Cəlal Abdulla oğlu Mədətzadə əmək fəaliyyətinə 1961-ci ildə Astara Rayon Pionerlər Evində (indiki Uşaq Yaradıcılıq Mərkəzi) başlayıb, qarmon, nağara, rəqs dərnəyi, xor musiqi kollektivlərinin rəhbəri olub. 1963-cü ildən başlayaraq məktəblilərin respublika baxış-müsabiqələrində, olimpiadalarda, festivallarda uğurla iştirak edib.
   
   Bakıda oxuduğu illərdə (1967-1971) 1 saylı tibb texnikumunda, “Təranə” gənclik ansamblında, Orconikidze adına Suraxanı Mədəniyyət sarayında və Leytenant Smidt (indiki Səttarxan) adına zavodun rəqs ansamblında fəaliyyət göstərib. Keçmiş SSRİ-nin bir sıra şəhərlərində konsertlərdə iştirak edib.
   1974-cü ildə Bakıda məktəblilər arasında keçirilən olimpiadada Cəlal Mədətzadənin hazırladığı kollektiv II dərəcəli diploma layiq görülüb. 1979-cu ildə əsrin nəhəng tikintisi olan Baykal-Amur Magistralında - Ustkutda, Ulkanda, Tındada, Bratskda uğurlu çıxışlarına görə fəxri fərmanla təltif edilib. 1983-cü ildə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Azərbaycan Konsert Birliyində çalışıb, görkəmli sənətkarlarla konsertlərdə çıxışlar edib. 1984-cü ildə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin I dərəcəli diplomuna və medalına layiq görülüb. 1993-1995-ci illərdə rəhbərlik etdiyi “Sevinc” xalq çalğı alətləri ansamblı ilə Türkiyənin Ankara və İstanbul şəhərlərində “Dostluq və qardaşlıq” festivalında diplom və qiymətli hədiyyələrə layiq görülüb.
   Sənətçi respublikamızda keçirilən mahnı və rəqs bayramlarında, gənclər forumunda, el şənliklərinin iştirakçısı olub, müxtəlif dövlət tədbirlərində, o cümlədən 2003-cü ildə Prezident İlham Əliyevin andiçmə mərasimində konsert proqramında çıxış edib. 2001, 2004 və 2007-ci illərdə II, III, IV respublika baxış-müsabiqələrində II dərəcəli diploma layiq görülüb.
   Səhnə fəaliyyətində bir çox tanınmış sənətkarları - xalq artistləri Arif Babayev, Sara Qədimova, Canəli Əkbərov, Yaqub Məmmədov, Məmmədbağır Bağırzadə, əməkdar artistlərdən Sabir Mirzəyev, Süleyman Abdullayev, Baloğlan Əşrəfov və başqalarını müşayiət edib, aşıq Pənah Pənahov, Kamil Zülfüqarov, aşıq Valeh, aşıq Yədulla və digər ustad sənətkarlarla Astaranın kəndlərində el şənliklərində iştirak edib.
   Rayonda gənc istedadların aşkara çıxarılmasında, bacarıqlı ifaçı kimi yetişməsində Cəlal Mədətzadənin böyük zəhməti olub. 2002-2010-cu illərdə Astarada keçirilən uşaq muğam ifaçılarının respublika baxış-müsabiqəsində Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş muğam ifaçılarını onun rəhbərlik etdiyi “Sevinc” xalq çalğı alətləri ansamblı müşayiət edib.
   Sənətkar müxtəlif illərdə klub müdiri, Giləkəran kənd mədəniyyət evinin bədii rəhbəri, Kələdəhnə mədəniyyət evinin, rayon mədəniyyət və istirahət parkının direktoru, rəsm qalereyasında baş fond mühafizəçisi və tarix-diyarşünaslıq muzeyinin kiçik elmi işçisi, 20 ildən artıq Astara rayon uşaq musiqi məktəbində müəllim işləyib. Ömrünün təxminən 50 ilini sənətə, musiqiyə verib, dəfələrlə rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman şöbələrinin diplomlarına, fəxri fərmanlara layiq görülüb. 63 yaşlı sənətkar yenə də gənclik şövqü ilə musiqi sahəsində fəaliyyətini davam etdirir.
   
   Şahin Fərəməzov,
   Astara rayonu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar