Gənc ifaçıların beynəlxalq musiqi festivalı 11-ci dəfə gerçəkləşdi
   
   Baltik dənizi sahili, Avropanın ən qədim dəniz istirahəti zonalarından biri...
   Latviyanın Yurmala şəhərini bu dəfə qonaq-qaralı edən dəniz sahili yay istirahətindən başqa 11 illik tarixi olan “Yeni dalğa” beynəlxalq musiqi festivalı idi. Məşhur “Dzintari” konsert salonu, həmişə olduğu kimi, bu il də gənc ifaçıları bir araya gətirdi. Festivala bir çox ölkələrdən qonaqlar, tanınmış musiqiçilər təşrif buyurmuşdular. Latviya və Rusiyanın məşhur bəstəkarları Raymond Pauls və İqor Krutoyun əsasını qoyduqları festival təkcə bu iki ölkədə deyil, ümumilikdə keçmiş SSRİ məkanında və Avropada kifayət qədər populyar musiqi yarışmasıdır. Festivalın qalibləri münsiflər heyətinin səsverməsi ilə müəyyən edilir.
   
   Festivalın açılışı
   
   İyulun 24-də 11-ci “Yeni dalğa” festivalına start verildi. Açılış qala konsertinin keçirildiyi “Dzintari” salonunun qarşısında bir izdiham var idi, gəl görəsən. Ulduzlar, ardınca isə iştirakçılar musiqisevərlərin alqışları altında zala daxil olurdular. Fotoqraflar, jurnalistlər də iş başında.
   Tədbirin aparıcıları Vera Brejneva, Anna Semenoviç, Lera Kudryavtseva, Serqey Lazerev, İvan Dorn və Aleksandr Revva zarafatları ilə zalı ələ almağı bacardılar. Bu il 75 illik yubileyi qeyd olunan SSRİ Xalq artisti, tanınmış müğənni İosif Kobzon gənc iştirakçılara uğurlar arzuladı və hər kəsə musiqi həyəcanı ilə dolu yay istirahəti dilədi.
   “Yeni dalğa-2012”nin açılışı Aleksandr Malininin qaraçı rəqqasələrlə səhnəyə çıxması ilə başlandı. Daha sonra səhnədə festivalın yaradıcıları İqor Krutoy və Raymond Pauls göründülər. Onlar Latviya Prezidenti Andris Berzinşın festivala təbriklərini çatdırdılar. Latviyanın adını layiqli şəkildə təmsil edən festivala uğurlar arzuladığını bildirdilər. Rusiyanın Latviyadakı səfiri Aleksandr Veşnyakov Prezident Vladimir Putinin təbrikini oxudu. Açılış konsertinə məşhur britaniyalı estrada müğənnisi Tom Cons da qatılmışdı.
   
   Yarışmada kimlər iştirak edirdi?
   
   Musiqi yarışmasına 14 ölkədən (Latviya, Rusiya, Belarus, İsrail, Qırğızıstan, Qazaxıstan, İtaliya, Finlandiya, Ukrayna, Litva, Ermənistan, Meksika, Çin, Nigeriya) 16 gənc ifaçı qatılmışdı. Münsiflər heyətinə ənənəvi olaraq İqor Krutoy və Raymond Pauls rəhbərlik edirdi. Heyətdə həmçinin tanınmış bəstəkarlar İqor Nikolayev, Konstantin Meladze, İqor Matviyenko, məşhur müğənnilər Layma Vaykule, Valeriya, Leonid Aqutin, Valeri Meladze yer almışdı.
   Müsabiqənin əsas məqsədi estrada musiqisinə yeni adlar gətirməkdir. Bu illərdə Dima Bilan, Serqey Lazerev, İrina Dubsova, Polina Qaqarina (Rusiya), Eddi Batler, Rafael (İsrail), “Kosmos” qrupu, İntars Busulis (Latviya), Tina Karol (Ukrayna), hazırda estrada musiqisində tanınan bir çox başqa simalar vaxtilə “Yeni dalğa”dan keçiblər. Hər il musiqi bayramında dünya və Rusiya estradasının ulduzları da çıxış edir. Alla Puqaçova, Sofiya Rotaru, Valeri Leontev, Filipp Kirkorov, Larisa Dolina, Lev Leşenko və digərləri müxtəlif vaxtlarda festivalın qonaqları olublar.
   
   Müsabiqə bölümümə start verildi
   
   İyulun 25-də “Dzintari” salonu qapılarını gənc ifaçılara açdı. Müsabiqənin ilk günü iştirakçılar dünya musiqisindən hit mahnıları ifa etdilər. 80-ci illərin ulduzu Rik Estli mərasimin qonağı oldu. Rusiya estradasının ulduzları da musiqi salamlarını çatdırdılar. Münsif heyətinin səs verməsinə əsasən, ilk gün ən yaxşı nəticəni İtaliya təmsilçisi Konstanza del Pinto (97 bal) göstərdi.
   Müsabiqənin ikinci günü iştirakçıların çıxışından öncə məşhur rus rok qruplarının konserti keçirildi. “Voskresenye”, “Maşina vremeni”, Qarik Sukaçev və “Neprikasayemıye”, “Akvarium”, “Çayf” qruplarının çıxışları zalı lərzəyə gətirdi.
   Müsabiqə iştirakçıları isə “Ölkəmin hiti” proqramında milli mahnılarını ifa etdilər.
   İkinci günün qalibi Ukrayna təmsilçisi Mariya Yaremçuk olsa da, iki günün ümumi nəticələrinə görə yenə də İtaliya təmsilçisi lider idi.
   
   Konstantin Meladzenin benefisi
   
   İyulun 27-də bəstəkar, prodüser, şair Konstantin Meladzenin benefisi keçirildi. Konsertin açılışı Ani Lorakın ifasında “Gözəl” (Krasivo) mahnısı ilə oldu. Dima Bilan, Nataşa Korolyeva, Alsu, Layma Vaykule, İosif Kobzon, Soso Pavialaşvili və digərlərinin ifasında bəstəkarın mahnıları səsləndi. Həmin gün iştirakçılar üçün istirahət günü idi. Çünki əsas mərhələyə, 3-cü günə hazırlıq gedirdi.

   Müsabiqənin həlledici günü
   
   İyulun 28-i müsabiqənin 3-cü - premyer günü idi. Ulduzlarla yanaşı, müsabiqə iştirakçıları da yeni mahnılar ifa edirdilər. “Eurovision-2008”in qalibi rusiyalı Dima Bilan və “Eurovision-2011”in qalibi azərbaycanlı Nigarın ifa etdikləri duet alqışlarla qarşılandı. Sonra məşhur müğənni Lara Fabian alqışlarla səhnəyə dəvət olundu. Yeni mahnıları ifa edən iştirakçıların həyəcanı aydın hiss olunurdu. Ertəsi gün yekun nəticələr bəlli olacaqdı. 

   Musiqi bayramı maraqlı tədbirlərlə yadda qaldı
   
   “Yeni dalğa” müsabiqəsinin “afterparty”ləri (diskoteka) də ulduzların iştirakı ilə yadda qaldı. Ənənəvi “Miss və mister cazibə” mükafatının təqdim edilməsi iyulun 26-da keçirilən diskotekada baş tutdu. Nominasiyanın qalibləri italiyalı təmsilçi Konstanza Del Pinto və ukraynalı Mariya Yaremçuk oldu.
   “New Wave Fashion Week” layihəsi çərçivəsində dizaynerlərin qala nümayişi də təşkil olunmuşdu.
   İyulun 27-də gecəyarısı Riqada “Muz-TV” diskotekası keçirildi. Səhərə kimi davam edən musiqi gecəsi ulduzların ifaları, rəqslər, maraqlı oyunlarla yadda qaldı.
   Həmin gün “New wave cup” (“Yeni dalğa kuboku”) uğrunda çimərlik futbolu turniri də keçirildi. Oyunda finala çıxmış iştirakçılar, estrada ulduzları, təşkilatçılar, münsiflər iştirak edirdilər. Dəniz kənarında keçirilən oyun 4:4 hesabı ilə yekunlaşdı. İyun 28-i və 29-da dəniz kənarında “Yeni dalğa” ulduzları və professional oyunçular arasında tennis oyunu keçirildi. Hər iki yarış həyəcan və emosiyalarla yadda qaldı.
   İyulun 28-də bəstəkar İqor Krutoy və “ARS” şirkəti rus və xarici audio-video materiallardan ibarət musiqi arxivini əks etdirən yeni saytı təqdim etdilər. www.music1.ru saytı populyar rus və xarici musiqiçilərin kataloquna daxil olmaq imkanı verir. Saytda son 40 ildə rus estrada ulduzlarının çıxışları arxivləşdirilib. Burada İqor Krutoy yaradıcılığı, onun layihələri, konsert, müzikl və sənədli filmlər yer alır.
   
