Azərbaycan Respublikası Prezidentinin «Üzeyir Musiqi Gününün keçirilməsi haqqında» 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq bu əlamətdar tarix böyük musiqi bayramı kimi çeşidli tədbirlərlə qeyd olunur. 2009-cu ildən başlayaraq isə hər ilin sentyabrında dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Sənət aləmində böyük əks-səda doğuran festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
   
   Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə növbəti, IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlandı. Sentyabrın 29-dək davam edəcək festivalda Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - "Moskva virtuozları" kamera orkestri, Köln kamera orkestri, Zaxar Bronun rəhbərliyi ilə kamera orkestri, "Signum" saksafon kvarteti, dirijorlar Vladimir Spivakov, Gürer Aykal, Canluka Marçiano, skripkaçı Solenne Paydassi, pianoçu İlya Maksimov, violonçel ifaçısı Kristof Kruaze və başqaları iştirak edirlər.
   
   Dahi bəstəkarın xatirəsi yad olundu
   
   18 sentyabr - Üzeyir Musiqi Günü münasibətilə tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.
   Tədbir iştirakçıları Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət xadimlərinin məzarlarını ziyarət ediblər. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb, onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirib. Nazir Milli Musiqi Günü münasibətilə IV Beynəlxalq Musiqi Festivalının təşkil olunduğunu nəzərə çatdırıb.
   Sonra Azərbaycan Dövlət Xor Kapellası Üzeyir Hacıbəylinin məzarı üzərində dahi bəstəkarın “Şəbi-hicran” kompozisiyasını ifa edib.
   Mərasim İncəsənət Muzeyinin həyətində davam etdirilib. İştirakçılar Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün vaxtilə Şuşada ucaldılmış və erməni təcavüzünə məruz qalmış heykəllərini ziyarət ediblər. Nazir Əbülfəs Qarayev bu heykəllərin bir gün yenidən Şuşaya qayıdacağına inandığını vurğulayıb.
   
   Bakı Musiqi Akademiyasının qarşısında bayram tədbiri
   
   Bakı Musiqi Akademiyasının qarşısında təşkil olunan ənənəvi bayram tədbirində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları Üzeyir Musiqi Günü münasibətilə təbrik etdi: “Bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderimizin 1995-ci ildə-dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə musiqi bayramı kimi qeyd olunur”.
   Son illər milli musiqimizin təbliği istiqamətində görülmüş işlərdən söz açan nazir bildirdi ki, bu istiqamətdə atılan hər bir müsbət addım dövlətimizin başçısı tərəfindən dəstəklənir: “Məhz bunun nəticəsidir ki, Azərbaycan musiqisinin səsləndiyi ən böyük konsert salonlarında, ən möhtəşəm tədbirlərdə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yaxından iştirak edirlər. Bütün bunlar göstərir ki, növbəti illərdə də bizim musiqimiz, incəsənətimiz daha da inkişaf edəcək, yeni maraqlı layihələr daha böyük uğurlar əldə etməyə imkan verəcək”.
   Azərbaycan mədəniyyətinin öz hüdudlarından çıxaraq dünya məkanında özünü sübut etdiyini vurğulayan Əbülfəs Qarayev Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının coğrafiyasının genişləndiyini, builki festivalda bir çox ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlərin iştirak edəcəyini bildirdi.
   Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə dahi bəstəkarın ömür yolundan, zəngin yaradıcılığından söz açdı. Qeyd olundu ki, Üzeyir Hacıbəyliyə həsr edilmiş festival çərçivəsində təkcə dünya şöhrətli bəstəkarımızın deyil, eyni zamanda, bir çox tanınmış musiqiçilərin əsərlərini dinləyir və onların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə edirik: “Üzeyir Hacıbəyli bizim üçün çox əzizdir. Onun musiqisi bütün həyatımız boyu bizi müşayiət edir. Biz bir daha dərk edirik ki, o, bütün dünyaya məxsus bəstəkardır. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, Üzeyir musiqisi həmişə səslənəcək”.
   Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Üzeyir Hacıbəylini musiqimizin peyğəmbəri adlandırdı: “Mən hesab edirəm ki, musiqiçilər, xüsusən gənc nəsil onun yaradıcılığına yaxından bələd olmalıdır. Mən xoşbəxtəm ki, biz hər il dahi bəstəkarın doğum gününü geniş şəkildə qeyd edirik. Bu gün Üzeyir musiqisi dünyanın hər yerində səslənir. Bizim üçün ən vacib odur ki, Üzeyir bəyin musiqisi tezliklə Şuşada səslənsin. Mən buna inanıram”.
   Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi Üzeyir Musiqi Günündə insanların bir araya toplaşıb, əlamətdar təqvimi bayram kimi qeyd etməsini ənənə halını aldığını bildirdi: “Üzeyir bəy Azərbaycanın dahi ziyalısı kimi həmişə anılacaq. Bu gün onun əsasını qoyduğu Azərbaycan professional musiqisi dünyada tanınır, sevilir. Bu musiqinin daha parlaq gələcəyi hələ irəlidədir”.
   Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Dövlət Xor Kapellasının, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında klassik musiqi nümunələri təqdim olundu.
   
   Musiqi festivalının açılışı

   
   Sentyabrın 18-də Azərbaycan Dövlət Filarmoniyasında IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı münaibətilə konsert təqdim olundu. Mərasimdən əvvəl jurnalistlərə müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylini Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfə kimi səciyyələndirdi. Bildirdi ki, onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur. Üzeyir bəyin əsərləri milli olduğu qədər də bəşəridir.
   Konsert proqramında Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Şeyx Sənan” operasından fraqmentlər, “Koroğlu” operasından III akt, məşhur rus bəstəkarı S.Prokofyevin violin və orkestr üçün 2 saylı konserti səsləndi.
   Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdim etdiyi konsertin dirijoru Xalq artisti, professor Rauf Abdullayev idi.
   Festival sentyabrın 29-dək davam edəcək.    

   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar