdadır. 2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə ölkəmizin milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulmuşdur. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması işinə xidmət edən festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır. İnanıram ki, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaqdır”, - deyə məktubda vurğulanır.
   Sonra London Royal Filarmonik Orkestri solistlərinin, eləcə də Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı dirijor Yalçın Adıgözəlovun, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin, beynəlxalq müsabiqə və festivalların iştirakçısı Fuad İbrahimovun (dirijor), İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadənin (tenor), Əməkdar artist və Prezident mükafatçısı Gülnaz İsmayılovanın (soprano) iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.
   Dünyanın ən məşhur orkestrlərindən biri olan London Royal Filarmonik Orkestri yüksək səviyyəli çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıb. Orkestrin bədii rəhbəri və baş dirijoru iki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli Şarl Dütuadır.
   Konsertdə tanınmış musiqiçilər tərəfindən səsləndirilən Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Niyazinin “Arzu”, “Qaytağı”, “Vətən haqqında mahnı” əsərləri, “Rast” simfonik muğamı mindən çox tamaşaçı tərəfindən sürəkli alqışlarla qarşılanıb.
   Bu konsertlə də festivalın beynəlxalq proqramına start verilib. Qeyd edək ki, musiqi bayramında Böyük Britaniya, Rusiya, Fransa, Sloveniya, ABŞ, İsveçrə, İtaliya və Polşadan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
   London Royal Filarmonik Orkestri iyulun 30-31-də daha iki konsert proqramı ilə çıxış edib.
   “Viva İtaliya” adlı birinci konsertdə orkestri italiyalı dirijor Klaudio Vandelli idarə edib. Konsertdə orkestrin solistləri, eləcə də məşhur italyan vokalçıları Marko Kinqari (bariton), Françeska Pataneni (soprano), onların azərbaycanlı həmkarları Yusif Eyvazov (tenor) və Səbinə Əsədova (messo-soprano) çıxış edib. Proqramda J.Bize, U.Cordano, P.Maskanyi, A.Ponkyelli, C.Verdi, C.Rossini və F.Çileanın operalarından parçalar səslənib. Orkestrin növbəti konsertləri avqustun 3-də və 5-də keçiriləcək.
   İyulun 31-də “Qafqaz Resorte” hotelində növbəti kamera musiqisi axşamı keçirilib. Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, musiqidə romantizmin banilərindən biri sayılan, çoxsaylı simfoniya, opera, kamera və solo piano musiqilərinin müəllifi Frans Şubertin əsərləri səsləndirilib. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar