Keçmişin xatirələri, dəyişməyən duyğular və Bakı həsrəti
Onunla söhbətimiz zamanı yarızarafat-yarıgerçək bənzətmələri, keçmişə səyahətləri, bəzən kövrəlib, bəzən də üzünə qonan ani təbəssümü təxmini bu təəssüratı yaratmışdı. O, dünyanın harasında olmasından asılı olmayaraq, daim Bakıda, bizim yanımızdadır.
Danışığı, təbəssümü, özünəməxsus jestləri və bir az da konservativ (!) azərbaycanlılarsayağı olar-olmazları ilə o yenə də həmin insandır. 80-ci illərin nostaljisindəki Abbas Əhməd. “Ürəyim yanar” deyib dövrün gənclərinin qəlbini ovsunlayan, saç düzümü, geyimi, yəni hər halı ilə 80-lərin adamı. Amma bir o qədər də müasir, dünyanın halından xəbərdar, olub-bitənlərə münasibətdə ədalətli.
Söhbətimiz də elə bu ladda oldu. İllər keçib, nəsillər dəyişib, sənət estetikası, şou və biznes anlamları bir-birinə qarışıb. Amma o dəyişməyib. Yenə həmin biçimdə, həmin görkəmdə. Bircə üz-gözündə həsrət, vətən, doğma Bakı nisgili var. Bunu bəlkə də o anda sezmək olmur. Amma o, ətrafa göz gəzdirib bizim hər gün ötüb-keçdiyimiz küçə və meydanları, həyatımızın bir parçası olan dəyişiklikləri bir-bir şərh edib, sevimli Bakısını təsvir edərkən gözləri həmin həsrəti ilk andaca pıçıldayırdı.
“Ruhum hər an Azərbaycandadır”
Bunu söhbəti zamanı dəfələrlə təkrar edən həmsöhbətim imkan tapdıqca doğma şəhərə tələsdiyini, ən gözəl illərinin, ən şirin xatirələrinin Bakı ilə bağlı olduğunu deyirdi. «Vətənə hər gəlişim mənim üçün bayram olur. Tez-tez yada saldığım vətənimizə mütəmadi gələ bilməsəm də, ruhumu xatirələr dolu şəhərimdə dilləndirirəm. İstər Kipr və Hollandiyada, istərsə də hazırda yaşadığım Moskvada mən Bakını hər gün, hər an xatırlayıram. Azərbaycansız yaşaya bilmərəm. Çünki gəncliyim, həyatımın gözəl illəri burada keçib. İlk səhnə həyəcanını, gözəl duyğuları, tamaşaçı sevgisini, alqışını burada duyub, hiss etmişəm. Tanış küçələr, gözəl şəhər, doğma simalar məni hər an dünənimə aparır. Şəhərimiz indi daha da gözəlləşib. İnanın ki, hər gəlişimdə yeni nə isə görürəm və təbii ki, bu, məni çox sevindirir”.
«Bakı payızı»nın daha bir təranəsi
O da 80-ci illərin məşhur müsabiqəsinin laureatıdır. Azərbaycan səhnəsinə bir çox adlar bəxş edən müsabiqə barədə müsahibim bunları dedi: «1988-ci ildə mətbuat səhifələrində «Bakı payızı» müsabiqəsinin keçirilməsi ilə bağlı bir elan dərc olundu və mən də öz məharətimi bu yarışmada göstərmək qərarına gəldim. Bir ay davam edən müsabiqənin laureatlarından biri də mən oldum. «Bakı payızı» əksər ifaçılar kimi mənim də həyatımda silinməz iz qoydu, sənət fəaliyyətimə bahar təravəti gətirdi. Baxın, bu gün Azərbaycan estrada musiqisinin əksər məşhurları o müsabiqədən pərvazlanıb. Əslində, o zaman geyimdən saç düzümünə, bəstədən aranjimana hər məqamda müəyyən çətinliklərlə üzləşirdik. Amma hər kəsdə qəribə bir optimizm, ruh yüksəkliyi, əzmkarlıq var idi. Maraqlıdır ki, orada kimsə bir-birini indiki yarışların iştirakçıları qədər rəqib görmür və ya bir-birilərinə nə isə problem yaratmırdılar. Sadəcə, hamı səhnəyə çıxıb tamaşaçılar qarşısında öz sözünü demək, səsini, ifasını göstərmək istəyirdi».