   Bu da son
   
   İyulun 29-da müsabiqəyə yekun vuruldu. Gecənin xüsusi dəvət olunmuş qonaqları Nelli Furtado və Sumi Co idi. Qala konsertdə Nikolay Baskov, Stas Mixaylov, Valeriya, İosif Kobzon, İqor Krutoy və digərləri çıxış etdilər. Gecənin musiqili qonaqlarından biri də azərbaycanlı müğənni Emin Ağalarov idi. O, “Never Enough” mahnısını təqdim etdi.
   Ulduzların ifası, tamaşaçı alqışları bir-birini əvəzlədikcə ən həyəcanlı məqam yaxınlaşırdı. “Görəsən, bu il qalib kim olacaq” sualı hər kəsi maraqlandırırdı. Beləliklə, 14 ölkədən 16 iştirakçı arasında 5 gün davam edən mübarizənin nəticələri açıqlandı. Üçüncü yerin sahibi 20 min avro pul mükafatı ilə müsabiqənin “ən cazibədar xanımı” Ukrayna təmsilçisi Mariya Yaremçuk oldu. İkinci yeri (30 min avro və “Büllur dalğa” mükafatı) müsabiqənin “ən cazibədar kişisi” Konstanza Del Pinto (İtaliya) qazandı. Birinci yer isə 50 min avro və “Büllur dalğa” mükafatı ilə Rusiya təmsilçisi Nilooya nəsib oldu.
   Love Radio tərəfindən xüsusi mükafata “İ.O.W.A” qrupu (Rusiya) layiq görüldü.
   Beləcə, Yurmalada daha bir musiqi həyəcanı sona çatdı.
   
   * * *      

   Dünya şöhrətli dizayner Kərim Rəşid festivalın qonağı oldu
   

   Amerikalı dizayner Kərim Rəşid “Yeni dalğa- 2012” festivalının qonağı oldu. O, həm iştirakçıları təbrik etmək, həmçinin Baltik sahillərində ilk yeni “Kado Karim” layihəsini təqdim etmək üçün Yurmalaya gəlmişdi. İyulun 28-də “Dzintari” konsert salonunun yaxınlığında layihənin təqdimatı, dəniz kənarında tikiləcək yaşayış kompleksinin simvolik “təməlinin qoyulması”, yerə basdırılan təməl daşının Baltik suları vasitəsilə yuyulması mərasimi keçirildi.
   Kərim Rəşid dünyanın ən məşhur dizaynerlərindən sayılır, bir çox mükafatların laureatıdır. Onun işləri dünya muzeylərində saxlanılır. “Kado Karim” “Yeni dalğa” mükafat fondunun sponsorudur. Şirkət yaşayış binaları, villaların tikintisi ilə məşğuldur.
   Mərasimdə çıxış edən dizayner bildirdi ki, Baltik dənizi sahillərində yeni layihədə işləyəcəyindən məmnundur: “Mən sizin ətrafınızda canlı həyat yaratmaq istəyirəm. Lakin mənim üçün önəmli olan bu həyatda yaradıcı və məqsədyönlü ruhun olmasıdır. Sizin emosional rahatlığınız mənim uğurum sayılacaq”.
   Layihəyə Kərim Rəşidlə bərabər, Latviya Memarlar İttifaqının sədri Andis Silis də dəvət olunub. İki il ərzində reallaşacaq layihə nəinki Latviyanın, Baltik dənizi sahillərinin incisinə çevrilməyi vəd edir.

   Reyhan İsayeva,
   Bakı-Yurmala-Bakı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar