Gənc xanəndə Ramiq Bayramovun ən böyük arzusu muğam müsabiqəsinə qatılmaqdır
   
   Onun ifasına təsadüfən qulaq asdım, Azərbaycan Radiosunun «Əsgər istəyi» verilişində. Muğam müsabiqələrini mütəmadi izlədiyimə görə bu gəncin musiqi yarışmalarının iştirakçısı olmadığını bilirdim. Ona görə də insanı riqqətə gətirən səsin sahibini - Ramiq Bayramovla həmsöhbət olmaq qərarına gəldim. Bu istedadlı gəncin Azərbaycan Milli Konservatoriyasında xalq artistləri, sevimli xanəndələr Mənsum İbrahimov və Aygün Bayramovanın tələbəsi olduğunu öyrəndim.

   Redaksiyamıza dəvətimizi məmnuniyyətlə qəbul etdi. İlk sualımız isə sənətə gəlişi ilə bağlı oldu. Dediyinə görə, hələ uşaqlıqdan xalq mahnılarına, muğama böyük marağı olub. Onu harada axtarsalar, radionun qarşısında muğamata qulaq asan yerdə tapırmışlar. Görkəmli xanəndələr Mütəllim Mütəllimovun, Yaqub Məmmədovun, Arif Babayevin və digər sənətkarlarımızın ifalarını dinləməkdən yorulmurmuş. Valideynləri Ramiqin musiqiyə marağının ötəri hiss olduğunu düşünərək, ona o qədər də əhəmiyyət verməyiblər: «Muğamata, xalq musiqisinə, oxumağa olan marağımı məktəbdə müəllimlərim daha yaxşı başa düşürdülər. Bizə ədəbiyyat dərsi deyən Təvəkkül müəllimin sözə-sənətə çox bağlı insan idi. Onun bir qəzəli var, «Axtar Qarabağda, gəz Qarabağda» adlı. Bu qəzəli hazırda xanəndələr çox ifa edirlər. Təvəkkül müəllim valideynlərimin yanına gəldi və onlara dedi ki, bu uşağın səsi var, bu səs Allah vergisidir. Ona dəstək olun, gedib oxusun. Müəyyən vaxt keçdi və səsim bir qədər də dəyişib püxtələşdi. Məktəbimizin müxtəlif tədbirlərində, rayonda keçirilən konsert proqramlarında çıxış etməyə başladım. Bir gün israrlı xahişlərimdən sonra anam məni qonşu kənddəki musiqi məktəbinə apardı. Orada səs şöbəsi olmadığına görə bir qədər sonra atamla Ağcabədi rayon mərkəzində fəaliyyət göstərən Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbinə gəldik».
   İstedad, səs Tanrı vergisi olsa da, istedad sahibinin tanınması üçün mütləq dəstək olmalıdır. Tale bu baxımdan Ramiqin üzünə gülür və musiqi məktəbində onun səsinə qulaq asdıqdan sonra məktəbin müəllimi, rayonun tanınan xanəndə Fazil Heydərov atasına deyir ki, sən bu uşağı ver bizə, qalanı ilə işin yoxdur. Həmin gündən sonra isə Ramiqin həyatında hər şey dəyişir: «Artıq arzularım çin olmağa başlamışdı. Muğam sənətinin sirlərini öyrənməyə başladım”.
   
   Uğurlar bir-birini əvəz edir...
   
   2005-ci ildə Ramiq İsmayıllı rayonunda keçirilən «Vətənimiz, dilimiz, mədəniyyətimiz, qabiliyyətimiz» adlı ümumrespublika bədii qiraət və xalq mahnıları ifaçılarının müsabiqəsində münsiflər heyətinə rəhbərlik edən Xalq artisti Canəli Əkbərovun xeyir-duası ilə uğur qazanır. 2006-cı ildə Astarada keçirilən 3-cü uşaq muğam festivalında diploma layiq görülür. Burada ilk dəfə tanınmış xanəndə Mənsum İbrahimovla görüşür.
   Nəhayət, 2008-ci ildə Ramiqin böyük arzusu həyata keçir. O, Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsinə qəbul olunur və Mənsum İbrahimovun sinfində təhsil almağa başlayır. Üç il ustad xanəndənin sinfində muğam dərsi alan Ramiq sonuncu kursu Xalq artisti Aygün Bayramovanın sinfində bitirir. Bundan əlavə, görkəmli xanəndələrimiz Arif Babayev, Əlibaba Məmmədov, Qəzənfər Abbasov və başqa müəllimlərdən də dərs alır.
   Bütün bu çalışmalar öz nəticəsini verir. 2011-ci ildə Ramiq Bayramov Tehran şəhərində keçirilən konsert proqramında çıxış edir. Bundan sonra mütəmadi olaraq müxtəlif tədbirlərə, şənliklərə dəvət alır, hərbi hissələrdə konsertlərdə tez-tez konsertlər verir.
   Ötən il onun üçün bir uğurla da yadda qalıb. Ramiq Bayramov müstəqilliyimizin 20 illiyi ilə bağlı Üzeyir Hacıbəylinin ev-muzeyində solo-konsert verib.
   Bu il isə Böyük Britaniyanın OXFAM humanitar təşkilatının nümayəndəsi Azərbaycan Milli Konservatoriyasında gənc xanəndələr arasında seçim edərkən Ramiqin ifası onun diqqətini cəlb edir. O, ANS TV-nin səsyazma studiyasında gənc xanəndənin səsini yazdırır və onun «Eurovision»un reklam çarxında iştirakını təmin edir. Buna görə Ramiqə OXFAM təşkilatının sertifikatı verilib.
   Həmsöhbətimiz bu il iyunun 14-dən 25-dək Türkiyənin Qəbzə şəhərində keçirilən beynəlxalq mədəniyyət və folklor festivalında Azərbaycanı təmsil edib.
   Ramiqin ən böyük arzusu isə ölkəmizdə keçirilən muğam müsabiqəsində iştirak etməkdir. Müsabiqəyə ciddi hazırlaşdığını deyən Ramiq bunun üçün öz müəllimi Mənsum İbrahimova müraciət edəcək. Bundan başqa, digər ustad sənətkarların dərslərində də iştirak edəcək. Deyir ki, muğam ifaçısı hər zaman öyrənməlidir: “Xalq tərəfindən sevilən xanəndə olmaq üçün görkəmli sənətkarlardan hələ çox şey öyrənməyəm. İndiyədək həyatda əldə edə bildiklərinə və hələ bundan sonra qazanacaqlarına görə müəllimlərinə borcluyam”.
   
   Müəllimi onun gələcəyinə inanır
   
   Ramiq Bayramov haqqında müəllimi, görkəmli xanəndəmiz Mənsum İbrahimovun fikirlərini də öyrəndik. Xalq artisti Ramiqlə bağlı böyük ümidlərinin olduğunu dedi: “Onun səsi muğama çox yatır. Özü də çox çalışqan və zəhmətkeşdir. Mən inanıram ki, bu templə getsə, Ramiq muğam sənətində böyük uğurlar əldə edəcək. Mən ona çox ümid bəsləyirəm. Bir müəllim kimi də hər zaman yanındayam. Bu gün Azərbaycan dövləti muğamın inkişafına, gənclərin bu sahədə özlərini tanıtmasına gözəl şərait yaradıb. Ramiqin xanəndə olmaq imkanları böyükdür. Muğam müsabiqəsinə qoşulacağı təqdirdə isə onun uğur qazanacağına inanıram”.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar