Ötən illərin mahnıları
   
   
   Və ya 60-dan bahar istəyi ilə
   
   70-80-ci illər Azərbaycan estradasında maraqlı səslər, ifalar və yeni müğənnilər nəsli meydana gəlməyə başladı. Peşəkar estrada musiqisinə Avropasayaq populyar ifa maneraları, müxtəlif musiqi janrlarının sintezi və səhnəyə o dövr üçün yad Qərb manerasının gətirilməsi belə ifaçıların say sırasını da genişləndirdi.
   
   Həmin dövrün səhnə ulduzlarından biri də Rusiyada, keçmiş sovetlər ölkəsinin paytaxtı Moskvada populyarlaşan və ondan sonra vətənində kəşf edilən Sərxan Sərxan idi. O məhz qeyd edilən fərqlilikləri ilə özünü Rusiya səhnəsində, fərqli zövqlərin məkanında qısa müddətə qəbul etdirə bilmişdi. Uzun və dalğın saçı, zamanın dəbindən fərqli geyimi, bir növ səhnə atributuna çevirdiyi gitarası və səhnə cazibəsi - mavi gözləri, hündür boyu ilə çoxlarının sevimlisinə çevrilmişdi.
   Böyük Moskva səhnəsindəki bu populyarlığı sayəsində o, vətəninə dəvət olundu və həmin vaxtdan həm Rusiyanın, həm də Azərbaycanın müğənnisi kimi fəaliyyət göstərməyə başladı. Rusiyada yaşasa da, ömrünün 35 ilini sənətdə iki ölkənin səhnələrinə paylaşaraq keçirdi.
   Yaşı 60-ı haqlayan sənətkarla yenidən Bakıda görüşdük. Azərbaycanın Əməkdar artisti Sərxan Sərxanla ötən illərin gözəl xatirələrinə, keçmiş çağların unudulmaz anlarına qayıtdıq.
   
   60-lıq təəssüratlar
   
   «Sonuncu dəfə «Qaya» vokal kvartetinin 50 illik yubileyi ilə əlaqədar Bakıya gəldim, elə böyük səhnəyə son olaraq da burada çıxdım. İndi isə öz sənət yubileyimlə əlaqədar vətəndəyəm. Pərəstişkarlarımla, Sərxan Sərxan ifası üçün darıxan, gözəl xatirələr daşıyan insanlarla görüşmək istəyirəm. Əslində, mütəmadi konsertlər verirəm, Moskvada azı həftədə bir dəfə çıxış edirəm. Amma vətən, doğma insanlar, mehribanlıq saçan gözlər tam başqa bir nemətdir».
   İllər əvvəl gördüyüm və mübaliğəsiz, sadəcə dəyişmək istəməyən Sərxan Sərxanı elə həmin formada qarşıladım. Həmin boy-biçim, həmin səs, həmin saç düzümü və elə həmin simada. Deməli, o, yaşa meydan oxuyanlardan, onu təqvim kimi qeyd edənlərdəndir. Bunu özünə dedikdə məxsusi təbəssümlə reaksiya verərək hətta yaşını inkar da etdi: «60 yaş? Bu bir yubiley, illərə meydan oxumaqdan çox, həm də məsuliyyət məqamıdır. Mən isə özümü ağır yüklərdən qoruyuram, axı hələ cavanam. Ona görə də 60 illik yubileyimi elə də qabartmaq lazım deyil, qoy kim mənə hansı yaşı verirsə, onu da qeyd etsin. Bu, 35 illik sənət həyatımda bir hesabat təqvimidir. Başqaları mənim hansı yaşımı qeyd edir, bilmirəm. Amma mən peşəkar səhnədə fəaliyyətimin 35 illiyini bayram edirəm. Səhnəni ömrümün özəyi hesab etdiyimdən, deməli, elə 35 yaşındayam».
   
   Dəyişən meyarlar, sənətin qayğıları
   
   Bu rəqəm söhbəti ötən illərə, sənət və səhnədə dəyişən meyarlara bir körpü oldu. Bu məsələdə onun da öz fikri var. Çünki şou-biznesin əsl sənəti arxa plana keçirməsi ilə barışmayanlar sırasında o da var. Səhnəyə gəlişi ilə yeniliklərə imza atan və bunun peşəkarlığa söykəndiyi üçün qəbul olunduğunu deyən müğənniyə görə istənilən dəyişkənlik səviyyəli, peşəkar və əsaslı olduqda qalıcı olur: «İstənilən zamanlarda meyar dəyişkənliyi labüddür. Çünki insan təbiət etibarilə dəyişkənliyə meyllidir. Amma bunun özü də gözəl təqdim olunmalıdır. Zaman dəyişdi və onunla ayaqlaşmaq üçün sənətçilər də sənət meyarlarında dəyişiklik etdilər. Lakin mən bunu bacarmadım. Daha doğrusu, istəmədim. Çünki mən dəyişə bilmərəm. Nə olsun ki, zaman dəyişir mən özümü kiminsə istəyinə görə dəyişə bilmərəm axı. Həm də dəyişən zamanın içərisində hələ də dəyişməyən insanlar var ki, mən də onlara lazımam”.
   Müsahibim hazırkı Azərbaycan estrada musiqisinin vəziyyətinə münasibət bildirmədən də keçinmədi. Ona görə, hazırkı estrada ifaçılığı özünün bəlkə də ən çətin dönəmindədir: «O vaxt milli estradamızda Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu kimi korifeylər var idi. Onlar peşəkar, peşəkar olduqları qədər də istedadlı idilər. Məhz o bəstəkarlar zövqü də formalaşdırırdılar. Amma indikilərin çoxu nə not, nə də səs texnikasını bilirlər. Ona görə də bu məqamda peşəkarlığa az önəm verilir”.
   
   “Müğənnini yaşadan onun sadiq tamaşaçılarıdır”

   
   Söhbətin bu məqamında vətənə gec-gec gəlməsi, burada konsertlər verməməyi və efir-ekranda az görünməyinin səbəbini də soruşdum. Müğənninin fikrincə, ifaçının tez-tez efirə çıxması onun sənət fəaliyyəti üçün etalon sayılmamalıdır: «Hər Bakıya gəlişimdə telekanallardan dəvətlər alıram və bəzi proqramlarda iştirak edirəm. Efirə çıxdıqda tamaşaçı üçün mütləq nə isə yeni, maraqlı bir şey, ən azı yeni bir ifa təqdim etməlisən ki, onlar da sənin sənətini dəyərləndirə bilsinlər. Konsertlərə gəlincə, qeyd etməliyəm ki, xüsusən son illər bununla bağlı heç bir dəvət almamışam. Əgər olsaydı, böyük məmnuniyyətlə gələrdim. Çünki sevimli insanlarla, doğma şəhərdə sadiq tamaşaçılarla görüşmək mənim üçün hər zaman xoşdur.
   Vaxtilə Bakıda tez-tez çıxış edərdim və anşlaqla keçən bu konsertlərim uzun müddət müzakirə olunardı. Amma son illər bununla bağlı müəyyən fasilə yaranıb. Nə təklif gəlir, nə də mən təşəbbüs göstərirəm. Elə bilirəm ki, yeni nəslə lazım deyiləm, onların zövqlərinə cavab verə bilmərəm. Düzdür, mənim öz auditoriyam var və son illər - 2000, 2002 və 2010-cu ildə nisbətən kiçik zallarda təşkil olunan konsertlərimdə bunu bir daha hiss etdim. Zal tamaşaçı ilə dolu idi. Amma təbii ki, əksəriyyəti bizim nəslin nümayəndələri, ötən illərin nostalgiyasının soraqçıları idi. Əslində, istənilən müğənnini daim yaşadan onun sadiq tamaşaçılarıdır, bunu öz konsertlərimdə də hiss etdim. Deməli, yetişən nəsil məni tanımır. Bax bu məqam məni Bakıda iri konsert salonlarında çıxış etməkdən çəkindirir”.
   
   «Moskvada daha çox tanınır, Bakıda isə sevilirəm»

   
   Onun fikrincə, tanınmaq və sevilmək arasında böyük fərq var. Sevən səni hər məqamda bağrına basacaq, tanıyan isə daim hər hansı tələbdə olacaq, özünü təqdim etmə formalarını tez-tez gözdən keçirməni istəyəcək. Bu müqayisəni tez-tez etdiyini deyən müğənni vətəndə daha çox sevildiyini, Rusiyada isə tanındığını deyir: “Tanınmaq və sevilmək. Bunların arasında böyük fərq var. Məncə, Rusiyada daha çox tanınıram. Bunun çıxışlarımı izləməyə gələnlərin nəsil müxtəlifliyi və say çoxluğundan sezirəm. Amma Bakıda siz deyən o sevgini, səmimiyyəti daha çox hiss edirəm. Gözlərdəki məhəbbət, təbəssümlərdəki hərarət çox gözəldir. İnsanlar məni gördükləri an saxlayıb min ilin tanışı kimi qucaqlaşıb görüşəndə, xoş sözlər deyəndə vətəndə olduğundan sevinir və bunun tanınmaqdan çox sevgi əlaməti olduğunu anlayıram. Bax bu an təbii ki, məni çox xoşbəxt edir».
   
   Vətənə gəlmək olar, amma...
   
   «Buraya gəlmək, vətəndə yaşamaq xoşdur, səadətdir. Amma yaradıcılıq baxımından mən özümü orada tapmışam. Artıq formalaşmış auditoriyam, düzənim var. Tutaq ki, köçdüm Bakıya. Nə edəcəyəm? Toylara gedib, efirlərə çıxıb bütün yaradıcılığımı toy siyahılarımın böyüməyinə həsr edib, camaatı bezdirəcəyəm?! Yox, bu mümkün deyil. Çünki mənə görə müğənninin əsas yeri səhnədir, onun həyat qaynağı da oradır. Fərqi yoxdur, böyük və ya kiçik. Əsas odur ki, o səhnəyə çıxsın və tamaşaçı ilə ünsiyyətini orada etsin. Çünki səhnənin öz cazibəsi var. Mən bununla toya gedən müğənniləri qınamıram, sadəcə, mənə bu formada fəaliyyət yaddır. Digər tərəfdən, indi toylar da dəyişib, əvvəlki ahəngdə deyil. Ona görə də fəaliyyət, yaradıcılıq baxımından Rusiya mənim üçün daha əlverişlidir. Düzdür, orada da həftənin bir günü restoranda mədəni proqramla tamaşaçılar qarşısına çıxırıq. Amma bu da daimi deyil, mən paralel olaraq konsert salonlarında çıxışlar edir, musiqi albomları buraxıram. Son bir ayda iki diskim işıq üzü görüb. Biri tam yeni bəstələr, digəri ilə 80-ci illərdə buraxılan bir valın disk variantıdır».
   
   “Musiqi müəllimi”nin nostaljisi
   
   1983-cü ildə ekranlarda rejissor Tofiq İsmayılovun quruluşunda «Musiqi müəllimi» adlı maraqlı bir film göründü. Uzaq bir dağ kəndinə musiqi fənnini tədris edən gənc və yaraşıqlı müəllimin macəralarını əks etdirən ekran əsərinin qəhrəmanı Sərxan Sərxan idi. Bu maraqlı kino nümunəsi ilə aktyor kimi də özünü sınaqdan çıxaran müğənni vaxt keçdikcə ucqar dağ kəndində musiqi müəllimi işləyən o obraza qayıtmaq istəyir: «İnsan bəzən bütün qayğılardan, səs-küydən, böyük şəhərlərin dinamik yaşam tərzindən qaçıb ucqar bir kənddə - yaşıl çəmənlərin, başı qarlı dağların, ucsuz meşələrin, ən təbii musiqi ahəngli bulaqların qoynuna çəkilmək istəyir. Məncə, insan ruhunu təzələmək, mənən dincəlmək istədikdə mütləq təbiətlə təmasda olmalı, onu hiss etməlidir. Hərdən düşünürəm ki, o uşaqların içində başını itirən, musiqini onlara sevdirmək üçün əlindən gələni edən gənc müəllim necə də xoşbəxt idi»...
   
   Ötən illər və ruhumuzdakı əbədi məhəbbət çağırışı
   
   O, danışdıqca 70-80-ci illərin gitaralı, «stilyaqa» oğlanı, pərişan saçlı Sərxanı ilə indiki arasındakı fərqi də sezirdim. Bunu özündən də soruşdum. Çünki illər çöhrəmizə qalib gəlmədikdə ruhumuzu dəyişir. Fikrimə gülüşlə reaksiya verən müğənni əvvəlcə «İllər çöhrəmə toxuna bilməyib, icazə verməmişəm, çünki içimi, ruhumu həmişə saf, pak saxlamışam» desə də, «Əlbəttə, illər mənim də həyatımda öz izlərini buraxıb. Məsələn, indiki Sərxan daha təmkinli və ən əsası dözümlü olub», - deyə əlavə etdi.
   Onun bir çox məşhur mahnıları var. Amma kütləvi tamaşaçı Sərxan Sərxan deyərkən ilk olaraq «Ay gecikən məhəbbətim» mahnısını xatırlayır. Deməli, insanlar onu ya gecikən məhəbbətləri ilə xatırlayır, ya da onun gec gələn məhəbbətinə cavab axtarırlar. Ona görə isə məhəbbət heç vaxt gecikmir, o ruhumuzun ehtiyac içində çırpındığı, ürəyimizin sevmək istədiyi anda gəlir və ani olaraq gedir: “Sadəcə, onun gəlişini hiss etmək və ürəyində yuvasını qurmaq lazımdır. Belə olduqda nə biz onu illərlə axtardığımızı düşünməz, nə də ona çatmadığımıza görə ağlayıb-sızlamarıq”.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar