Deyirlər, insan yalnız özünü gerçəkləşdirdiyi sahədə daha xoşbəxt hiss edir. Haqqında söhbət açacağım istedadlı musiqiçi, respublikanın Əməkdar artisti Aygün Zeynalovanı da bu sıraya aid etmək olar.
   
   Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Amma musiqiyə olan həvəsi onu bir an da rahat buraxmır. Nəhayət, o, ürəyinin səsi ilə hərəkət edir: «Mən mütləq musiqiçi olmalıyam...»
   Uşaqlıqdan musiqisevərlər ailəsində böyüyüb boya-başa çatan Aygün 16 saylı musiqi məktəbində fortepiano üzrə təhsil alıb. Musiqiçi o illəri belə xatırlayır: “Ustad müəllim Vladimir Pavloviç Vlasenko (ruhu şad olsun!) musiqi duyumumu və qabiliyyətimi, soprano koloratura səsimi yüksək qiymətləndirərək kollektiv qarşısında solo konsertimi təşkil etdi. Konsertin müsbət qarşılanması məni bir az da ruhlandırdı. Bundan sonra həyat yolum başqa bir məcraya yönəldi...”
   Beləliklə, müəlliminin tövsiyəsi ilə 2000-ci ildə Bakı Musiqi Akademiyasında Xalq artisti, professor Xuraman Qasımova Aygün Zeynalovanın ifasını dinləyir. İfanı çox bəyənən Xuraman xanım onun «solo oxuma» sinfinə - ikinci ixtisas kimi birbaşa ikinci kursa qəbul edilməsini məsləhət bilir. Tezliklə Aygün onun sevimli tələbələrindən birinə çevrilir: «Taleyimdən çox razıyam ki, həyat məni gözəl sənətkar, bacarıqlı pedaqoq, səmimi insan, Azərbaycanın Xalq artisti, professor Xuraman Qasımova ilə rastlaşdırdı və indiki nailiyyətlərimin bünövrəsində məhz onun zəhmətinin olması məni çox sevindirir və qürurlandırır...»
   
   Uğurun başlanğıcı
   
   Az müddət sonra Aygün yeni-yeni uğurlara imza atır. 2006-cı ildə Avstriyanın Vyana şəhərində keçirilən vokalçıların beynəlxalq müsabiqə turunun seçim mərhələsi üzrə jüri nümayəndəsi tərəfindən Bakıda dinlənilib bəyənilərək, «25th International Hans Gabor Belvedere Singing Competition» II turuna dəvət alsa da, ailə qayğıları onun bu yarışda iştirakını əngəlləyir. 2007-ci ildə istedadlı musiqiçi Vokalçıların Bülbül adına IV Beynəlxalq müsabiqəsində iştirak edərək laureat adına layiq görülür. Burada qeyd etmək yerinə düşər ki, o vaxt jüri sədri olan SSRİ Xalq artisti, mərhum professor İrina Arxipova gənc qızın ifasını məxsusi bəyənərək istedadına yüksək qiymət vermiş, onun gözəl gələcəyinin olacağını söyləmişdi.
   Söhbət əsnasında sənətçi Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində debütündən də söz açdı: “Teatrda ilk çıxışım 2007-ci ildə oldu və çox xoşbəxtəm ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasında baş rolu - uşaqlıqdan sevə-sevə izlədiyim Gülçöhrəni ifa etdim...”
   Elə həmin il SSRİ Xalq artisti Yelena Obraztsova Bakıda keçirdiyi ustad dərslərində Aygün xanımın da ifasını dinləyərək ona böyük dəyər verib. Gənc olmasına baxmayaraq, milli vokal sənətimizi ölkə hüdudlarından kənarda uğurla təmsil edən Aygün Zeynalovanın 2007-ci ildə Parisdə, Fransa Senatında gerçəkləşən solo konsertində parlaq ifası auditoriyanın böyük rəğbətini qazanır. 2008-ci ildə isə Fransanın Şanzelize sarayında təşkil olunmuş Azərbaycan Günləri çərçivəsində keçirilən konsert proqramında Aygün xanım da müvəffəqiyyətlə çıxış edib. Məhz bu uğurların nəticəsidir ki, musiqiçi hazırda bir çox dövlət tədbirlərində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Dövlət Xor Kapellası, Dövlət Simfonik Orkestri ilə müvəffəqiyyətlə çıxışlar edir və hər zaman da geniş tamaşaçı auditoriyası tərəfindən rəğbətlə qarşılanıb.
   
   Zəhmət və istedad birləşəndə
   
   Aygün Zeynalova 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı solist kimi çalışır, Bülbül adına orta ixtisas Musiqi məktəbində dərs deyir. 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbirlər də sənətçi üçün yaddaqalan olub. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın iştirakı ilə müxtəlif ölkələrdə - Fransa, Almaniya və son olaraq İtaliyada keçirilən mədəniyyət tədbirlərində çıxış edərək ifaçılıq sənətimizi, incəsənətimizi layiqincə təmsil edib.
   Noyabrın 29-da isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda və Romada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdə Aygün Zeynalova Xalq artisti Teymur Göyçayevin dirijorluğu və Dövlət Kamera Orkestrinin müşayiəti ilə professor Fərhad Bədəlbəylinin «Ave Mariya» əsərini iki dildə (latın və Azərbaycan) və Niyazinin «Arzu» əsərini böyük məharətlə ifa edib. Bu ifalar tələbkar və zövqlü dinləyici auditoriyası tərəfindən rəğbətlə qarşılanıb.
   Bildiyimiz kimi, 2012-ci ildə ölkəmiz önəmli bir beynəlxalq tədbirə - “Erovision” mahnı müsabiqəsinə ev sahibliyi etdi. Bununla bağlı yanvarın 25-də “Buta” sarayında keçirilən açar təqdimetmə mərasimində Aygün Zeynalova Xalq artisti Samir Cəfərovla birlikdə duet ifa etdi. Bu beynəlxalq tədbirlə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan silsilə konsertlərə mayın 30-da Azərbaycan Dövlət Filarmoniyasında Aygün Zeynalovanın Dövlət Kamera Orkestri ilə birlikdə möhtəşəm solo konsert proqramı ilə yekun vuruldu.
   Bu ilin iyununda Türkiyənin Ankara və İzmir şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində bir çox görkəmli sənət ustaları ilə birlikdə Aygün Zeynalova da konsertlərdə solo və duet çıxışlarla incəsənətimizi layiqincə təmsil etdi.
   Daim gərgin yaradıcı iş qrafiki ilə çalışan sənətçi bundan böyük zövq aldığını deyir. Mütəmadi olaraq yeni layihələr üzərində çalışır, solo proqramlarla və Dövlət Xor Kapellası ilə birlikdə dünya klassiklərinin əsərlərini ustalıqla ifa edir. Sənət həyatı ilə yanaşı, ailə qayğılarına da zaman ayırır. Səhnədə sevilən sənətçi olmaqla yanaşı, o həm də gözəl anadır.
   Əlbəttə, peşəkar ifaçının bu fəaliyyəti və zəhməti daim istedadlı insanlara önəm verən dövlətin diqqətindən kənar qalmayıb. O, bu il sentyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülüb. Aygün xanım ona göstərilən etimada görə ölkə başçısına dərin minnətdarlıq və təşəkkürünü bildirərək bundan sonra da Azərbaycan incəsənətinə və mədəniyyətinə layiqincə xidmət edəcəyini deyir. Biz də qəzetimiz adından onu təbrik edir, zirvəyə gedən yolda ona daha böyük uğurlar arzulayırıq.
   
   Mehparə 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar