Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə iyulun 24-dən Qəbələdə keçirilən IV Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatıb. Festivala Mədəniyyət və Turizm Nazirliyi təşkilati dəstək verib.
13 gün davam edən festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər. Dünya şöhrətli London Royal Filarmonik Orkestri festivalda dörd konsert proqramı təqdim edib.
Rusiyalı bəstəkar Aleksandr Çaykovskinin bəstələdiyi “Xocalı” matəm musiqisinin “Moskva solistləri” kamera orkestrinin ifasında təqdimatı (2 avqust) festivalın yaddaqalan hadisələrindən biri olub. “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Moskva solistləri” kamera orkestrinin yaradıcısı Yuri Başmetin rəhbərliyi ilə keçirilən konsertdə Xalq artisti Fərhad Bədəlbəyli (piano), məşhur violonçel ifaçısı Dmitri Yablonski, Əməkdar artist, tarzən Sahib Paşazadə çıxış ediblər. İlk dəfə təqdim olunan əsər böyük maraqla qarşılanıb.
Avqustun 4-də Sloveniyanın məşhur “Tartini kvarteti” də maraqlı konsert proqramı ilə çıxış edib. Kollektivin ifasında dünya şöhrətli bəstəkarlar A.Dvorjak, A.Kaple və K.Debüssinin əsərləri səslənib.
İştirakçılara və qonaqlara unudulmaz anlar bəxş edən festival London Royal Filarmonik Orkestrinin solistlərinin çıxışı ilə başa çatıb. İki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi orkestri pianoda Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə, violonçeldə Dmitri Yablonski, saksafonda Teymur Süleymanbəyli, klarnetdə Xalq artisti Şükür Səmədov müşayiət ediblər.
Amerika bəstəkarı Leonard Bernstaynın “Kandid” operasından uvertüra ilə başlayan konsertdə digər amerikalı bəstəkar Corc Gerşvinin yaradıcılığından nümunələr də səslənib. Festivalın başa çatması münasibətilə “Qafqaz Resorte” hotelində təşkil edilən ziyafətdə isə gənc azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi, Əməkdar artist İsfar Sarabskinin ifası dinlənilib.
Belə möhtəşəm tədbirlər dövlətin mədəniyyətə diqqəti sayəsində gerçəkləşir
“Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi Festivalı müvəffəqiyyətlə başa çatdı. Gözəl təbiət qoynunda yerləşən Qəbələ növbəti dəfə dünya şöhrətli musiqiçilərin, bədii kollektivlərin, solistlərin, görkəmli dirijorların, vokalçıların iştirak etdikləri möhtəşəm musiqi bayramının məkanına çevrildi. Festival xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış etdi”. Bu sözləri Milli Məclisin deputatı Fəttah Heydərov IV Qəbələ Beynəlxalq Musiqi Festivalının başa çatması münasibətilə jurnalistlərə müsahibəsində deyib. Millət vəkilinin sözlərinə görə, 10 ölkədən 350-yə yaxın musiqiçinin iştirak etdiyi festival Qəbələnin dünya musiqi mədəniyyətinin mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi: “Çox şadam ki, dünyada kifayət qədər tanınan, sevilən, qəbul edilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar festivalın qonağı oldular. Bu diyarın ecazkar təbiəti, gözəlliyi, xalqımızın yüksək qonaqpərvərliyi xarici musiqiçilərin ürəyincə oldu və onlar bütün bacardıqlarını ortaya qoydular ki, bu gözəl musiqi bayramı əvvəlkindən daha yaddaqalan olsun”.
Belə möhtəşəm festivalların Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə diqqəti sayəsində gerçəkləşdiyini vurğulayan millət vəkili Qəbələ Beynəlxalq Musiqi Festivalının təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya musiqimizin inkişafı və dünyada tanınması işinə qayğı göstərdiyinə görə minnətdarlığını bildirib.
Festival Azərbaycan və dünya musiqisinin təbliği baxımından uğurlu layihədir
“Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin təbliği və qorunub saxlanılması baxımından uğurlu bir layihədir. Qəbələ festivalı çox az sayda olan musiqi tədbirlərindəndir ki, orada V.A.Motsartın, C.Puççininin, P.Çaykovskinin, D.Şostakoviçin, İ.S.Baxın, C.Verdinin, J.Bizenin, L.V.Bethovenin, Ü.Hacıbəylinin, Q.Qarayevin əsərləri həm kamera musiqisi zalında, həm də açıq səma altında, təbii akustikada və uca dağların, sıx meşələrin qoynunda səslənir”.
Bu sözləri festivalın bədii rəhbərlərindən biri, Xalq artisti, professor Fərhad Bədəlbəyli IV Qəbələ Beynəlxalq Musiqi Festivalının yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib. Xalq artisti bildirib ki, IV Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək üçün növbəti ən yaxşı fürsət oldu: “Builki festivalın proqramını daha da zənginləşdirərək oraya Azərbaycan ilə bağlı bir neçə konsertlər də əlavə etdik. Festival günlərində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri eyni şövqlə səsləndirildi, gənc ifaçılar dünya şöhrətli musiqiçilərlə eyni səhnəni bölüşdülər. Bu festival bütün iştirakçılar, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmli oldu”.
Festivalın bədii rəhbəri tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya musiqiçilər və tamaşaçılar adından dərin təşəkkürünü bildirib.