O yarışmanın çoxsaylı iştirakçıları arasındakı sadə geyimli - ağ kostyum, qara futbol köynəyi və özünəməxsus saç düzümü ilə seçilən Abbas Əhməd sonralar daha da populyarlaşmağa başlayır. «Bakı payızı»nda ikincilik qazanır, ardınca «Qızıl payız» müsabiqəsində (1989) birinci yeri tutur. 1990-cı ildə təşkil olunan «Odlar yurdu» musiqi müsabiqəsinin də laureatlarından olan musiqiçinin sorağı tezliklə respublikamızın sərhədlərini aşır. Qazaxıstanda keçirilən Asiya estrada ifaçılarının yarışmasında laureat adını qazanır, 1994-cü ildə Belarusda «Qızıl şlyager» müsabiqəsinin iştirakçısı olur. 1996-cı ildə Moskvada keçirilən ənənəvi caz festivalına qatılır. Beləcə, bir-birinin ardınca nüfuzlu musiqi yarışmaları, tanınmış münsiflərin rəyləri və tamaşaçı rəğbəti sayəsində o tanınıb sevilməyə başlayır.
«Qaya»ya gedən yol
Müsabiqələrdə qazanılan uğurlar, fərqli səs tembri və səhnə cazibəsi onu Azərbaycanın ən məşhur estrada ansamblına, «Qaya»ya gətirir. Əslində, bu məşhur kollektivdə çalışmaq onun çoxdankı arzusu idi: «Mən 14 il «Qaya» ansamblının üzvü olmuşam. 1988-ci ildə ansambla gəldim. «Qaya»dan başlanan yol məni sənətdə zirvələrə qaldırdı. Əslində, bu ansambla gələnədək mən nisbətən tanınır, mahnılar yazdırıb solo fəaliyyətlə məşğul olurdum. Amma tanınmış bir ansamblda, məşhur solistlər arasında olmaq, onlarla bir səhnəni paylaşmaq mənim üçün böyük şərəf idi. Kollektivin tərkibində qastrollara gedir, səsimiz, ifamızla Avropanı, Amerikanı gəzirdik. Təkrarsız ifaçılar, gözəl sənətkarlarımız Rauf Babayev və Teymur Mirzəyev mənə peşəkar ifaçı kimi yetişməkdə çox kömək edirdilər. Bu minvalla ansamblda 2001-ci ilədək çalışdım».
Bir mahnının məşhurluğu
Heç kimə sirr deyil ki, o, daha çox «Ürəyim yanar» mahnısı ilə populyarlaşdı. Təkcə bir mahnısı ilə minlərin sevimlisinə, kumirinə çevrildi. Bu mahnının tarixi haqqında danışan müğənni, əslində, ifanın bu qədər məşhurlaşacağını gözləmədiyini, sıradan bir mahnı kimi lentə yazdırdığını deyir: «Ürəyim yanar» mahnısını 1992-ci ildə yazdırmışam. Sözləri Elçin Mirzəbəyliyə, musiqisi isə mənə aiddir. Mahnını televiziyada ifa etdiyim ilk gündən sevildi. Artıq hər yerdə məndən o mahnını soruşurdular. Elə indi də hər bir dinləyici Abbas Əhməd deyərkən bu mahnımın adını çəkir. Bu məni çox sevindirir. Bir ifa ilə tamaşaçı yaddaşında qalmaq yəqin ki, müğənni kimi mənim böyük səadətimdir. Amma mən ümumilikdə oxuduğum bütün mahnılara məsuliyyətlə yanaşmışam, peşəkar, musiqidə sözünü deyən bəstəkarlarla işləmişəm. O bəstəkarlarla ki, onlar mahnının musiqisi, sözü və aranjimanını vəhdətdə yaradıb, müğənninin səs imkanlarına, ifa manerasına uyğunlaşdıra bilirlər».
Türkiyə-Kipr-Rusiya yollarında
1998-ci ildə qardaş Türkiyədə çalışmaq təklifi alan ifaçı burada iki il fəaliyyət göstərdikdən sonra ömrünün iki ilini də Kiprdə keçirib. 2002-ci ildən taleyini Rusiya, Moskva ilə bağlayan sənətçi artıq neçə illərdir ki, bu şəhərdə məkan tutub. Orada iki musiqi albomu çıxıb. Hazırda şəhərin məşhur «Bakı Bulvarı» restoranında çalışır. Son diskinin 2004-cü ildə işıq üzü gördüyünü deyən ifaçı Moskvada bakılılar və digər millətlərin təmsilçiləri qarşısında ifa edərkən daim özünü Bakıda, şəhərin məşhur musiqi zallarının birinin səhnəsində təsəvvür etdiyini deyir: «Mən qonaqlar qarşısında təxminən 10 dildə mahnı oxuyuram. Repertuarımda məşhur dünya musiqiləri olsa da, hər vəchlə Azərbaycan mahnılarına üstünlük verirəm. Və hər ifanın sonunda mənə yönələn alqışları, bağışlanan gül dəstələrini, xoş sözləri xəyalən bütünlükdə xalqımın, onun böyük, gözəl sənətinin adına yazıram. Məncə, xaricdə, vətəndən uzaqda yaşayan sənətçiləri yaşadan və xoşbəxt edən məhz bu duyğudur».
«Bakı, sabahın xeyir...»
O danışır, danışdıqca da xəyalı onu çox uzaqlara aparır: «İllər keçdikcə insan ömründəki xatirələr də kövrəkləşir, öləziyir, inanın ki, insan bəzən keçmişlə sabah arasındakı çəkişmədə özünə rahatlıq tapa bilmir. Beləcə, yaşadıqlarını ayırd etməyə çalışırsan. Bu məqamlarda Bakının nostaljisi məni heç vaxt tərk etmir. Və hər keçmişə dönüb Bakımı, dünənimdə qalanları xatırlayarkən
«Hörüklərin qaradır, saçların ay paradır.
Bu bir aləm yaradır. Hamı ürəkdən deyir:
Bakı, sabahın xeyir, Bakı, sabahın xeyir»,
- deyə bu məşhur mahnını zümzümə edirəm. Bu gözəl şəhərimiz haqqında başqa mahnılar da var və mən Bakı üçün darıxanda o mahnılarla həm özümü, həm də vətəndən uzaq düşmüş bakılıları xatirələrə qərq etməyə çalışıram».
Onun konsert vədi
Daim vətəndə konsert vermək istəyinin olduğunu deyən müsahibim bunun üçün müəyyən danışıqlar apardığını da deyir. Təbii ki, konsertin təşkilati məsələlərində müəyyən problemlər yaşanmasa: “Gələn ilin martında bir populyar rus ifaçı ilə birgə konsert vermək və Abbas Əhməd ifası üçün darıxan həmvətənlərimizi bir araya yığmaq istərdim. Amma, görək, necə olacaq”.
Hazırda bəstəkar Azər Allahverdiyevlə işlədiyini bildirən müğənni Azərbaycan estrada musiqisinin bugünkü vəziyyətinə də münasibət bildirdi. Onun fikrincə, istənilən halda əsl musiqi, əsl sənət illər keçsə də, öz dəyərini itirmir. Fikrini ötən illərin məşhur mahnılarının daim sevilməsi ilə əsaslandırır: “İndi telekanallar da çoxdur, müğənnilər də. Amma tamaşaçı-dinləyicilər ötən illərin mahnılarına daha böyük həvəs və sevgi ilə qulaq asırlar. Özü də bu təkcə Azərbaycanda deyil, Rusiyada da belədir. Bilirsiniz, bəlkə də mahnı çoxdur və bu çoxluqda insanlar seçim edə və ya mənəvi tələbatlarını tam ödəyə bilmirlər. Əvvəllər mahnılar az çıxırdı, amma indi bu say yüzlərlə, minlərlədir. Belə qarışıq vəziyyətdə yəqin insanlar seçim edə bilmirlər. Amma mən bir şeyə əminəm ki, yaxşı mahnı mütləq ilk ifadanca insanın qəlbinə yol taparaq yaddaşına yazıla bilir».
Söhbətinə də məşhur mahnısından bir hissə ilə nöqtə qoyan müğənni Bakı səhnəsində, çoxdan darıxdığı və ondan yana darıxan dinləyicilər üçün görüşmək ümidi ilə bizdən ayrıldı.
Bu dəniz unudub dərdi-sərini
Köksündə həsrətim batar, baş vurar.
Alıb əllərimdən ümidlərimi,
Çırpar qayalara, çırpar daşlara.
Ürəyim yanar, qəlbim odlanar,
Sənin yolunu gözlədim yaman, gözlədim yaman...
Həmidə Nizamiqızı