Musiqi sənətinin, xüsusi olaraq klassik musiqinin insan həyatında rolu olduqca böyükdür. Səslər vasitəsilə duyğulara sirayət edən bu sənət növü, Bethovenin ifadəsi ilə desək, insan ruhunu qidalandıran bir varlıqdır. Bu yaxınlarda Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında pianoçu Yuliya Kərimovanın ifasında gerçəkləşən musiqi axşamını da bu məcrada izah etmək mümkündür. Bakı Musiqi Akademiyasının baş müəllimi Y.Kərimova romantizm dövrünün möhtəşəm əsərlərini ithaflarla qurulan dialoq şəklində musiqisevərlərə təqdim etdi, onların könlünü oxşadı...
   
   İki hissədən ibarət musiqi axşamının birinci hissəsində Veymar məktəbinin dahi simaları Robert Şumanın və Ferents Listin əsərləri səsləndi. İkinci hissədə isə musiqi salnaməsinin “piano şairi” adı ilə məşhur olan Frederik Şopenin fortepiano üçün 24 prelüdlər silsiləsi ifa edildi.
   Alman (Saksoniya) əsilli bəstəkar, dirijor və musiqi tənqidçisi R.Şumanın adı musiqi tarixində XIX əsrin ən görkəmli şəxsiyyətləri arasında yer tutur. Dahi sənətkarın konsertdə ifa edilən ABEGG variasiyaları onun ilk dərc olunmuş əsəridir. Əsər 1830-cu illərin əvvəllərində yazılıb və fərziyyələrə görə, bəstəkarın eşqi olan Abegg soyadında bir xanıma həsr edilib. Musiqişünaslıq nöqteyi-nəzərindən ABEGG bir musiqi kriptoqramıdır, başqa sözlə, “lya - si-bemol - mi - sol - sol” notları üzərində qurulan və ya kodlaşmış səs düzümüdür. Şuman musiqisinin açarı olan bu səs düzümü, eyni zamanda bəstəkarın bütün yaradıcılığında böyük əhəmiyyət kəsb edən monotematizm (əsərdə tək bir musiqi mövzusunun səslənməsi) üsuluna da dəlalət edir. Romantizm dövründə bu üsula kompozisiya və dramaturji prinsip olaraq bir çox bəstəkarlar müraciət edib. Romantizmin realizmə doğru irəliləyişində monotematizm musiqi əsərinin fikir və düşüncələrinə təsviri bir vəhdət qazandırdı. R.Şumanın musiqisində bu və ya digər incəlikləri göz önünə gətirən Y.Kərimova ABEGG variasiyalarını mətləbə uyğun surətdə, əsas musiqi mövzusunun müxtəlif variantlarda təkrarlanma şəkli ilə ifa etdi. Əsərin kompozisiyasında bəyan edilən əsas mövzu, üç variasiya, Cantabile və Final hissələri pianoçunun interpretasiyasında məharətlə təqdim olundu.
   Variasiyaların ehtivası gənclik eşqini canlandıran, sadə və işıq saçan bir melodiya ədası ilə nəzərə çarpırdı. İfaçı birinci variasiyada baş qəhrəmanın məhəbbətdən yaranan təzadlı hisləri və Şumana məxsus bir simanı nümayiş etdirdi. İkinci variasiyanın birinci variasiyaya qarşı dolğun və kontrast mahiyyəti isə pianoçunun ifasında sevilən qadının surətini təzahür edirdi. Üçüncü variasiya musiqini coşqun və virtuoz tərzli vals havasına bürüdü. Finalı hazırlayan Cantabile qismində isə musiqinin ahəngdar sükutu duyuldu, irəlidə aşkar olunacaq müxtəlif xəyalların və təbii tərəddüdlərin zəmini hazırlandı.
   Konsertdə təqdim olunan digər əsər XIX əsrin piano ifaçılıq sənətində təkrarsız çığır açan, musiqidə proqramlılıq məfhumunun təbliğatçısı sayılan macar mənşəli Ferents Listə aid idi. Şumana həsr olunmuş fortepiano sonatası Listin çox şaxəli yaradıcılığında mərkəzi yer tutan əsərlərdən biridir. Əsər instrumental sonata janrında yeni söz, dünya fortepiano repertuarında dəyərli nümunələrdən biri hesab olunur. Sonatanın geniş rəsm tablosuna bənzər mövzuları XIX əsrdə avropalıların faustçu ruhunu əks etdirir. Əsərin konsepsiyası, eyni zamanda həqiqət arayışında tənəzzülə uğramış insanların duyğularına, şəxsiyyətlərin təzadlı xəyallarına və dərin fəlsəfi düşüncələrinə də işıq salır. Y.Kərimova öz ifasında müəllif fikirlərinə söykənərək sonatanın mürəkkəb və möhtəşəm səciyyəsini ərsəyə gətirdi, List və Şumanın tarixlərə uzanan suallarını təqdim etdi.
   Fortepiano musiqisi axşamının ikinci hissəsində romantizm cərəyanının ensiklopediyaçısı sayılan F.Şopenin 24 prelüdlər silsiləsi səsləndi. Əsərin əksər qismi 1836-1839-cu illərdə Parisdə yazılıb. Bu, bəstəkarın yaradıcılığının zirvəyə yaxınlaşdığı bir dövr idi. Bu silsilə Qərb musiqisinin təməlini nizamlayan İ.S.Bax sənətinə bir ithaf olaraq qəbul edilsə də, özünəməxsus cizgilərə malik bir əsərdir.
   Musiqi sənətində prelüd məfhumu İntibah çağının sonuna doğru püxtələşir və sərbəst fantaziya şəklində çalınırdı. Dahi bəstəkar Baxın sayəsində prelüd polifonik əsərin önəmli bir hissəsinə çevrildi. Prelüdün müstəqil janr xüsusiyyəti romantizm dövrünə təsadüf edir. Fortepiano üçün bəstələnən miniatür isə birbaşa Şopenin adı ilə bağlıdır. Bəstəkarın 26 prelüdü mövcuddur, adı çəkilən 24 prelüd Qərb musiqi sisteminin bütün paralel (major və minor) tonqallıqlarını əhatə edən əsərdir. Lirik miniatür musiqisinin əsas qayəsi bu prelüdlər vasitəsilə olduqca yığcam şəkildə ifadə edilmişdir.
   Y.Kərimova silsilənin dramaturji və səslənmə təfərrüatlarını peşəkar səviyyədə şərh edərək bu əsərin İ.S.Baxın prelüdləri ilə əlaqəsinə diqqəti cəlb etdi. Yüksək texniki qabiliyyət və incə nəzakət tələb edən bu əsərin ifasını həqiqi mənada uğurlu bir çıxış adlandırmaq olar.
   Ənənəvi əsaslara söykənən, müəyyən musiqi ideyası üzərində qurulan solo və kamera-instrumental konsertlərə ehtiyac duyduğumuz bir dövrdə Y. Kərimovanın ifasının bəzi dinləyicilər tərəfindən klavirlərlə izlənilməsi, musiqi həyatımızda təcrübəli musiqisevərlər kütləsinin püxtələşməsinə işarədir. İfaçının musiqi sənətinə vurğunluğu, yaşadığı hiss və həyəcanları solo konserti vasitəliyə dilə gətirməsi, xüsusi olaraq klassiklərə nəzərən qurduğu musiqi dialoqu ziyalılara ilham qaynağı, gənclərə isə örnəkdir...

   Seyran Qafarov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar