Şəki Azərbaycan mədəniyyəti və incəsənətinə Ələsgər Abdullayev, Əlövsət Sadıqov, Əhmədbəy Tahirov, Məhərrəm İsmayılov, Ələfsər Şəkili, Rəcəbalı Əliyev, Yunis Qarabağlı, Mürşüd Məmmədov kimi görkəmli ustad sənət adamları bəxş etmişdir. Onlardan biri də həyatını Azərbaycan incəsənətinin çiçəklənməsinə həsr edən el sənətkarı Həbibulla Cəfərovdur.
   
   Həbibulla Cəfərov 1902-ci ildə rayonun Kiçik Dəhnə kəndində anadan olmuşdur. Erkən çağlarından musiqiyə maraq göstərmişdir. Hələ yeniyetmə ikən qarğıdan düzəltdiyi tütəkdə ifa etdiyi musiqi parçaları onun gələcəkdə mahir sənətkar olacağından xəbər verirdi. Sonralar qoşa sümsüdə, qara zurnada ifa etdiyi havalar el şənliklərinin, toy-düyünlərin bəzəyi idi.
   Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dəvəti ilə Həbibulla Cəfərov Bakıda respublika əhəmiyyətli tədbirlərdə çıxış etmişdir. Onun həyatında unudulmaz hadisə 1938-ci ildə baş vermişdir. Belə ki, həmin il görkəmli rəqs ustası Əminə Dilbazi Şəkidə olmuş, Oxud kəndindən Alxasovlar ailə rəqs ansamblı ilə birlikdə məşğul olmuş və Həbibulla Cəfərovun rəhbərliyi ilə zurnaçılar dəstəsi Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak etmişdir. Kremlin Qurultaylar sarayında keçirilən yekun konsertində SSRİ-nin dövlət rəhbərləri iştirak etmişdir. Sənətkar 1945-ci ildə Moskvada keçirilən Qələbə bayramında ikinci dəfə çıxış etmişdir.
   1955-ci ilin martında bəstəkarlardan Soltan Hacıbəyov, Səid Rüstəmov və baletmeyster Əlibaba Abdullayev folklor nümunələri toplamaq məqsədilə Şəkiyə gəlmiş və Həbibulla Cəfərovun zurnaçılar ansamblının müşayiəti ilə “Şəki toyu” və “Zorxana” rəqsləri hazırlanmışdır. Həmin kollektiv 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti Ongünlüyündə uğurla çıxış etmişdir. Kollektiv 1967-ci ildə oktyabr inqilabının 50 illiyi münasibətilə Moskvada təşkil olunan bayram tədbirinin iştirakçısı olmuşdur.
   Görkəmli zurnaçılardan Əli Kərimov, Həsrət Hüseynov, İzzətalı Zülfüqarov, Manaf Məmmədov Həbibulla Cəfərovu özlərinin ustadı hesab etmişlər. Şəkidə Ələfsər Rəhimov, Rəcəbalı Əliyev, Ağasəf Musayev, Bünyat Kərimov, Əyyub Məmmədov, Baxşəli Abdurəhmanov, İlham İbrahimxəlilov, Xurşud İbrahimxəlilov və başqaları onun sənətindən daima ilham almışlar.
   O, dəfələrlə respublikanın bir çox şəhər və rayonlarında, qonşu Gürcüstanda, Dağıstanda qastrol səfərlərində olmuşdur. İfa etdiyi bir neçə rəqs ümumittifaq firmasında qrammofon valına yazılmışdır.
   Sənətkar “Əmək igidliyinə görə” medalı, Azərbaycan Ali Sovetinin fəxri fərmanı, digər diplom və fəxri fərmanlarla mükafatlandırılmışdır. O, uzun sürən xəstəlikdən sonra 1987-ci ildə, 85 yaşında vəfat etmişdir.
   Onun sənətini oğlanları Əşrəf, Əkrəm, nəvəsi Laçın bacarıqla mənimsəmişlər. Babasının sənətinin əsl davamçısı olan Laçın zurnada, balabanda və tütəkdə müxtəlif melodiyaları məharətlə ifa edir.
   1982-ci ildə sənətkarın anadan olmasının 80, 1992-ci ildə 90, 2002-ci ildə isə 100 illik yubileyləri qeyd olunmuşdur. Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Həbibulla Cəfərovun adı əbədiləşdirilərək, dünyaya göz açdığı Kiçik Dəhnə kənd klubuna onun adı verilmişdir.
   Həbibulla Cəfərovun anadan olmasının 110 illiyi də qədirbilən Şəki sakinləri tərəfindən qeyd edilir. Sənətkarın yubileyi münasibətilə Şəki şəhərində milli nəfəs alətləri bayramı təşkil olunub.
   
   Vaqif Kərimov,
   Şəki şəhər M.F.Axundzadə adına Mərkəzi mədəniyyət evinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar